image-nurullayeva-zenfira-islam-qizibackend

 Azərbaycan gəncinin Vətənə və xalqa sədaqəti

image-reklam_sirab_01

 

Gənclər azərbaycançılıq ideologiyası çərçivəsində formalaşaraq, dövlətin qarşısında öz vəzifələrini yerinə yetirmək üçün çalışırlar

Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra gənc kadrların formalaşması mühim əhəmiyyət kəsb edirdi. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə yenidən gəldikdən sonra, gənclərin dövlət strukturlarında işləməsi prioritet oldu. Dövlətin gələcəyini gənclərdə görməsi, gənc kadrların potensialından istifadə edilməsi əsas məqsəd idi. Bu baxımdan təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirildi. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir. Bu dövrdə gənclərlə bağlı struktur olaraq Azərbaycan dövlətində indiki Gənclər və İdman Nazirliyi yaradıldı. Bu idarənin formalaşması gənclərin dövlət idarəçiliyindəki yerini təsdiqlədi.

Heydər Əliyev hakimiyyətinin əsas nailiyyətlərindən biri 2 fevralın Gənclər Günü kimi elan olunması oldu. Bu gün gənclərin ictimai fəallığını artırdı, cəmiyyətdə gənclərin aktivliyini nümayiş etdirdi. Gənclər bu günün qeyd olunmasını özünə inam və gələcək fəaliyyətə stimul kimi dəyərləndirdilər.

Heydər Əliyev, Azərbaycanın müstəqil dövlətinin qurucularından biri olaraq, gənclərə böyük inam və etimad göstərmişdir. O, gənclərin ölkənin gələcəyinin formalaşmasında əsas rol oynadığını vurğulayırdı. Ulu öndər gənclərin müasir biliklərə yiyələnməsini, innovativ düşüncə tərzini inkişaf etdirməsini və cəmiyyətin aktiv iştirakçıları olmasını təşviq edirdi. “Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır”, – deyə Ulu Öndər Heydər Əliyev gənclərə olan inamını belə ifadə etmişdir.

Gənclərin inkişafı üçün müxtəlif proqramlar və layihələr həyata keçirilib, bu da onların peşəkar və şəxsi inkişaflarına müsbət təsir göstərib. Heydər Əliyev gənclərin təhsili, mədəniyyəti və sosial fəaliyyəti sahələrində dəstəklənməsini vacib hesab edirdi. Bu yanaşma, gənclər arasında vətənpərvərlik hissinin güclənməsinə və Azərbaycanın inkişafında fəal iştirak etmələrinə imkan yaradırdı.

Heydər Əliyevin gənclərə olan etimadı, onların potensialını dəyərləndirməsi və liderlik qabiliyyətlərini inkişaf etdirmək üçün yaradılan mühit, müasir Azərbaycan gəncliyinin formalaşmasında əhəmiyyətli rol oynamışdır.

Ümummilli liderin dövründə keçirilən forumlar gənclərin milli birliyini gücləndirdi. Gənclər bu forumlarda gələcək fəaliyyətlərini, xüsusən müxtəlif sahələrdəki töhfələrini müzakirə edirdilər.  Ulu Öndər Heydər Əliyev gənclərlə bağlı mühüm qanunverici təşəbbüs irəli sürmüşdür. Ulu Öndər 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradılmışdır. Fərmanla Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmiş, Gənclər və İdman Nazirliyinin nəzdində Gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradılmışdır.

Gənclərin təhsili və dövlətin bütün strukturlarında iştirakları mühüm əhəmiyyət daşıyırdı. Artan bu fəaliyyətlər dövlətin gənclərə olan diqqətinin bariz nümunəsi idi. Gənclər, dövlətin qayğısını hiss edərək, özlərinin də dövlətçilik məsuliyyətini üzərinə götürdülər. Hər bir gənc yalnız fərdi yox, milli məsuliyyət daşıdığını başa düşdü. Gənclər, eyni zamanda, azərbaycançılıq ideologiyası çərçivəsində formalaşaraq, dövlətin qarşısında öz vəzifələrini yerinə yetirmək üçün çalışdılar. Bu yolla, gənclər Azərbaycan naminə mübarizə aparmağı, sosial məsuliyyətlərini yerinə yetirməyi hədəflədilər.

Azərbaycan gənclərinin dövlətə, vətənə nə qədər, nə dərəcədə sadəqətli olduğunu biz 44 günlük Vətən müharibəsində bir daha gördük. Əlbəttə ki, bu, 20 ilə yaxın müddətdə Prezident İlham Əliyev tərəfindən gənclər sahəsində həyata keçirilən işlərin nəticəsi olaraq qiymətləndirilməlidir. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.

Prezident İlham Əliyev də Heydər Əliyev siyasətini davam edirək, hər zaman gənclərlə əlaqəlı bütün işlərə öz dəstəyini vermiş, gənclər siyasətini prioritet olaraq qəbul etmişdir. Ölkə başçı tərəfindən gənclərin rifahına xidmət edən bir sıra Dövlət Proqramları təsdiq edilmişdir. Və praktik olaraq həyatda biz bu Dövlət Proqramlarının effektiv nəticəsini müşahidə etmişik.

Gənc kadrların önə çəkilməsi də aparılan fəaliyyətlərdə əsas prioritetlərdən biridir. Bu, yalnız mərkəzi, həm də regional strukturlarda gənclərin rolunu artırır. Eyni zamanda, gənc xanımların müxtəlif vəzifələrdə iştirakını da müşahidə etmişik. Qadınlar aktivliyi də cəmiyyətin inkişafına müsbət təsir göstərir.

Milli gənclər siyasətimizin konsepsiyası da ondan ibarətdir ki, yeni formalaşan gənclərin, maksimum səviyyədə millətçi, dövlətçi, öz milli-mənəvi dəyərlərinə bağlı, Azərbaycanın milli və dövlət maraqlarını hər şeyin fövqündə düşünən bir gənc kimi yetişməsinə nail olaq. Bu, cəmiyyətin sosial-iqtisadi, elmi-mədəni, ictimai-siyasi bütün sferalarını əhatə edir. Azərbaycan gənci öz dövlətinə, xalqına, adət-ənənəsinə, ən əsası da azərbaycançılıq ideologiyasına sadiqdir. Məhz buna görədir ki, gənclərimizdə milli hislər daha qabarıqdır.

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image