image-reklam-veteninfo
image-1backend

Ukraynaya məxsus təyyarə Almaniyada dron hücumuna məruz qaldı

image-reklam-veteninfo

Almaniyanın Leypsiq hava limanında Ukraynaya məxsus təyyarənin yaxınlığında partlayıcı maddələrlə təchiz edilmiş pilotsuz uçuş aparatı aşkar edilib.

Vətəninfo.az xəbər verir ki, Almaniyanın “Bild” nəşrinin məlumatına görə, hadisə gecə saatlarında baş verib. Hava limanının ərazisində Ukraynaya məxsus Antonov An-124 “Ruslan” təyyarəsinin yaxınlığında qəzaya uğramış dron tapılıb.

Mütəxəssislər pilotsuz uçuş aparatının üzərindəki yükü partlayıcı maddə kimi müəyyən ediblər. Bildirilir ki, bağlamanın içərisində detonator da olub. İlkin qiymətləndirmələrə görə, partlayış yalnız detonatorun texniki nasazlığı səbəbindən baş verməyib.

Almaniyanın təhlükəsizlik orqanları hadisəni ciddi araşdırır. Dron və partlayıcı maddələrin mümkün cinayət izlərinin müəyyən edilməsi üçün ekspertizaya göndərildiyi bildirilir. NATO müstəntiqlərinin də araşdırmada iştirak etməkdə maraqlı olduğu qeyd olunur.

“Bild”in məlumatına əsasən, dron Leypsiq hava limanında Ukraynaya məxsus dörd təyyarənin yerləşdiyi ərazidə qəzaya uğrayıb. Hava limanı Ukrayna istiqamətində həyata keçirilən hava yük daşımaları üçün əsas logistika mərkəzlərindən biri hesab olunur.

Avropada mümkün Rusiya təxribatları ilə bağlı narahatlıq artır

Polşa Daxili Təhlükəsizlik Xidmətinin hesabatına görə, Rusiya Avropada təxribat fəaliyyətlərini genişləndirərək ayrı-ayrı agentlərdən istifadə modelindən daha peşəkar şəbəkələr yaratmağa keçib.

Hesabatda iddia olunur ki, Moskva keçmiş hərbçilərdən, hüquq-mühafizə orqanlarının sabiq əməkdaşlarından və “Vaqner” qruplaşmasının keçmiş muzdlularından istifadə edir, həmçinin agentlər üçün xüsusi hazırlıq proqramları təşkil edir.

Polşa tərəfi hesab edir ki, bu fəaliyyətlərin əsas məqsədi Avro-Atlantik təhlükəsizlik strukturlarını zəiflətmək, ölkələr arasında sabitliyi pozmaq və onların təhlükəsizlik imkanlarına zərbə vurmaqdır. Bildirilir ki, bəzi əməliyyatlarda Belarus və Çin xüsusi xidmət orqanları ilə əməkdaşlıq ehtimalı da araşdırılır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki