ABŞ-ın Florida ştatının Mayami-Deyd, Aventura və Hallandeyl-Biç şəhərlərinin merləri 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə soydaşlarımıza müraciət ediblər.
Mayami-Deyd şəhərinin meri Daniella Cava, Aventura şəhərinin meri Enid Vaysman və Hallandeyl-Biç şəhərinin meri Coy Kuperin imzaladıqları bəyannamələrdə ölkəmizin dövlət müstəqilliyinin bərpa olunmasının 30-cu ildönümü ilə əlaqədar Azərbaycan icmasına və xalqımıza təbrik ünvanlanıb. Sənədlərdə bildirilib ki, Azərbaycan icması Florida ştatının ictimai-siyasi və humanitar həyatında fəal iştirak edir, milli müxtəlifliyin, mədəniyyətlərarası qarşılıqlı anlaşmanın təminatına və sülhün inkişafına töhfələr verir. Hər üç şəhərin ictimaiyyətinin dünya azərbaycanlıları ilə birlikdə bu tarixi günü qeyd etməkdən qürür duyduğu vurğulanıb.
Bəyannamələr Mayami-Deyd, Aventura və Hallandeyl şəhərlərində fəaliyyət göstərən Azərbaycan icmalarının üzvlərinə təqdim edilib. Özünü Azərbaycanın dostu adlandıran mer Coy Kuper ABŞ-da yaşayan soydaşlarımızın öz milli-mənəvi dəyərlərinə ləyaqətlə sahib çıxdıqlarını, Azərbaycanın zəngin mədəniyyətini və incəsənətini yüksək səviyyədə təbliğ etdiklərini nəzərə çatdırıb.