Nazirlər Kabineti tərəfindən təsdiq edilən Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapan əsas məsələlərdən biri də köhnə binaların sökülməsidir.
Belə ki, 2040-cı ilə qədər Bakıdakı köhnəlmiş mənzil fondunun ümumi sahəsinin iki dəfədən çox azaldılması nəzərdə tutulub.
Ekspertlər deyir ki, əsasən 70-ci illərə qədər tikilən “xruşşovkalar” və “Minsk” layihələri əsasında tikilmiş binaların sökülməsi nəzərdə tutulub.
Xətai rayonu ərazisində yerləşən NZS adlandırılan ərazidə köhnə binaların söküləcəyi deyilir. Məlumata görə, rayon ərazisində 100-dən artıq qəzalı bina var, onların bir çoxu NZS-də yerləşir.
Modern.az-a açıqlamasında Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov qəsəbədə kəskin qəzalı binaların sökülməsinə başlanıldığını söyləyib.
“Müxtəlif qəzalı binalar var. Artıq kəskin qəzalı binalar sökülür. Marat Əmirxanov 14, İlqar Xəlilov 46 saylı binalardakı mənzillərdə ölçü işləri artıq aparılıb. Maliyyə Nazirliyi də vəsaitin ayrılmasını təmin edəcək”,- o deyib.
Qeyd edək ki, NZS qəbəsində aparılacaq söküntü işləri “Ağ Şəhər” layihəsinin tərkib hissəsidir.