Azərbaycan postsovet məkanında əhalinin artımına görə öndə olan ölkələrdəndir.
Vətəninfo.az-ın xəbərinə görə, bu barədə Ukraynanın “Strana” qəzeti yazıb. Nəşr Dünya Bankının məlumatlarına istinadən qeyd edib ki, Sovet İttifaqının dağılmasından sonra son 30 ildə ən böyük əhali artımı Tacikistanda qeydə alınıb. Belə ki, bu müddət ərzində Tacikistan əhalisi 76,6 % artıb.
Əhali artımı baxımından seçilən siyahıda ölkələr arasında yalnız Mərkəzi Asiyanın digər ölkələri də var: Özbəkistan (+ 63,4 %), Türkmənistan (+ 59,2 %) və Qırğızıstan (+47,7 %). Qeyd edilir ki, əhali artımı Azərbaycanda da yüksəkdir (+ 40%). Nəşr Qazaxıstanın (+14 %) da adını qeyd edib.
Ən aşağı doğum səviyyəsi Baltikyanı ölkələrdə qeydə alınıb: Latviya (-28,3%), Litva (-24,5%). Əhali artımının azlığı ilə seçilən ölkələr kimi Gürcüstan (-23,2 %), Ukrayna (- 20 %), Ermənistan (- 15,5 %), Estoniya (-14,7 %), Moldova (-12 %), Belarus (- 7,8%) və Rusiyanın (-2,9%) adları qeyd edilib.