5 milyondan çox abunəçinin seçimi olan “Azercell Telekom” MMC fəaliyyətinin 25 illiyini qeyd edir. Azercell-in yaradılması müstəqilliyini yenicə qazanmış Azərbaycanda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı və səmərəli islahatların tərkib hissəsi idi. Ölkədə telekommunikasiya sənayesinin inkişafına dəstək vermiş Ümummilli lider Heydər Əliyev Azercell-in açılış mərasimində iştirak edib. Qürurvericidir ki, GSM texnologiyasını sınaqdan keçirən və Azercell vasitəsilə edilmiş ilk zəngə cavab verən şəxs Ulu Öndər olub.
25 illik fəaliyyəti ərzində şirkət Azərbaycanın mobil rabitə bazarında lider mövqeyini möhkəmləndirib və abunəçilərinə daima qabaqcıl həllər təqdim edərək keyfiyyətli, innovativ və əlçatan rabitə xidmətləri göstərib. Azercell Azərbaycanda GSM texnologiyası, 24/7 rejimdə çalışan Çağrı Mərkəzi, SimSim (fakturasız) xətt sistemi, M2M xidmətləri, 4G texnologiyası, Azercell Ekspres xidmət mərkəzləri, mobil və onlayn müştəri xidmətlərini təqdim edən, 5G texnologiyasının pilot şəbəkəsini test edən ilk şirkət olub.
Azercell Azərbaycanın qeyri-neft sektorunun ən iri vergi ödəyicisidir. Son 25 il ərzində mobil operator dövlət büdcəsinə 2 milyard manatdan çox vəsait köçürüb, ölkədə telekommunikasiyanın inkişafına 1.7 milyard ABŞ dollarından çox investisiya yatırıb, sosial yönümlü layihələrə isə 22 milyon ABŞ dollarından artıq vəsait xərcləyib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamına əsasən müəyyən edilən 5 Milli Prioritetdən biri rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanıdır. Azercell də bu gün öz şəbəkəsini bütün ölkə ərazisində genişləndirərək yeni rəqəmsal eraya qədəm qoyur. Şirkət müasir rəqəmsal və kiber xidmətlər üzərində çalışır, həmçinin qabaqcıl kommunikasiya həlləri yaradır. Bu yanaşma şirkətin yenilənmiş korporativ strategiyasında da əks olunur. Yeni strategiyaya görə Azercell-in əsas məqsədi həm fərdi, həm də bütün növ iri və kiçik biznes müştərilərinin istək və gözləntilərini qabaqcadan müəyyən edərək onlara cavab verməkdir.
“Hazırda biz çağırışlarla zəngin dövrdə yaşayırıq. Texnologiya durmadan sürətlənir, müştərilərimiz öz növbələrində texnoloji yeniliklərə daha açıqdırlar. Bizim yeni məqsədimiz: “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!”. Müştərilərimizin artan dinamika ilə inkişaf edən istəklərini qarşılamaq və bir addım öndə olaraq onları öncədən müəyyən etmək üçün biz daima öyrənməli, inkişaf etməli və qarşımıza yeni hədəflər qoymalıyıq. Fəaliyyətimizlə cəmiyyətə verə biləcəyimiz faydanı rəhbər tutaraq abunəçilərimizin həyatına daha intensiv şəkildə inteqrasiya olmalıyıq. Hazırkı bazar şərtləri və inkişaf dövründə yalnız bu yolla uğur qazanmaq mümkündür!”, – “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova şirkətin yeni məqsədini açıqlayaraq qeyd etdi.
25 il əlamətdar tarixdir. Bu önəmli gün Azercell-i gələcək fəaliyyətini yenidən düşünməyə,yüksək texnologiyalar dövrünün tələblərini qarşılamaq və proqnozlaşdırmaq məqsədi daşıyan yeni brend platformasını təqdim etməyə sövq edir. Şirkət brendinin yeni şüarını açıqlayır – “Sənə yaxın gələcək”. Yeni kommunikasiya konsepsiyası bir azərbaycanlı ailənin gündəlik həyat hekayələri əsasında hazırlanaraq, müasir rəqəmsal və kommunikasiya həllərinin müştərilərə daha əlçatan və daha yaxın olduğunu göstərir. Məhz innovativ rəqəmsal həllər insanların həyat keyfiyyətini yaxşılaşdırmağa, təhlükəsizliyi artırmağa daha da böyük töhfə verəcək.
25 illik yubileyini və brendin yenilənməsini qeyd edən Azercell bütün bu illər ərzində onu seçən və ona güvənən bütün abunəçilərinə təşəkkür edir!
Azercell bütün abunəçilərini 25 illik yubileyini qeyd etmək və ən son yeniliklərdən xəbərdar olmaq üçün sosial media hesablarını izləməyə dəvət edir:
Facebook: https://www.facebook.com/azercell
Instagram: https://www.instagram.com/azercell/
LinkedIn: https://www.linkedin.com/company/azercell/
TikTok: https://www.tiktok.com/@azercell_official
Twitter: https://twitter.com/Azercell
YouTube: https://www.youtube.com/AzercellAds
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi: 94,25%, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,73% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir.