image-photo_11747backend

Azərbaycan-İran iki tərəfli siyasi münasibətlər

image-reklam_sirab_01

İran Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb. Diplomatik münasibətlər 12 mart 1992-ci ildə yaradılıb. Diplomatik münasibətlər yaradılmamışdan əvvəl də tərəflər bir – birlərinə yüksək səviyyədə maraq göstərib. 1990-cı ildə İran İslam Respublikasının prezidenti Haşimi Rəfsəncani, 1991-ci ilin dekabrında isə xarici işlər naziri Əli Əkbər Vilayəti Azərbaycanda səfərdə olublar. Vilayətinin səfəri əsasən İranın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində vasitəçiliyi ilə əlaqədar olub. Bu vasitəçilik Ermənistanın işğalçılıq hərəkətlərinə görə səmərəli alınmayıb. 8 may 1992-ci ildə Azərbaycan rəhbərliyi Tehranda Ermənistan tərəfi ilə danışıqlar aparan zaman erməni hərbi birləşmələri Şuşa şəhərini işğal edib. 1992-ci ildə Azərbaycanda Xalq Cəbhəsi hərəkatının hakimiyyətə gəlməsindən sonra Azərbaycan–İran münasibətlərində fərqli mərhələ başlayıb. Bu dövr (1992-1993) tərəflər arasında gərginlik mərhələsi hesab olunur. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra İranla qonşuluq və əməkdaşlıq siyasəti yeridilib və kifayət qədər gərgin münasibətlər normallaşmağa və inkişaf etməyə başlayıb. Heydər Əliyev hələ fəaliyyətinin Naxçıvan dövründə (1990-1993) İran rəhbərliyi ilə əlaqələr yaradıb. O, Ermənistanın blokadada saxladığı Naxçıvanın ehtiyaclarını təmin etmək məqsədilə İrana səfərə gedərək ölkə rəhbərliyi ilə müvafiq müzakirələr aparıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olaraq 1992-ci ilin avqustunda İrana səfəri zamanı Heydər Əliyev İranın dini rəhbəri Seyid Əli Xamenei, prezidenti Rəfsəncani, xarici işlər naziri Əli Əkbər Vilayəti ilə danışıqlar aparıb. Həmin səfərdə İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasına müxtəlif sahələrdə yardımı, tərəflərin əməkdaşlığını nəzərdə tutan sazişlər imzalanıb. İran İslam Respublikasının Prezidenti Haşimi Rəfsəncani 26-28 oktyabr 1993-cü ildə Azərbaycanda səfərdə olub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İran İslam Respublikasının prezidenti Əli Əkbər Haşimi-Rəfsəncani ilə görüşdə bildirib: “Biz belə fikirdəyik ki, son dövrdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında olan əlaqələrdə müəyyən soyuqluq yaradılmışdı. Bunların aradan götürülməsi üçün biz son vaxtlar, sizə məlumdur ki, lazımi tədbirlər görmüşük. Bundan sonra da bu tədbirləri görmək fikrindəyik”. Səfər zamanı iki ölkə arasında dostluq, əməkdaşlıq, iqtisadi, elmi, mədəni tərəfdaşlıq haqqında müqavilələr imzalanıb.Haşimi Rəfsəncani Bakıda olan zaman Ermənistan qoşunları Azərbaycanın İranla həmsərhəd Zəngilan rayonunu işğal edib. Təcavüz nəticəsində rayonu tərk edən əhali İranın köməyi ilə Araz çayını keçərək bu ölkənin ərazisindən Azərbaycana gəlib.29 iyun – 2 iyul 1994-cü ildə İrana cavab səfəri zamanı Azərbaycan Prezidenti Heydər Əliyev Haşimi Rəfsəncani ilə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı müzakirələr aparıb. Həmin səfər nəticəsində Azərbaycan-İran arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan növbəti müqavilələr bağlanıb. Prezident Heydər Əliyev Haşimi Rəfsəncani ilə söhbətində İran İslam Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mövqeyi məsələsinin aydınlaşdırılmasını, bunun tərəflər arasında qəbul ediləcək bəyanatda göstərilməsini istəyib. Xarici işlər naziri Vilayəti ilə danışıqlardan sonra Ermənistanın təcavüzünü ittiham edən bəyanat imzalanıb. 1995-ci ilin dekabrında Azərbaycana səfər edən İran xarici işlər nazirinin müavini özü ilə birlikdə İranın Ermənistandan aldığı bir neçə azərbaycanlı əsiri də gətirib. O, Haşimi Rəfsəncaninin Məşhəd-Sərəxs-Təcən dəmir yolunun açılışında iştirak üçün dəvət məktubunu Azərbaycan Prezidenti Heydər Əliyevə təqdim edib. 1996-cı lilin mayında Heydər Əliyev Məşhəd-Sərəxs-Təcən dəmir yolunun açılışında iştirak üçün İrana səfər edib. Heydər Əliyev Məşhəd hava limanında İran Milli Televiziyasının müxbirinə müsahibə verib.

