image-esasssbackend

Almaxanım: “Bilmirəm, niyə simam yadda qalır, adımın da sirri var…” – Müsahibə

image-reklam_sirab_01

Gənc müğənni Almaxanım Teleqraf.com-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik.

– Almaxanım, qısa zamanda populyarlıq qazandınız. Buna necə nail oldunuz?

– Deməzdim, qısa zamanda populyar oldum. Bu, tədricən baş verdi. Düzdür, düşünürəm ki, səhnəyə ilk addımlarımı atandan tamaşaçıların gözündə yaddaqalan sima oldum. Bunun nəyə bağlı olduğunu bilmirəm. Ya sima yaddaqalan ola bilər, ya ad, ya da mahnı, repertuar.

İlk çıxışlarımdan yadda qaldım. Sonra repertuarımı genişləndirərək, öz üzərimdə çalışaraq populyarlığımı artırdım. Yəni deməzdim, bir günə populyar oldum. Televiziyada 2014- cü ildən çıxış etməyə başlamışam. Artıq on ildir səhnədəyəm. Bu isə qısa müddət deyil.

– Mini libasların dəbdə olduğu bir vaxtda Almaxanım uzun ətəkli libasda, çox ciddi tərzdə səhnəyə çıxdı. Yaşıdlarınızın heyrətini hiss edirsiniz?

– Mən səhnəyə ilk dəfə çıxanda 13 yaşım vardı. Həmin vaxtda mini libas, ya da başqa bir geyim tərzi dəbdə ola bilərdi. Amma mən o geyimdə səhnəyə çıxa bilməzdim. Həm mənim xarakterimə, həm də repertuarıma uyğun deyildi.

Ona görə düşünürəm ki, mən yaşıma və oxuduğum ciddi musiqi janrına uyğun geyinmişəm.

– Yeniyetmə qızın ilk çıxış həyəcanı yəqin ki, unudulmazdır.

– İlk çıxışım 2014-cü ilin oktyabr ayında olub. Həmin gün məni karyeramda inkişafa aparan bir gün oldu. Əlbəttə, həyəcan var idi, amma tədricən o həyəcanı yox elədim.
Heydər Əliyev adına sarayda konsert verdim, orda belə mənim həyəcanım olmadı. Özüm-özümə sual verdim ki, niyə həyəcan keçirmirəm? Və başa düşdüm ki, həyəcan təcrübəylə bağlıdır. Çünki artıq səhnəyə alışırsan, tamaşaçını idarə edə, auditoriyanı ələ ala bilirsən.

– 13 yaşından oxuyursuz. Sizə elə gəlmir ki, sənət sizin uşaqlığınızı əlinizdən alıb?

– Qismən hə, qismən yox. Çünki musiqiyə o qədər həvəsli idim ki, körpəliyimi belə musiqiyə həsr etməyə hazır idim.

– Atanız tanınmış ədəbiyyatşünas-alim, şair Vüqar Əhməd çox müğənnilərlə işləyib, sözlərinə mahnılar bəstələnib. Hansı mahnılarını daha çox sevirsiz?

– Atam Vüqar Əhməd ən çox mərhum bəstəkar Nailə Mirməmmədli ilə mahnılar ərsəyə gətirib. Onunla işbirliyi xüsusilə uğurlu olub. Onların iş birliyindən 100- dən çox mahnı yaranıb.

Atam müğənnilərdən ən çox Brilliant Dadaşova ilə işləyib, Brilliant xanım atamın sözlərinə yazılmış 17 mahnı ifa edib. “Arzular” mahnısını daha çox sevirəm.
Daha sonra Elçin Cəlilovun ifasında Hikmət Mirməmmədlinin bəstələdiyi, atamın sözlərinə yazılmış “Yaşayıram el üçün” mahnısını çox bəyənirəm.

Atamın sözlərinə yazılmış mahnılar çoxdur. Elmira Rəhimovanın oxuduğu “Dinlə məni, sevgilim” mahnısı da gözəldir. Daha sonra Nadir Qafarzadə də o mahnıya yeni nəfəs verdi, o da gözəl alındı. Atamın sözlərinə yazılmış mahnılara tez- tez müraciət etməyə çalışıram.

