Oktyabrın 6-da Bakı Şəhər İcra Hakimiyyətində Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Memarlar İttifaqı ilə birgə bu qurumların rəhbərləri, aparıcı memarlar və hazırda tikilən binaların memarlarının iştirakı ilə “Bakı şəhərinin memarlıq görünüşünün qorunması və paytaxtda şəhərsalmanın gələcək inkişafı” mövzusunda seminar-müşavirə keçirilib.
Seminar-müşavirəni açıq elan edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirmişdir ki, bu günkü seminar-müşavirə Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın tövsiyələrinə uyğun olaraq təşkil edilmişdir. Bildirildi ki, son illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlər nəticəsində paytaxtımız Bakı şəhəri ciddi şəkildə inkişaf edərək dünyanın ən gözəl şəhərləri sırasında yer alır. Bakı yalnız inkişaf etməyib, o, keyfiyyətcə də yeni səviyyəyə yüksəlib.
Paytaxtın dinamik inkişafı davam edir. Memarlar müasir tələblərə cavab verən layihələr hazırlamalı, bu zaman Milli memarlıq üslubu və xüsusiyyətləri qorunmalıdır. Bu günkü tədbirimizdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, tanınmış memarlar şəhərin gələcək inkişafı ilə bağlı öz təklif və tövsiyələrini verəcəklər.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxış edərək respublika ərazisində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda dövlət başçısının göstərişlərinə əsasən aparılan genişmiqyaslı quruculuq işlərindən söz açdı, işğaldan azad edilmiş ərazilərdə müxtəlif istiqamətli şəhərsalma və infrastruktur layihələrinin həyata keçirildiyini vurğulayaraq, hazırlanan layihələrdə bu ərazinin coğrafi quruluşu, milli-memarlıq ənənələri və normativ tələblərin gözlənilməsinə xüsusi diqqət ayrıldığını qeyd etdi, bu proseslərdə məhz memarların böyük rol oynadığını vurğuladı.
Anar Quliyev layihələndirmə və tikinti işlərində son illər ərzində rast gəlinən nöqsan və problemlərdən danışdı, onların həlli yollarına diqqət çəkdi. Həmçinin qeyd olundu ki, planlaşdırılan, layihələndirilən və inşa edilən bütün komplekslərdə, bina və qurğularda dünya miqyasında istifadə edilən mütərəqqi yanaşmaların öyrənilərək tətbiqi, vətəndaşlarımızın rahatlığını, təhlükəsizliyini və rifahını təmin edəcək dayanıqlı və davamlı şəhərsalma mühitinin formalaşdırılması başlıca vəzifələrdəndir.
Tədbirdə çıxış edən Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə memarlığın günümüzdəki önəmi və bu sənətin özəlliyindən danışdı. Gənc memarların ixtisaslaşması məsələsi və layihələndirmə işlərində peşəkar mütəxəssislərin çalışdığı şirkətlərə üstünlük verilməsinin vacibliyini qeyd etdi.
Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov mövzu ətrafında geniş məruzə ilə çıxış etdi. Tədbir iştirakçılarına şəhərdəki tiklilər, o cümlədən şəhərsalma və tikinti layihələrinin hazırlanması zamanı əvvəlki illərdə rast gəlinən çatışmazlıqlar, layihələrin keyfiyyətinin artırılması üçün Komitə tərəfindən aparılmış təhlillərin nəticələri və görülməli işlər haqqında ətraflı məlumat verdi, təqdimat nümayiş olundu. Tədbir çərçivəsində layihələndirmədə müasir texnologiyaların tədbiqininönəmi vurğulandı, bir sıra Azərbaycan şirkətlərinin yeni texnologiyaların mənimsənilməsində əhəmiyyətli addımlar atdıqları, bununla da inşaat obyektlərinin layihələndirilməsi və tikintisinin səmərəlilliyi, keyfiyyətinin artırılmasına nail olunduğu qeyd edildi.
Bəzi tikinti layihələrində rast gəlinən çatışmazlıqlar və nöqsanlar, layihə təkliflərində istifadə olunan üslubların şəhərin memarlıq görünüşünə xələl gətirməməsi ilə bağlı, habelə layihələrin keyfiyyətinin yüksəldilməsinə dair Komitə tərəfindən layihələndirmə təşkilatlarına müvafiq tövsiyyələr verildi.
Daha sonra tədbirdə iştirak edən layihə şirkətlərinin nümayəndələri və memarlar arasında ətraflı fikir mübadiləsi aparıldı, onları maraqlandıran suallar qurumların rəhbərləri tərəfindən cavablandırıldı, səsləndirdikləri təkliflər qeydə alındı.