Bu səfər zamanı İran – Azərbaycan arasında iqtisadi sahədə razılaşmalar əldə edilib. Prezident Heydər Əliyevlə görüşündə Prezident Haşimi Rəfsəncani İranın azərbaycanlı qaçqın və məcburi köçkünlərə yardım göstərməyə davam edəcəyini deyib. Heydər Əliyev 1997-ci ildə Azərbaycan tərəfi İranla neft istismarı sahəsində əməkdaşlıq niyyətinin göstəricisi olaraq bu ölkənin neft şirkətini “Şahdəniz” yatağının istismarını nəzərdə tutan müqavilədə iştiraka dəvət edib. 1997-ci ilin dekabrında İslam Konfransı Təşkilatının Tehranda keçirilən dövlət və hökumət başçılarının zirvə görüşündə iştirak etmək üçün İrana səfər edən Heydər Əliyev İranın ali dini rəhbəri Ayətullah Seyid Əli Xamneyi ilə görüşərkən bildirib: “Azərbaycanlı qaçqınlara etdiyi humanitar yardıma görə İran İslam Respublikasının rəhbərliyinə minnətdarlığımı bildirməklə, eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasında qeyri-konstruktiv mövqeyindən əl çəkməyən Ermənistana bir çox dövlətlərin siyasi və iqtisadi dəstək verməsindən təəssüfləndiyimi bildirirəm”.İranın o zaman yeni seçilmiş prezidenti Məhəmməd Xatəmi ilə görüşən Heydər Əliyev Azərbaycanın İranla istər ikitərəfli, istərsə də İKT çərçivəsində əməkdaşlığı inkişaf etdirəcəyini bildirib. İKT-nin Məhəmməd Xatəminin sədrlik etdiyi Tehran konfransında Ermənistanın Azərbaycana təcavüzünü açıq ittiham edən qətnamə qəbul olunub.Prezident Heydər Əliyevin 2002-ci ilin mayında İrana növbəti səfəri olub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəmi təkbətək görüşdən əvvəl jurnalistlərin suallarına cavablandırıblar.Səfərdə əsas müzakirə obyekti olan Xəzərin statusu ilə bağlı konkret razılıq əldə olunmasa da, Heydər Əliyev bu səfəri dost ölkəyə səfər kimi qiymətləndirilib. 2003-cü ilin aprelində Prezident Heydər Əliyev Azərbaycana səfərə gələn İranın xarici işlər naziri Kamal Xərrazini qəbul edib. Prezident Heydər Əliyev İrana son səfərini qarşılıqlı münasibətlərdə dönüş nöqtəsi hesab etdiyini bildirib və tərəflər arasında daha sıx iqtisadi əlaqələrə tərəfdar olduğunu deyib.2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev İranla dostluq və əməkdaşlıq siyasətini davam etdirib. 2004-cü ilin avqustunda İran prezidenti Məhəmməd Xatəmi Azərbaycana səfərə gəlib. O, bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar İranın Azərbaycanı müdafiə etdiyini bildirən bəyanat verib. Xatəminin səfəri zamanı müxtəlif sahələrdə əməkdaşlıq müqavilələrinin bağlanması ilə yanaşı, Azərbaycan Respublikasının İranın Təbriz şəhərində Baş Konsulluğunun açılması məsələsi də həll edilib.
2005-ci ilin yanvarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrana səfər edib. Səfər zamanı tərəflər arasında sərhəd, maliyyə, mədəniyyət, hidroenergetika və s. sahələrdə əməkdaşlığı nəzərdə tutan müqavilələr bağlanıb. 2005-ci ilin dekabrında İran prezidenti Mahmud Əhmədinejad İrandan Naxçıvana çəkilmiş qaz kəmərinin açılışında iştirak etmək üçün muxtar respublikaya gəlib. Burada Əhmədinejad və prezident İlham Əliyev tərəfindən enerji əməkdaşlığına dair bəyannamə imzalanıb. Daha sonra onlar 2006-cı ilin iyununda İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən zirvə toplantısında görüşüblər. Bu görüşlərdə hər iki prezident iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bəyan ediblər.
Prezident İlham Əliyev 2005-ci ilin sonu və 2006-cı il ərzində beynəlxalq miqyasda kəskinləşən nüvə enerjisi məsələsi ilə bağlı müsahibələrində İrana qarşı sanksiya tətbiq edilməsinin əleyhinə çıxdığını bildirib. O, Azərbaycan ərazisindən heç bir dövlətə qarşı istifadəyə yol verilməyəcəyini bildirib. İlham Əliyev bu məsələnin danışıqlar və qarşılıqlı razılıq əsasında həllinə tərəfdar olduğunu söyləyib.
Azərbaycan Turizm Və Menecment Üniversiteti
Şamilli Ziya


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki