image-6919cedd-d91a-48cf-9221-d3db9f87119bbackend

Azərbaycan etibarlı tranzit ölkəsi olduğunu təsdiqləyir

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  yanvarın 17-də Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfərə gəlib. Builki forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak edir. Bu da forumun beynəlxalq aləmdə bu toplantının nüfuzunun göstəricisidir.

Forum çərçivəsində ölkə başçısı bir sıra ölkələrin prezidentləri, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparıb, Çinin CGTN (China Global Television Network) televiziya kanalına geniş məzmunlu müsahibə verib və həm də yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edərək iclasın moderatorunun suallarını cavablandırıb.

Qeyd olunmalıdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı, Forum çərçivəsində keçirdiyi görüşlər kifayət qədər uğurludur. Davos Forumu Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır. Forumun proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektoru tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır. Budəfəki forumda müdafiə tədbirlərini proaktiv, uzaqgörən siyasətlərə və biznes strategiyalarına çevirmək yollarının tapılması diqqət mərkəzindədir. Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir.

Panel iclasındakı çıxışında Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq.

Böyük tranzit imkanları olan ölkə kimi Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yaxın gələcəkdə yükaşırma qabiliyyəti 15 milyon ton olan Ələt Dəniz limanı 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Bununla əlaqədar hazırda Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunur. Bu ildən etibarən neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlanılıb.

Prezident İlham Əliyev bildirib ki,  “Vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır”.

Qeyd edilib ki, bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır. Bu səbəbdən Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi üzərində ciddi iş gedir. Xüsusilə nəqliyyat sahəsinin genişlənməsi ölkənin ixrac imkanlarını şaxələndirməyə imkan verəcəkdir. Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaqdır. Prezident xüsusi olaraq vurğulayıb ki,  ölkədə biznes mühitinin təkmilləşdirilməsi uğurun əsas amillərindən biridir və bu istiqamətdə ciddi işlər aparılır. Bu gün Azərbaycan Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malikdir.

2021-ci ildə Azərbaycanın Avropa bazarına təbii qaz ixracı təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaqdır. Ümumi həcm isə 24 milyard kubmetrdir. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda bizim 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağı nəzərdə tutulur.

Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaqdır. Bunun üçün Avropada daha çox interkonnektorlar olmalıdır. Onlardan biri – Yunanıstan-Bolqarıstan interkonnektoru keçən ilin sonlarında açılmışdır. Bu, bizə Bolqarıstana və bu ildən etibarən Rumıniyaya təbii qazı təchiz etməyə başlamaq imkanını verdi.

Bu gün Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün Azərbaycan gərgin çalışır. TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməliyik. Bununla bağlı əlavə maliyyələşmə tələb olunacaq və ölkəmiz buna hazırdır. Həmçinin Azərbaycanda yaşıl enerji ilə bağlı potensial çox böyükdür. Xəzər dənizinin külək potensialı 157 qiqavat, qurudakı potensial 27 qiqavatdır. Eyni zamanda, iki il bundan əvvəl aparılmış Vətən müharibəsində işğaldan azad etdiyimiz ərazilərdə 10 qiqavat potensial mövcuddur. Ölkənin ümumu potensialı isə 200 qiqavata yaxındır.

Keçən ilin dekabrında Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə müqavilə imzalanıb. Bu xəttin gücü 4 qiqavatdır. Hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır. “Masdar”la imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. “Fortescue FutureIndustries”lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq. Bu istiqamətdə işlər davam edir və ölkəmiz üçün yeni perspektivlər açılır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü 

image-e65c71f2-1b3f-440c-93d2-f6441349ec8e

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki