Antalya hava limanında həm təyyarə, həm də sərnişin sayı baxımından bütün zamanların rekordları qırılıb.
Turizm fəaliyyətinin davam etdiyi Antalyada hava nəqliyyatında da sıxlıq müşahidə olunur.
Antalya valisi Ersin Yazıcı sosial media hesabında şənbə günü hava limanında olan təyyarə və sərnişinlərin sayını paylaşıb.
Bu həftə hava limanında iki rekordun qırıldığını bildirən E.Yazıcı 127-si daxili, 1063-ü beynəlxalq xəttdə olmaqla 1190 təyyarənin enib havaya qalxdığını bildirib.
Gündə ən yüksək sərnişin sayına çatıldığını deyən Yazıcı 214 min 919 sərnişinə xidmət göstərildiyini, bunun 20 min 795-nin daxili xətt, 194 min 124-nün isə beynəlxalq xətlərdə olduğunu qeyd edib.