image-3a0aa9e1-8224-48aa-881a-b23000feae0dbackend

“Azərbaycanda qlobal istiləşmənin yaratdığı problemlər: Səhralaşma” mövzusunda tədbir keçirilib

image-reklam_sirab_01

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Ətraf mühitimiz: Nələri bilək, nələri qoruyaq?” layihəsi çərçivəsində “Azərbaycanda qlobal istiləşmənin yaratdığı problemlər: Səhralaşma” mövzusunda tədbir keçirilib.
Tədbir fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Təşkilatın sədri Ramiz Cürənov layihə dövründə hazırlanan “Səhralaşdırdığımız dünyamız: Azərbaycan üçün də təhlükə var”, “Qlobal istiləşmənin yaratdığı problemlər” və “Xəzərin problemləri” mövzusunda araşdırma yazılar barədə məlumat verib. Ramiz Cürənov bildirib ki, Səhralaşma torpağın və bitki örtüyünün deqradasiyası, onların bioloji və iqtisadi məhsuldarlığının azalması və ya tamamilə itirilməsi deməkdir.
Qeyd edək ki, səhralaşma zamanı məhsuldarlıq fəlakətli dərəcədə aşağı düşür, mal-qara tələf olur, su mənbələri quruyur, torpaqlar şoranlaşır. Bu problem keçən əsrin 70-80-ci illərindən başlayaraq özünü qabarıq şəkildə göstərməyə başlayıb. Yer səthinin üçdə biri deqradasiyaya uğrayıb. Dünyanın bir parçası olan Azərbaycanda da bu problem mövcuddur. Azərbaycan səhralaşma üçün yüksək risk daşıyan ərazilərdəndir. Səhralaşma riski yüksək olan regionlarımıza gəlincə, bu sırada Naxçıvan Muxtar Respublikası ərazisi, Kür-Araz ovalığı, Ceyrançöl-Acınohur, Qobustan və Abşeron ərazisi yer alır. Son zamanlar Xəzər dənizinin səviyyəsinin enməsi ilə əlaqədar iqlimdə kontinentallıq artıb, səhralaşmış landşaftlar daha da genişlənib. Səhralaşma riski cənub-şərqi Şirvanda, Salyan düzündə, Samur-Dəvəçi ovalığında daha çox yayılıb. Böyük Qafqazın cənub yamacı, Cənub dağlarının cənub tərəfi istisna olmaqla, Azərbaycanın alçaq dağlıq və düzənlik rayonlarında səhralaşma riskləri olduqca yüksəkdir.
Son 10-12 ildə Azərbaycanda müşahidə edilən iqlim dəyişikliyi nəticəsində yaşanan quraqlıq kənd təsərrüfatına, ətraf mühitə böyük ziyan vurur, səhralaşma prosesini sürətləndirir.
İqlim dəyişikliyi isə həm insanlardan qaynaqlanan emissiyanın səbəb olduğu istixana qazlarının hərəkətə gətirdiyi qlobal istiləşməni, həm də bunun nəticəsində hava modellərində özünü göstərən böyükölçülü dəyişiklikləri əhatə edir. Əvvəlki dövrlərdə də iqlim dəyişiklikləri olmasına baxmayaraq, 20-ci əsrin ortalarından bəri insanlar Yer kürəsinin iqlim sisteminə misli görünməmiş dərəcədə təsir göstərib və qlobal miqyasda dəyişikliklərə səbəb olub.
Azərbaycanda da son illər orta illik temperatur 0,4-1,30 dərəcəyədək artıb. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Belə ki, Böyük Qafqazın yüksək dağlıq ərazilərində orta illik temperaturun 1,1-1,30C artması müşahidə olunur. Azərbaycanda aparılan tədqiqatlara əsasən, 1961-1990-cı illərlə müqayisədə 1991-2012-ci illərdə temperatur artımı temperatur artımı 0,2-1,5°C intervalında dəyişib. Azərbaycan iqlim dəyişmələrinin təsirlərinə yüksək dərəcədə həssas, inkişaf etməkdə olan ölkədir. İstilik effekti yaradan qazların milli tullantıları qlobal tullantıların yalnız 0.1%-ni təşkil edir.
Azərbaycan Respublikası 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə isə Konvensiyanın Kioto protokolunu ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Ölkəmiz İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Əlavə 1 qrupuna daxil olmayan tam hüquqlu tərəf kimi Konvensiya qarşısında istilik effekti yaradan qaz tullantılarının kadastrının hazırlanması, müntəzəm olaraq yenilənməsi, milli məlumatların hazırlanması kimi öhdəliklər götürülüb və bu öhdəliklər sistemli şəkildə yerinə yetirilir.
Azərbaycanda səhralaşma ilə mübarizə çərçivəsində görülən işlərdən danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdlıq şöbəsinin məsləhətçisi Toğrul Feyziyev bildirib ki, qlobal səylərə öz töhfəsini vermək məqsədilə Azərbaycan 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azalmasını və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılmasını bəyan edib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli gənclərin ekoloji maarifləndirliməsinin önəmini vurğulayıb.
Araşdırmaçı jurnalist Elxan Salahov ekoloji mövzuda layihələrin həyata keçirilməsini önəmli sayıb, Azərbaycanda səhralaşma və iqlim dəyişikliyi nətəcəsində üzləşdiyi problemlərə diqqət çəkib.
Təbdir müzakirələrlə davam edib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki