Tədbirdə Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının rəhbərliyi, “91-lər” hərəkatının nümayəndələri, YAP Veteranlar Şurasının üzvləri, partiya veteranları və digər fəallar iştirak ediblər.
Tədbirdən əvvəl YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və “91-lər”in nümayəndələri Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, abidənin önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz və unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra tədbir Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev iştirakçıları salamlayaraq görüşün əhəmiyyətindən danışıb.
Tədbirdə Yeni Azərbaycan Partiyasının yaradılmasında mühüm rol oynamış “91-lər”in tarixi fəaliyyəti xüsusi qeyd olunub. Bildirilib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi vəziyyətdə ziyalıların və ictimaiyyət nümayəndələrinin Ulu Öndər Heydər Əliyevin ətrafında birləşməsi, Yeni Azərbaycan Partiyasının yaradılması və siyasi təşkilat kimi formalaşması Azərbaycan dövlətçiliyinin inkişafında mühüm mərhələ təşkil edib.
Çıxış edənlər Yeni Azərbaycan Partiyasının yarandığı gündən etibarən ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirildiyini diqqətə çatdırıblar.
Daha sonra YAP-ın “91-lər” nümayəndəsi, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Asif Cahangirov, “91-lər”in nümayəndələri Munis Bayramov, Allahverdi Hacıyev və Əziz Axundov, həmçinin YAP-ın “91-lər” nümayəndəsi və Veteranlar Şurasının üzvü Tahir Məmmədov çıxış ediblər.
Çıxışlarda “91-lər”in Yeni Azərbaycan Partiyasının yaranması və formalaşmasındakı tarixi rolu, partiyanın keçdiyi zəngin inkişaf yolu, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin əhəmiyyəti və bu irsin gələcək nəsillərə çatdırılmasının vacibliyi barədə geniş fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, partiya veteranlarının uzun illər ərzində qazandığı təcrübə, ictimai-siyasi proseslərdə iştirakı və dövlətçilik ənənələrinə bağlılığı gənc nəslin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Veteranların gənclərlə təcrübə mübadiləsinin aparılması, onların milli-mənəvi dəyərlərə, dövlətçilik prinsiplərinə və vətənpərvərlik ruhuna bağlılığının artırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Tədbirdə, həmçinin gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakının təmin olunması, onların milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi, dövlətçilik ənənələrinin qorunması və Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin gənc nəslə çatdırılması istiqamətində görülən işlərin əhəmiyyətindən danışılıb.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, iştirakçıların mövzu ilə bağlı fikirləri və təklifləri dinlənilib.
Sonda tədbir iştirakçıları ilə xatirə fotosu çəkdirilib.


























