Ermənistan parlamentinin spikeri Qarabağ ermənilərinin doğum yeri ilə bağlı tələblərini mübahisələndirib.
Ermənistan parlamentinin sədri Alen Simonyan Qarabağdan köçmüş ermənilərin pasportlarında doğum yeri bölməsində “Azərbaycan” əvəzinə “Artsax Respublikası” yazılması tələbinə istehzalı münasibət bildirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, Simonyan etiraz aksiyası zamanı jurnalistlərin suallarını cavablandırarkən sözügedən tələbin nə dərəcədə əsaslı olduğunu sorğulayıb. Jurnalist onun bu məsələdən xəbərdar olub-olmadığını soruşduqda, Simonyan həmin şəxslərin harada doğulduğunu və hansı qeydin onlar üçün məqbul sayıldığını dəqiqləşdirməyə çalışıb.
Etirazçılar Azərbaycanda deyil, “Artsax”da doğulduqlarını bildiriblər. Simonyan isə onların doğulduğu vaxt “Artsax”ın müstəqil dövlət kimi mövcud olub-olmadığını soruşub. Jurnalistin həmin şəxslərin orada yaşadıqlarını xatırlatmasına cavab olaraq o, özünün də Rusiya və Fransada yaşadığını, lakin bunun məsələnin mahiyyətini dəyişmədiyini deyib.
Pasportlarda “Artsax Respublikası” ifadəsinin qeyd olunması təklifinə münasibət bildirən Simonyan “Artsax Respublikası”nın özləri tərəfindən ləğv edildiyini söyləyib.
Simonyan, həmçinin dekabrın əvvəlində Azərbaycana səfər edəcəyini açıqlayıb. O, səfərin Bakıya deyil, ölkənin başqa şəhərinə planlaşdırıldığını bildirib.
“Ehtimal edirəm ki, ya Gəncəyə, ya da başqa bir şəhərə gedəcəyik, lakin Bakı olmayacaq”, – deyə Simonyan jurnalistlərə bildirib.


