– Almaxanım, bir çox müğənnilər adlarını səhnəyə daha uyumlu adla əvəz ediblər. Eşitdiyimə görə, müğənni Azərinin də əsl adı Anaxanım olub və sonradan dəyişib. Sizin belə bir fikriniz olubmu?

– Zatən, mənim populyarlığımda adımın çox önəmi olub. Çünki sıradan bir ad deyil, yaddaqalandır. Milyonda bir-iki nəfərdə ola bilər.

Mən səhnəyə addım atanda düşündüm ki, səsimdən, görünüşümdən başqa, adım mənə böyük uğur gətirəcək. Sanki səhnə adı kimi düşündüm mən bu adı. Ona görə də sırf öz adımla uğur qazandım.

Heç vaxt adımı dəyişmək fikrim olmayıb. Düşünürəm ki, mənə ən çox yaraşan ad da bu olardı. Allah rəhmət eləsin, atamın anasının adıdır, mən bu adı yaşadıram. Əsas odur, adam öz adına şərəf gətirsin.

– Müsahibələr zamanı suallara adətən çox qısa, düşünülmüş, diplomatik cavablar verirsiz. Bu problemdən yayınmaq cəhdi deyil ki?

– Bəli, suallara adətən qısa və lakonik cavab verirəm. Düşünürəm ki, bir tanınmış sima, sənət adamı televiziya tamaşaçısına nümunə olmalıdır. Bəzən mən baxıram, jurnalist müğənniyə sual verir, müğənni fikirləşmədən cavab verir və bu cavabların sonu yaxşı bitmir.

Cavablar elə verilir ki, sonda müğənni tənqid atəşinə tutulur. Ona görə suala cavab verəndə düşünüb cavab vermək lazımdır ki, sonra tənqid, qınaq olmasın.

– Dayınız müğənni İzzət Bağırovla indiyədək duet oxumamağınız çoxlarını düşündürür. Nə zamansa belə bir duet ola bilərmi?

– Belə fikir indiyə qədər formalaşmayıb bizdə. Amma niyə də olmasın. Gələcəkdə ola bilər.

– Sənət aləmində rəfiqəniz varmı?

– Hamı ilə yaxın münasibətim var. Xasiyyətim həlimdi, yola gedən adamam. Çətin xarakterim yoxdu. Dostluğu yaxşı bacarıram. Ona görə bir çox müğənnilərlə yaxşı münasibətimiz var.

– Adətən müğənnilər 40 yaşdan sonra imiclərində dəyişiklik edirlər. Siz 20 il sonrakı Almaxanımı necə təsəvvür edirsiz?

– Nəyəmsə oyam. İmicdə tədricən xırda dəyişikliklər ola bilər. Tamaşaçının qəbul edib, sevdiyi Almaxanıma toxuna bilmərəm. 40 yaşından sonra imic dəyişərək yadda qalmaqdansa, yeni mahnılar və maraqlı repertuarla gündəmə gəlmək olar.

– Sənətdə idol hesab etdiyiniz sənətkar varmı?

– Sevdiyim sənətkarlar çoxdu – burda da, ölkə hüdüdlarından kənarda da. Dünya müsiqisində Adeli çox sevirəm. Tərzini də çox bəyənirəm.

– Gənc yaşda ailə qurmusuz. Oxucularımıza maraqlıdır ki, Almaxanım səhnədə olduğu kimi, evdarlıqda da məharətlidirmi?

– Evdə olanda yemək hazırlayıram, vaxt olmayanda sifariş edirəm. İndi elə bir dövrə gəlib çatmışıq ki, hər şey əlçatandı. Gündə 2-3 saat yemək bişirməyə ehtiyac yoxdu.
– Həyat yoldaşınız mahnılarınıza qulaq asırmı, ən çox hansı mahnınızı bəyənir?
– Əvvəllər mahnılarım yayınlanmamışdan qabaq ilk dinləyicilərim valideynlərim olurdu. İndi mahnılarımın ilk dinləyicisi həyat yoldaşımdır, yanımda olduğu üçün. Məncə, “Sən olmasan“ı daha çox bəyənir.

Müəllif: Günel Natiq


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki