Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin sonuna qədər Ermənistanın yeni konstitusiyasının layihəsini dərc edəcəyinə söz verib.
Ermənistanın Baş naziri bunu jurnalistlərə açıqlayıb.
“Konkret bir müddət deməyəcəyəm, amma ilin sonuna qədər dərc edəcəyik”, – deyə Paşinyan bildirib. O, həmçinin qeyd edib ki, layihə əvvəllər parlament seçkiləri keçirildiyi üçün dərc olunmayıb və sənədlə bağlı müzakirələrin düzgün aparılması üçün Ermənistanın yeni konstitusiyasının layihəsinin dərcinin təxirə salınması qərarı verilib.
Xatırladaq ki, Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bu il martın 16-da yeni Konstitusiya layihəsinin mətninin tam hazır olduğunu demişdi. Daha sonra bu ilin iyun ayında Qalyan: “Ermənistanın yeni Konstitusiya layihəsinin mətni hələ dərc olunmağa hazır deyil. Həmkarlarımızın fikirlərini gözləyirik və bu fikirləri toplamaq və birləşdirmək üçün bir neçə həftə çəkəcək.” demişdi.
Onu da qeyd edək ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə deyib ki: “Bizim gözləntimiz Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Bundan sonra Sülh sazişi imzalana bilər”.


























