İtaliyanın cənubundakı Bitonto şəhərində 1 milyon avro dəyərində uduşlu lotereya bileti zibil qutusuna atıldıqdan sonra iki gün davam edən axtarış əməliyyatı nəticəsində tapılıb.
Məlumata görə, adı açıqlanmayan şəxs lotereya biletini mağazada yoxlatdırarkən sistem ödənişin həyata keçirilə bilmədiyini göstərib. O, bunu biletin uduşsuz olması kimi qiymətləndirərək bileti zibil qutusuna atıb.
Daha sonra ailə üzvlərindən biri həmişə oynadıqları 2, 4, 8, 10 və 51 nömrələrinin bu dəfə də uduş gətirdiyini xatırladıb. Bundan sonra qalib bileti səhvən tullantıya atdığını anlayıb.
Vətəninfo.az xəbər verir ki, hadisədən sonra ərazidə tullantıların idarə olunmasına cavabdeh olan SANB şirkətinə müraciət edilib. Şirkətin rəhbəri Roberto Nikola Toskano bildirib ki, zibil maşını sıxlaşdırma prosesinə başlamazdan əvvəl müəyyən edilərək dayandırılıb. Onun sözlərinə görə, bazar günü olduğu üçün tullantılar hələ poliqona aparılmamışdı və bu, biletin xilas edilməsinə imkan yaradıb.
Yük maşını xüsusi əraziyə aparılıb və təmizlik işçiləri böyük tullantı yığını arasında kiçik kağız parçasını tapmaq üçün iki gün ərzində axtarış aparıblar.
Nəhayət, çərşənbə axşamı səhər saatlarında təmizlik işçilərindən biri uduşlu bileti aşkarlayıb. Bildirilir ki, işçilər bu xəbərə sanki mükafatı özləri qazanmış kimi seviniblər.
Roberto Nikola Toskano qeyd edib ki, bilet deşilmiş torbanın içərisində digər zədələnmiş biletlərlə birlikdə tapılıb və salamat qalan azsaylı biletlərdən biri olub.
İlkin məlumata əsasən, anlaşılmazlıq mağazadakı sistemin yüksək məbləğli uduşların yerində ödənilməsinin mümkün olmadığını bildirməsi səbəbindən yaranıb. Oyunçu isə bu xəbərdarlığı səhv başa düşərək bileti etibarsız hesab edib.
Şirkət rəhbəri bildirib ki, axtarış əməliyyatının xərcləri bununla bağlı öhdəlik götürən lotereya qalibi tərəfindən qarşılanacaq. O, həmçinin qalibin şəxsiyyətinin məxfi saxlanıldığını vurğulayıb.
Maraqlı məqamlardan biri də odur ki, axtarış əməliyyatında iştirak edən SANB əməkdaşları zarafatla aldıqları lotereya biletindən 50 avro uduş əldə ediblər.


























