Türkiyə ABŞ ilə İran arasında danışıqları bərpa etməyə hazırlıq bəyanatlarından məmnundur. Ümid edirik ki, atəşkəs ən qısa müddətdə bərpa olunacaq və Hörmüz boğazı gəmiçilik üçün yenidən açılacaq. Ankara bu proseslərə öz töhfəsini verməyə davam edəcək.
Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada suriyalı həmkarı Əsəd əl-Şeybani ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Türkiyəli nazir İran ətrafındakı gərginlik fonunda Dəməşqin mövqeyini vurğulayıb.
“Hərbi əməliyyatların aktiv mərhələsi ərzində Suriya özünü regionda sabitliyin qorunmasına töhfə verən ölkə kimi sübut edib. Bu səbəbdən Suriyada təhlükəsizliyin və sülhün qorunması regiondakı bütün ölkələr üçün ortaq məsuliyyətdir”, – deyə Fidan bildirib.
Nazir qeyd edib ki, Türkiyə-Suriya quru sərhədinin uzunluğu 900 kilometrdən çoxdur. O əlavə edib: “Ölkələrimiz bir-birinə təsir göstərir. Türkiyə ilə Suriyanın rifahı və sabitliyi bir-birindən ayrıla bilməz. Bizi ortaq tarix, mədəniyyət və gələcək birləşdirir. Suriyadakı inteqrasiya prosesləri Ankara üçün vacibdir və prioritetdir”.
H. Fidanın sözlərinə görə, Suriya tədricən problemlərin həllinə töhfə verən aktora çevrilir. “Regionda əməkdaşlıq yollarını müzakirə edərkən, həm də Dəməşqin danışıqlar masasında iştirak etməsindən səmimi-qəlbdən qürur duyuruq. Ankara həm ikitərəfli münasibətləri daha da inkişaf etdirmək, həm də regional sülh və təhlükəsizliyi təşviq etmək üçün Dəməşqlə işləməyə davam edəcək”, – deyə nazir əmin edib.


























