image-1backend

Azərbaycan ərzaq təhlükəsizliyinə dair beynəlxalq forumda təmsil olunub

image-reklam_sirab_01

Azərbaycan Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş “Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin Ərzaq Təhlükəsizliyi və Dayanıqlı İnkişaf Məqsədləri” beynəlxalq forumunda təmsil olunub.

Vətəninfo.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, tədbirdə 32 ölkədən dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatların nümayəndələri, aqrar sahədə çalışan mütəxəssislər və ekspertlər iştirak edib. Özbəkistanın Baş naziri Abdulla Aripov, bu ölkənin kənd təsərrüfatı naziri İbroxim Abduraxmanov, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş Direktoru Qu Dongyunun da iştirak etdiyi forumda Azərbaycanı kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov təmsil edib.

Forumun məqsədi dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə müasir texnologiyalar əsasında dayanıqlı kənd təsərrüfatının qurulması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı məhsullarının ticarəti, iqlim dəyişikliyinə uyğunlaşma və logistika imkanlarını müzakirə etməkdir.

Tədbirin açılış mərasimində Özbəkistanın Baş naziri Abdulla Aripov, Avropa İttifaqının kənd təsərrüfatı üzrə komissarı Yanuş Voyçexovski və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun prezidenti Alvaro Larios, Özbəkistanın kənd təsərrüfatı naziri İbroxim Abduraxmanov çıxış edərək iqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri, ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqro-ərzaq sistemlərinin mövcud vəziyyəti və transformasiyası məsələlərinə toxunublar.

Tədbirdə çıxış edən E.Zeynalov bu gün Azərbaycanın regionda sürətlə inkişaf edən iqtisadiyyata malik ölkə olduğunu diqqətə çatdırıb. Nazir müavini bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi yolu ilə milli aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi əsas məqsədlərdəndir. Azərbaycanın qlobal çağırışlardan irəli gələn təşəbbüslərə böyük həvəslə qoşulduğunu deyən nazir müavini beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlığın davam etdiyini vurğulayıb. Aqrar sahədə rəqəmsal və innovasiyaya keçidi zəruri sayan Elçin Zeynalov əlavə edib ki, rəqəmsal texnologiyalar iqtisadiyyatın inkişafına təsir göstərir, kənd təsərrüfatı və ərzaq bazarlarını yenidən formalaşdırır: “Məhdud resurslardan səmərəli istifadə etmək üçün kənd təsərrüfatının hər bir sektorunda rəqəmsallaşma tələb olunur. Bu dəyişiklik həm də bizi iqlim dəyişikliyi riskinin azaldılmasına və uyğunlaşmasına aparacaq. Azərbaycan da öz növbəsində ölkənin kənd təsərrüfatının müasir və rəqəmsal kənd təsərrüfatına çevrilməsi prosesindədir. Biz həmçinin kənd yerlərini inkişaf etdirmək və onları dəyər zəncirinə inteqrasiya etmək üçün rəqəmsal texnologiyalardan yararlanırıq. Avrasiya regionunda mühüm tranzit və logistika mərkəzi olan Azərbaycanda həyata keçirilən layihələr “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri arasında mühüm ticarət körpüsü rolunu oynayır. Bu dəhlizlər ticarət əlaqələrimizin inkişafına böyük fayda verə bilər”.

Daha sonra forum çərçivəsində müxtəlif mövzularda panel sessiyalar keçirilib. Panel sessiyalarda ərzaq məhsullarının ticarəti, investisiya layihələrinin həyata keçirilməsi, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin aqrar-sənaye sistemində davamlı islahatlar və digər mövzularda fikir mübadiləsi aparılıb. Tədbir çərçivəsində kənd təsərrüfatı sahəsində investisiya forumu da təşkil olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image