image-80backend

Azərbaycan ADB-ni enerji səmərəliliyi ilə bağlı layihələrdə iştiraka dəvət edib

image-reklam_sirab_01

“Azərbaycanın ev sahibliyi ilə keçirilən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatının (CAREC) 5-ci Enerji İnvestisiya Forumunda müzakirələrimiz yüksək məhsuldarlıqla keçdi. Enerji səmərəliliyinə nail olmaq üçün mümkün vasitələr, uyğun həllər nəzərdən keçirildi. Enerji səmərəliliyində nəzərəçarpacaq nəticələrə nail olmaq üçün bu prosesin yalnız energetika sektorunu deyil, digər sahələri də əhatə etməsinin vacibliyi vurğulandı. Hesab edirəm ki, hamı bu qənaətdədir ki, enerji səmərəliliyi hər kəsin məsələsidir. Hökumətlər qədər özəl sektor, cəmiyyət və fərdlər də bu prosesdə məsuliyyət daşıyır və birgə fəaliyyət, əməkdaşlıqla irəliləyişlərə nail ola, ümumi inkişafa töhfə verə bilərik”.

Vətəninfo.az xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev CAREC ölkələrinin enerji forumunda bildirib.

S.Vəliyev əlavə edib ki, enerji səmərəliliyi iqlim hədəflərinə çatmaq üçün tələb olunan əsas istiqamətlərdən biridir:

“Rəqəmsallaşma, enerji effektivliyinə malik texnologiyalardan, bərpa olunan enerjidən istifadə, davranış dəyişikliyi enerji səmərəliliyinin əhatə dairəsini və miqyasını genişləndirəcək vasitələr olduğundan Forumda bu xüsusda müzakirə və startaplar yadda qalan məqamlardan oldu. Beynəlxalq Enerji Agentliyinin proqnozlarından da göründüyü kimi, xüsusilə enerji səmərəliliyi siyasətinin rəqəmsal transformasiyası xalis sıfır karbon emissiyasına keçiddə mühüm rol oynayacaqdır. Belə ki, “Net Zero” adlı ssenaridə 2050-ci ildə qlobal enerji tələbatının bugünkündən, təxminən, 8 % az olacağı, bununla belə 2 milyard daha çox əhaliyə və iki dəfə böyük iqtisadiyyata kifayət edəcəyi iddia edilir. Bu baxımdan texnoloji yeniliklərin tətbiqi ilə enerji səmərəliliyi arasındakı əlaqəni ciddi nəzərə almalıyıq”.

Onun sözlərinə görə, enerji səmərəliliyi eyni zamanda yeni davranışlar tərzinin məhsuludur. Bu davranış dəyişimində önəmli rol isə gənc nəslə məxsusdur. Forumda məhz gənclərin innovativ ideyalarına yer verilməsi, məhsullarının nümayişi və qiymətləndirilməsi mütərəqqi və motivasiyaedici addım idi.

“Əlbəttə son nəticədə enerji səmərəliliyinin təminatı investisiya, maliyyə dəstəyindən asılıdır. Burada özəl sektorun, maliyyə institutlarının daha yaxından iştirakı və maraqlı tərəfi təmsil etmələri mühümdür. Bu gün bu toplantı regionda enerji səmərəliliyininin investiya aspektindən əhatəli dəyərləndirilməsinə, problemlərin və perspektivlərin müəyyənləşdirilməsinə fürsət yaratdı. Ümid edirik ki, bu Forumun nəticələri CAREC regonuna investisiya cəlbi ilə bağlı hədəfə bizi daha da yaxınlaşdıracaq. Asiya İnkişaf Bankı başda olmaqla digər maliyyə qurumları CAREC regionunda enerji səmərəliliyi ilə bağlı təşəbbüs və layihələrə öz dəstəklərini yeni bir səviyyədə davam etdirəcəklər.

Fürsətdən istifadə edərək, Azərbaycanla enerji sahəsində uzunmüddətli əməkdaşlığına, xüsusilə Böyükşor gölündə 100 kVt-a qədər gücə malik üzən günəş panelləri sisteminin tikintisinə dair pilot layihəyə və “Elektrik enerjisi tariflərinin müəyyənləşdirilməsi üzrə tarif metodologiyası”nın hazırlanmasına göstərdiyi texniki dəstəyə görə ADB-yə təşəkkür edirəm. Eyni zamanda, ADB-ni enerji səmərəliliyi ilə bağlı planlarımızda da tərəfdaş kimi görməkdən məmnun olacağımızı bildirirəm.

Yekunda bu toplantıda fəal iştiraklarına, Azərbaycanın regionda enerji səmərəlilyi ilə bağlı səylərini vurğuladıqlarına görə hər birinizə təşəkkür edirəm.
İnanırıq ki, CAREC-in “Ümümi Sərhədlər – Ümumi Həllər- Ümumi Enerji Gələcəyi” adlı inkişaf devizi altında əməkdaşlığımız və hədəflərimizə sadiqliyimiz regionun enerji səmərəlilyi üzrə nailiyyətlərinin qarantı olacaq”, – S. Vəliyev qeyd edib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki