image-1backend

Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi sübut edib

image-reklam_sirab_01

Qlobal tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən paytaxt Bakı son dövrlərdə artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkənin dünyada beynəlxalq və geniş miqyaslı təbirlərin uğurlu təşkilatçısı statusunu bir daha sübut edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un cari ildə Azərbaycanda keçirilməsi əlbəttə ki, ölkəmizə olan daha bir ehtiramın təzahürüdür. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Təbii ki, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin inkişafının təqdimatı baxımından da əhəmiyyətlidir. COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə Azərbaycan platformasında baxılacaqdır.
Genişmiqyaslı hadisə – COP29-a hazırlıq işlərinin aparıldığı bir zamanda enerji sektoru nümayəndələrini bir araya gətirən Bakı Enerji Həftəsi Azərbaycanın enerji sektorundakı rolunu və dünya enerji təhlükəsizliyinə verdiyi töhfənin təzahürüdür. Belə ki, iyunun 4-də regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsi öz işinə başladı. Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumu. “Caspian Oil&Gas” və “Caspian Power” sərgiləri. Xatırladaq ki, ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il mayın 24-də keçirilən “Xəzər Neft və Qaz” sərgisi bundan sonra ənənəvi hal alıb.
“Bu tədbir ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynayıb”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında bildirib. Həmin vaxtdan bəri bu tədbirin miqyasının genişləndiyini və artıq Bakı Enerji Həftəsi adlandırıldığını vurğulayan dövlətimizin başçısı bildirib: “Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir – neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji”.
Bu il Bakı Enerji Həftəsi əhəmiyyətli hadisəyə təsadüf edir. Belə ki, bu il respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür. Bu mühüm tədbir Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapıb. “Əsrin müqaviləsi” görkəmli siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edən və Azərbaycanı dünyanın neft ixracatçılarından birinə çevirən özül hesab edilir. Belə ki, məhz “Əsrin müqaviləsi” ilə müstəqil Azərbaycanın neft strategiyasının əsası qoyulub. “Əsrin müqaviləsi” Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin genişlənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə güclü təkan verdi. Avropa Birliyinə inteqrasiya olunmasına, əsas dünya ölkələri, ilk növbədə, böyük dövlətlərlə dostluq, strateji əməkdaşlıq münasibətlərinin yaranmasına, həmçinin, inkişafına əlverişli imkan, müsbət zəmin yaratmışdır. Enerji faktoru həm siyasi, həm də, beynəlxalq layihələr baxımından Azərbaycanın siyasi və iqtisadi inkişaf problemlərinin həllində mühüm rol oynayır. Bu çərçivədə müstəqillik qazandıqdan sonrakı dövrdə neft sektorunun inkişafı və xarici şirkətlərlə əməkdaşlıq Azərbaycana böyük iqtisadi töhfə verdi. İlk növbədə, ölkə müasir texnologiyalarla təchiz edilmiş, neft sənayesinin aktivləri yenilənmiş, bu sahənin inkişafına kömək edəcək qurum və təşkilatlar inkişaf etdirilmiş, neft-təbii qaz sənayesinin infrastrukturu modernləşdirilmişdir.
Ötən əsrin 90-cı illərinin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı əhəmiyyətli hadisəyə çevrildi. Azərbaycanın tərəfdaşları ilə birgə “Şahdəniz” yatağının kəşfiyyatına, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı. “Şahdəniz” layihəsi Azərbaycanda qaza olan qıtlığı aradan qaldırdı” – deyən Prezident bildirib ki, bu il bizim ixracımız 24 milyard kubmetrdən artıq olacaq: “Bu gün 8 ölkə Azərbaycan qazını idxal edir. Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi artıq sübut edib”.
Ölkəmizin iqtisadi-maliyyə gücünün artmasına, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edən Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri artıq fəaliyyətdədir. Cənub Qaz Dəhlizinin icrası zamanı Azərbaycan boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurub. Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir və Azərbaycanın oynadığı rol Avropa İttifaqında qaz təchizatının şaxələndirilməsi səylərimiz baxımından mühüm əhəmiyyət daşıyır. Əlbəttə ki, Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın oynadığı rol ölkəmizin Avropa İttifaqında qaz təchizatının şaxələndirilməsi səyləri baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidentinin əməli fəaliyyətinin, iradəsinin nəticəsidir ki, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, qlobal əhəmiyyətli iqtisadi zonalar yaradılıb. Cənub Qaz Dəhlizinin, TANAP layihəsinin istifadəyə verilməsi uğurlu hadisələr sırasındadır. Azərbaycanın təşəbbüsü ilə bölgədə, Avrasiya məkanında həyata keçirilən layihələr xüsusi olaraq vurğulanmalıdır. Müasir dünyada Azərbaycan regionun, Avropanın və ümumilikdə, dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən bir ölkəyə çevrilib. “Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır. Yəni, bu gün qazımızı idxal edən 8 ölkədən 6-sı Avropa ölkəsidir”, – deyə Prezident diqqətə çatdırıb: “Təchizatımızın coğrafiyası bundan sonra da genişlənəcək. Biz bir sıra ölkələrlə fəal danışıqlar mərhələsindəyik. Biz Azərbaycan qazına ehtiyacı olan bir sıra ölkələrlə onların enerji təhlükəsizliyini təmin etmək üçün fəal danışıqlar aparırıq”. Dövlətimizin başçısı qeyd edib ki, biz 2027-ci ilin sonunda 2 qiqavat bərpaolunan enerji əldə edəcəyik. Bu, olduqca real rəqəmdir və hələ ki, başlanğıcdır.
Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsində su elektrik enerjisi baxımından nəhəng potensialın olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “2020-ci ilin noyabrında həmin əraziləri azad edəndən sonra biz artıq 270 meqavat gücündə su elektrik stansiyaları istismara vermişik. Üç-beş il ərzində biz bu rəqəmi 500 meqavata çatdıracağıq. Yəni, 1 qiqavat bərpaolunan enerji bizə 500 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək, beynəlxalq bazarların buna ehtiyacı var və olacaq”.
Bu gün Azərbaycan dünyanın enerji təhlükəsizliyində xüsusi çəkisi olan ölkələr sırasında yer alır. Azərbaycan davamlı surətlə enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaşa çevrilib.

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki