image-reklam-veteninfo
image-1backend

“Kartlarla bağlı bu qaydalar qanunsuzdur…” – Əkrəm Həsənovdan SƏRT REAKSİYA

image-reklam-veteninfo

Avqustun 1-dən Azərbaycanda kartdan-karta (C2C) pul köçürmələri ilə bağlı yeni qaydaların tətbiqinə başlanılıb. Yeni mexanizmə əsasən, müəyyən kateqoriyaya aid olmayan şəxslər üçün gün ərzində kartdan maksimum 5 köçürmə etmək və 5 dəfə mədaxil qəbul etmək, ay ərzində isə ümumilikdə 20 min manatadək əməliyyat aparmaq mümkün olacaq. Eyni zamanda, yaxın qohumlar arasında və risk qrupuna daxil olmayan şəxslərin köçürmələri ilə bağlı məhdudiyyətlərin tətbiq edilməyəcəyi açıqlanıb.

Bu isə vətəndaşlarda bir sıra suallar doğurur. Xüsusilə də yaxın qohumlar arasında köçürmələrin necə fərqləndiriləcəyi, bank sisteminin şəxslərin qohumluq əlaqəsini hansı məlumatlar əsasında müəyyən edəcəyi və “risk qrupu”nun hansı meyarlarla formalaşdırılacağı məsələsi diqqət çəkir.

Yeni qaydalar gündəlik pul köçürmələrinə necə təsir edəcək? Adi vətəndaş limitə düşməmək üçün hansı prosedurlardan keçməli olacaq? Ən əsası isə sistem yaxın qohumlar arasında aparılan əməliyyatları digər köçürmələrdən necə ayıracaq?

Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov  danışıb. Əkrəm Həsənov bildirib ki, ilk növbədə burada söhbət dövlət tərəfindən müəyyən edilmiş qaydalardan getmir: “Bu, iki qeyri-hökumət təşkilatının – Banklar Assosiasiyasının və Fintex Assosiasiyasının öz aralarında əldə etdikləri razılaşmadır. Yəni onlar aralarında müəyyən razılaşma əldə ediblər və indi bunu ictimaiyyətə, cəmiyyətə məcburi qayda kimi təqdim edirlər. Bu, ilk növbədə qanunsuzdur. Çünki hansısa qeyri-hökumət təşkilatlarının vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına səlahiyyəti yoxdur.

Ümumiyyətlə, hər hansı məhdudlaşdırma qanunla müəyyən edilməlidir. Bu isə qanun deyil. Sadəcə, bazarda iştirak edən sahibkarların arasında bağlanmış bir sazişdir. Əslində, bu, rəqabət məcəlləsinin pozuntusudur və bununla Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi məşğul olmalıdır.

Niyə belə edirlər? Əgər doğrudan da buna ehtiyac varsa, dövlət qanun qəbul etsin, biz də həmin qanuna əməl edək. Elə bu məsələnin qanunla deyil, bu cür formada həyata keçirilməsinin mənfi cəhətlərindən biri də budur ki, onların öz aralarında bağladıqları razılaşma belə ictimaiyyətə dərc olunmayıb. Bunlar öz aralarında hansısa sənəd imzalayıblar. Sonra isə Banklar Assosiasiyası avqustun 3-də bunu öz saytında dərc edib. Bunun özü də sualdır. Əgər bu qanun olsaydı, onun geriyə qüvvəsi olmur. Siz bunu əvvəlcədən bildirməli idiniz”.

Hüquqşünas tətbiq edilən qaydaların özündə də ziddiyyətlər olduğunu bildirir. Onun sözlərinə görə, Banklar Assosiasiyasının yaydığı məlumatda köçürmə ilə mədaxil arasında fərqli yanaşma ortaya qoyulub: “Banklar Assosiasiyasının saytında avqustun 3-də dərc olunan məlumatda isə yazılıb ki, köçürməyə məhdudiyyət yoxdur, mədaxilə, yəni pul qəbul etməyə məhdudiyyət var. Yəni sən kimə nə qədər istəyirsən köçürə bilərsən, amma hər kəs gündə 5 ödəniş ala bilər və 20 min manat limiti çərçivəsində. Amma istənilən məbləği köçürə bilərsən. Sonra da yazıblar ki, qohumlar arasında məhdudiyyət olmayacaq. Bunun üçün əsaslandırıcı sənədləri banka təqdim etməlisən və sonra əməliyyatı həyata keçirə bilərsən. Bunların hamısı gülməlidir.

Qohumları sistem necə müəyyən edəcək? Kim qohumdur, kim qohum deyil? Yəni bizə deyəcəklər ki, bu haqda sənədləri təqdim edin?

Kartdan-karta əməliyyat ani bir əməliyyatdır. Heç bir dəqiqə çəkmir. Sən pulu göndərirsən vəssalam. İndi mən bu bir dəqiqəlik köçürməyə görə banka məlumat göndərməliyəmsə ki, filankəs filankəsin qohumudur, qohumudur, sonra bankdan cavab gözləməliyəmsə, mən o pulu ya həmin adamın başqa kartına, ya yaxın adamının kartına ataram, ya da nağdlaşdıraram.

Yaxud deyirlər ki, risk aşağı olan əməliyyat əsaslandırılmalıdır. Mən hələ sənə əsaslandırıcı sənədləri verənə kimi, sən ona baxana kimi, qərar verənə kimi mən nə edəcəyəm? Yəni, bu məhdudiyyətin real olaraq nə istədiyi, necə tətbiq olunacağı, ümumiyyətlə, məlum deyil. Sistem də bunları onsuz da ayırd edə bilmir.

Bütün sivil ölkələrdə belə etmirlər. Məhdudiyyət qoymurlar, nəzarət edirlər. Hər kəs ildə bir dəfə maliyyə bəyannaməsi verir – əmlakı, gəliri barədə məlumat təqdim edir və onun gəliri ilə əmlakının uyğunluğunu yoxlayırlar. Və sabah soruşurlar ki, ay filankəs, başqa filankəs deyir ki, siz ona 100 min manat vermisiniz, borc vermisiniz. Haradan vermisiniz? Sizin axı gəlir bəyannamənizdə belə bir şey yox idi. İndi isə sizə heç kəs bu sualı verə bilməz. Çünki bizdə belə bir sistem, belə bir bəyannamə yoxdur”.Musavat.com




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki