image-8281c1c5-a5f4-33a1-98fe-5f389c438410_850backend

Ansi Aqolli: “Qurban Qurbanov Azərbaycan futbolunun maestrosudur”

image-reklam_sirab_01

– Bu gün sabiq baş məşqçiniz Qurban Qurbanovun doğum günüdür. Təcrübəli mütəxəssisin 50 yaşı tamam olur. Onunla 9 il birlikdə çalışmısınız. Qurbanovu necə xarakterizə edərdiniz?

– Qurban Qurbanov haqqında danışmaq hər zaman xoşdur. Onu yalnız bir sözlə xarakterizə edərdim: Maestro! Qurbanov Azərbaycan futbolunun maestrosudur. O, ölkə futbolu üçün xeyli yaxşı iş görüb. Mentaliteti dəyişib, daha yaxşı oynamağın yollarını göstərib. Azərbaycan futboluna qazandırdığı uğurlara görə hamı ona minnətdar olmalıdır. Nəinki yanında çalışanlar, bunu görən digər insanlar da Qurbanova hörmət bəsləyir, onu sevirlər.

– Qurbanovun ən üstün keyfiyyəti hansıdır?

– Onun o qədər üstün cəhətləri var ki, saymaqla bitirmək olmaz. Amma mənə görə, ən yaxşı keyfiyyəti intizamlı olmasıdır. Futbolda ən önəmli amillərdən biri məhz budur. Qurbanovda isə bu keyfiyyət ən yüksək səviyyədədir. Bunun sayəsində “Qarabağ” illərdir uğurlu nəticələr qazanır. O, Azərbaycan futbolunu inkişaf etdirmək, dünyada müsbət imic formalaşdırmaq üçün xeyli güc sərf edir. Futbol – nizam-intizam deməkdir. Qurban Qurbanov haqqında səhərdən axşamadək danışmaq olar. Mən onun müsbət keyfiyyətlərindən sadəcə, bir neçəsini sadaladım. O, futboldan kənarda da böyük insandır. Həm peşəkar mütəxəssis, həm də nümunəvi şəxsiyyətdir.

-Yəqin ki, keçmiş baş məşqçinizlə bağlı maraqlı xatirəniz var…

– Əlbəttə. Səhv xatırlamıramsa, “Qarabağ”dakı karyeramın son illəri idi. Çox intensiv çalışırdım. Əzələ tonusunu saxlamaq üçün hər məşqdən öncə və sonra idman zalına gedirdim. Arada günorta yeməyi və bir az dincəlmək üçün bazaya baş çəkirdim. Məşqdən çıxıb fitnesə gedəndə görürdüm ki, Qurbanov artıq oradadır. Mənimlə 1 – 1,5 saat məşq edirdi. Bazaya gələndə orada olduğunu görürdüm. Bir dəqiqə boş dayanmırdı (gülür). Hətta mən axşam saatlarında bazanı tərk edəndə görürdüm ki, hələ də öz ofisində oturub işləyir. Adətən səhər saat 10:00-da bazaya daxil olur, saat 22:00-da isə oradan çıxırdı. Gündə ən azı 12 saat çalışırdı. Çox zəhmətkeş insandır, öz işinə hörmətlə yanaşır. Allahın ona bəxş etdiklərinə hər zaman şükür edir. Özünü inkişaf etdirmək üçün daha çox çalışır. Odur ki, “Qarabağ” ildən-ilə daha inamlı çıxış edir. Qurbanov hər kiçik detalın üzərində yorulmadan işləyir. Bunlar uğur qazanmaq üçün həlledici amillərdir və onun adını Azərbaycan futboluna qızıl hərflərlə yazır. Bir sözlə, Qurban Qurbanov elə Qurban Qurbanovdur.

– Qurbanova yubileyi münasibətilə nə arzu edərdiniz?
– Hocama və onun ailəsinə, ilk növbədə, möhkəm can sağlığı diləyirəm. İkincisi, Azərbaycan futbolunda uzun illər qalmasını arzulayıram. Çünki futbolunuzun Qurbanov kimi mütəxəssisə ehtiyacı var. Həmçinin, çoxlu uğur, çempionluq, avrokubokların qrup mərhələlərində oynamağı arzul edirəm. “Qarabağ” onsuz da hər il qruplarda çıxış edir. Çempionlar Liqasının qrupuna düşmək isə hamı üçün xüsusi hadisə idi.

– “Qarabağ” hazırda 52 xalla Premyer Liqada liderdir. Sabiq komandanız ən yaxın izləyicisi “Neftçi”ni 11 xal qabaqlayır və üstəlik, ehtiyatda daha bir oyunu var. Artıq çempionluğun taleyinin həll olunduğunu söyləmək olar?

– “Qarabağ” bu mövsüm ilk turlardan ölkə çempionatında dominantlıq edir. Komanda, hər zamankı kimi, ən yaxşı bacardığı işi görür. Növbəti çempionluq üçün əla şansları var. Düşünürəm ki, düzgün yoldadırlar. “Qarabağ” bu mövsüm daha inamlı və sabit oyun sərgiləyir. Halbuki ötən mövsüm heyəti dəyişdilər, bəzi yeni futbolçular alındı. Bu dəyişiklikdən sonra komandanı hazırlamaq, oyun üslubunu yeni transferlərə aşılamaq asan məsələ deyil. Amma Qurban Qurbanov bu dəfə də bacardı. Keçmiş komandama növbəti dəfə çempion olmağı arzulayıram.

– Artıq 2-ci ildir Azərbaycan milli komandasına sizin də yaxından tandığınız Canni De Byazi başçılıq edir. Lakin yığma italiyalı mütəxəssisin rəhbərliyi altında ən uğursuz dövrlərindən birini yaşayır. Sizcə, niyə De Byazi Albaniya millisindəki nailiyyətinin heç olmasa yarısını Azərbaycanda qazana bilmədi?

– Milli komandada uğur qazanmaq çətin missiyadır. De Byazi Albaniya yığmasında çalışarkən, futbolçularımızın əksəriyyəti ölkə xaricində çıxış edirdi. Belə demək mümkündürsə, futbolumuzun ən parlaq dövrü idi. Elə indi də bir çox oyunçumuz legioner həyatı yaşayır. Albaniyalıların bir hissəsi vaxtilə başqa ölkələrə miqrasiya etdiklərindən, orada da istedadlı futbolçularımız çıxış edir. Azərbaycanda isə vəziyyət fərqlidir. Futbolçuların əksəriyyəti yerli çempionatda oynayır. Ona görə də seçim imkanı aşağıdır. Düzdür, De Byazi daha yaxşı işlər görə, komanda formalaşdıra bilər. Amma yuxarıda qeyd etdiyim amil müasir futbolun əsas tələblərindən bəlkə də birincisidir. İnanıram ki, Azərbaycan futbolu gələcəkdə daha yaxşı yerlərdə olacaq.
image-5ed51a6f-308d-3ae0-8ea2-cf012db6e18c image-571ebb83-df73-3880-be0c-f53c79c986a0


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki