image-konsultasiya-alokaryera1920backend

“Alo Karyera” dəstək xidmətinə müraciət edən 547 nəfərə 1002 konsultasiya keçirilib

image-reklam_sirab_01

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin pandemiya dövründə peşəyönümü məsləhət xidmətlərinin hədəf qruplarına daha əlçatan olması üçün başlatdığı “Alo Karyera” dəstək xidmətinə 547 nəfər müraciət edib. Həmin şəxslərə müxtəlif mövzular üzrə 1002 konsultasiya keçirilib.

Təşkil olunan konsultasiyalar özünütanıma, əmək bazarının araşdırılması, karyera məqsədlərinin təyin olunması, iş axtarışı alətləri, CV və istək məktubunun hazırlanması, iş müsahibəsinə hazırlıq, peşə və ixtisas seçimləri mövzularını əhatə edib.

Müsahibəyə hazırlıqla bağlı keçirilən görüşlərin nəticəsi olaraq 30 nəfər işə qəbul prosesini uğurla keçib, 14 nəfər isə könüllü və təcrübə proqramlarına qəbul olmaq şansı qazanıb.

Müraciət edənlər arasında bakalavrlar, magistrlar, tam orta təhsilli şəxslər və doktorantlar, üstünlük təşkil edib.

Qeyd edək ki, “Alo Karyera” dəstək xidmətinin məqsədi işsiz və işaxtaran şəxslərə operativ şəkildə peşəyönümü məsləhət xidmətlərinin göstərilməsidir. Xidmətdən yararlanmaq üçün vətəndaşlar https://www.dma.gov.az/layiheler/alo-karyera linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Hər bir müraciət peşəyönümü məsləhətçiləri tərəfindən yoxlanıldıqdan sonra vətəndaşlarla əlaqə saxlanılır, görüş üçün vaxt təyin edilir və onlayn formada dəstək göstərilir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki