Dekabrın 1-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu üçün “Harmonikləşdirilmiş Sistem 2022-nin Tətbiqi” mövzusunda onlayn seminar başlayıb.
Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
ÜGT-nin Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi tərəfindən təşkil ounan təlimdə qurumun Avropa Regionuna üzv dövlətlərinin gömrük orqanlarının əməkdaşları iştirak edir.
Seminar Avropa Regionunun üzvləri tərəfindən Harmonikləşdirilmiş Sistem 2022 Nomenklaturasının müddəalarının vahid təfsirini və tətbiqini təmin etmək məqsədilə təşkil olunub.
Harmonikləşdirilmiş Sistem malların təsvirini və tərkibini özündə əks etdirən beynəlxalaq kodlaşdırma sistemidir və ÜGT tərəfindən mütəmadi şəkildə 5 illik dövrü əhatə edən yeni versiyası hazırlanır.
Seminarda çıxış edən DGK sədrinin I müavini İsmayıl Hüseynov bildirib ki, müxtəlif beynəlxalq konvensiyalarda edilmiş dəyişikliklər və əlavələr nəticəsində Beynəlxalq Qida və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Gömrük Təşkilatının Katibliyi və aidiyyəti digər qurumlar tərəfindən təqdim edilmiş təkliflər əsasında hazırlanan Harmonikləşdirilmiş Sistemin 2022-ci il variantının beynəlxalq ticarətin dinamikasına müsbət təsir edəcəyi şübhəsizdir. O da qeyd olunub ki, Harmonikləşdirilmiş Sistemin 2022-ci il variantı kənd təsərrüfatı, tikinti sahəsində statistikanın düzgün aparılmasına, Monreal Protokoluna edilən dəyişikliklər üzrə əlavə edilmiş mallara yeni kodların verilməsi gömrük orqanlarınınb həmin malların idxal-ixracına nəzarəti daha dəqiq həyata keçirməsinə şərait yaradacaq.
Sədr müavini seminar iştirakçılarının diqqətinə çatdırıb ki, qanunvericiliyə uyğun olaraq Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası (XİFMN) üzrə kodların Beynəlxalq Harmonikləşdirilmiş Sistemin 2022-ci il variantına uyğunlaşdırılması məqsədilə Komitə müvafiq dəyişiklikləri özündə əks etdirən qərar layihəsi hazırlayıb. Sənəddə Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasının 17 bölməsi üzrə 64 mal qrupunda dəyişikliklər və düzəlişlər edilib, müvafiq mal mövqeləri üzrə kodlar Harmonikləşdirilmiş Sistemin 2022-ci il versiyasına uyğunlaşdırılıb.
İ.Hüseynov bildirib ki, Harmonikləşdirilmiş Sistemin 2022-ci il variantının gələn ildən qüvvəyə minməsi gözlənilir.
Harmonikləşdirilmiş Sistemin 2022- ci il variantı dünya ticarətinin strukturundakı, həmçinin sosial və ekologiya məsələləri üzrə qlobal dəyişikliklər nəzərə alınmaqla növbəti 5 illik dövrü əhatə edərək 351 düzəlişi özündə əks etdirir.
Xatırladaq ki, ÜGT-nin Avropa Regionu üçün “Harmonikləşdirilmiş Sistem 2022-nin Tətbiqi” mövzusunda onlayn seminar sabah başa çatacaq.