Bu gün Milli Məclisin REAL partiyasından olan deputatı Erkin Qədirli cari ilin payız aylarında konstitusiyanın dəyişdirilməsi üçün referendum keçiriləcəyini bildirib. O, referendum zamanı nələrin dəyişdirilə biləcəyinə dair gözləntilərini sosial şəbəkə istifadəçiləri ilə bölüşüb.
Sözügedən paylaşımı müzakirələrə səbəb olan Erkin Qədirli Azərbaycanda deputatların sayının artırılacağını, qarışıq seçki sisteminə keçid ediləcəyini, ikipalatalı parlament yaradılacağını, habelə icra hakimiyyəti sturukturlarının və Nazirlər Kabinetinin ləğv ediləcəyini iddia edib. Onun fikirləri birmənalı qarşılanmasa da, ölkəmizdə referendumun keçirilməsini dəstəkləyənlərin az olmadığı bəllidir.
Doğrudur, bundan öncə də Azərbaycanda referendum keçiriləcəyi müxtəlif siyasətçilər və politoloqlar tərəfindən gündəmə gətirilib. Belə bir təklifin irəli sürülməsi ölkəmizdə referendum praktikasının olması ilə əlaqələndirilir. Yaxın tarixə nəzər salsaq görərik ki, ölkəmizdə 1995-ci ildən bəri hər 7 ildən bir referendum keçirilib. Məsələn, 1995-ci ildə baş tutan referendumda yeni Konstitusiya qəbul edilib, 2002, 2009 və 2016-cı illərdə təşkil olunan referendumlarda Konstitusiyaya bir sıra dəyişikliklər edilib. Təbii ki, qeyd olunan 7 il praktikasının heç hüquqi əsası və zərurəti yoxdur.
Modern.az müzakirələr fonunda oxucuların marağını nəzərə alaraq Erkin Qədirlinin yazısında qeyd olunan gözləntiləri izah edir.
Deputatların sayının artırılması
1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyasına görə, Milli Məclisdə 125 deputat təmsil olunur. Bəzi ekspertlər və siyasətçilər bildirir ki, 1995-ci ildən bu yana ölkə əhalisi 2 milyon nəfərdən çox artıb, ancaq əhalinin parlamentdə təmsilçilik nisbəti dəyişməyib. Əgər 1995-ci ildə parlamentin 1 deputatı 61 nəfəri təmsil edirdisə, bu gün 1 deputat 81 nəfəri təmsil edir. Buna görə, zaman-zaman bəzi siyasətçilər parlamentin deputatlarının sayının artırılmasını təklif ediblər.
Qarışıq seçki sisteminə keçid
Azərbaycan Konstitusiyasında dəyişməsi gözlənilən məsələlərdən biri də qarışıq seçki sisteminə keçiddir. Parlament seçkilərində qarışıq seçki sistemi 2002-ci ilə qədər mövcud olub. 1995 və 2000-ci illərdə keçirilən seçkilərdə parlamentin 20%-i (25 deputat) proporsional, 80%-i isə majoritar qaydada seçilib.
Məlumat üçün bildirək ki, proporsional seçki sistemində seçicilər birbaşa namizədlərə deyil, partiyalara səs verir. Partiyalar qazandıqları səslərə görə parlamentdə mandat qazanır. Majoritar seçki sistemində isə seçicilər birbaşa namizədə səs verir və ən çox səs toplayan namizəd deputat seçilir.
Hər iki sistemin özünəməxsus üstünlükləri və çatışmazlıqları var. Proporsional seçki sistemi siyasi partiyaların güclənməsinə və plüralizmin inkişafına təkan verir, majoritar sistemdə isə xalqla deputat arasında birbaşa əlaqə olur və deputat xalqın qarşısında məsuliyyət daşıyır. Türkiyə daxil olmaqla bir çox Avropa ölkəsi tam proporsional, Böyük Britaniya, Azərbaycan, İran kimi ölkələr majoritar, Almaniya, Gürcüstan kimi ölkələr isə qarışıq seçki sistemindən istifadə edir.
İkipalatalı parlament
Bəzi ölkələrin qanunverici orqanları yuxarı və aşağı olmaqla iki palatadan ibarət olur. Parlamentin palataları tərkibinə, formalaşma qaydasına, səlahiyyətlərinə görə fərqlənir. Adətən qanunlar əvvəlcə aşağı palata tərəfindən qəbul edilir, sonra təsdiq üçün yuxarı palataya təqdim olunur. Yuxarı palata üzvlərinin adətən qanun layihəsinə dəyişiklik etmək hüququ yoxdur, onların vəzifəsi qanunu qəbul və ya rədd etməkdir. Praktikada bu qayda aşağı palatanın daha güclü olmasına səbəb olur, çünki hər bir qanun layihəsinin formalaşması məhz aşağı palatada baş verir. Bundan əlavə, hökumət adətən aşağı palataya hesabat verir.
ABŞ-da Senat və ABŞ Nümayəndələr Palatası, Böyük Britaniyada İcmalar Palatası və Lordlar Palatası, Rusiyada Dövlət Duması və Federasiya Şurası, Almaniyada Bundestaq və Bundesrat adlı ikipalatlı parlament mövcuddur.
İcra hakimiyyətlərinin ləğvi
Azad edilən ərazilərdə prezidentin xüsusi nümayəndəlik institutunun yaradılmasından sonra Azərbaycanda icra hakimiyyətlərinin ləğv edilməsi məsələsi gündəmə gəlib. Xüsusi nümayəndə prezidentin müəyyən etdiyi ərazi hüdudlarında prezidenti təmsil edən vəzifəli şəxsdir və prezidentin müəyyən etdiyi ərazi hüdudlarında onun müəyyən etdiyi səlahiyyətləri həyata keçirir. Məlumata görə, yeni yaradılan qurumun tətbiqi uğurlu nəticə verərsə, ölkənin digər ərazilərində də prezidentin xüsusi nümayəndəliyi yaradıla bilər.
Nazirlər Kabinetinin ləğvi
Erkin Qədirli deyir ki, indiki Konstitusiyada Nazirlər Kabinetinin özünəməxsus heç bir səlahiyyəti yoxdur. Nazirlər Kabineti Prezidentin yanında yüksək icra orqanıdır. Yəni, Nazirlər Kabinetinin bütün səlahiyyətləri, əslində, Prezidentindir. Bu isə o deməkdir ki, Nazirlər Kabinetinin konstitusion statusu çox zəifdir, ona görə də o, hökumət ola bilmir. Müxalif deputat düşünür ki, Nazirlər Kabinetini saxlamaq niyyəti varsa, onu Prezidentdən ayırıb parlamentə tabe elətdirmək gərəkdir (Fransa örnəyi). Elə bir niyyət yoxdursa, onda onu ləğv etmək lazımdır (ABŞ örnəyi).