Bir sıra kateqoriya üzrə rəy verilmiş hərbi xidmətə çağırılanlarla bağlı yekun tibbi müayinəni bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.
Nazirlikdən Vətəninfo.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin Fərmanına əsasən, bu gündən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı 4 kateqoriya üzrə qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir:
sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası),
sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası),
dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası),
həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası).
Yekun tibbi müayinəni Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) hərbi həkim komissiyalarının tibbi müayinəsinin nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparır. Bu müayinələrin keçirilməsi üçün Agentliyin müasir tibbi avadanlıqlarla təchiz edilmiş Tibbi Qiymətləndirmə Mərkəzi də yaradılıb.
Həmçinin Nazirlik tərəfindən yekun tibbi müayinə prosedurunun da rəqəmsal infrastrukturu qurulub. Nazirliyin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminin təkmilləşdirilməsi, aidiyyəti qurumlarla elektron məlumat mübadiləsi imkanları təmin edilib.
Bu da yekun tibbi müayinə xidmətinin çevikliyinin və şəffaflığının artırılmasına xidmət edir.
Yekun tibbi müayinə proseduru aşağıdakı kimidir:
Çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün e-sistem üzərindən Agentliyin “Vətəndaşların qəbulu” altsisteminə göndəriş (Forma 44) daxil edilir.
Göndəriş əsasında çağırışçı üçün əyani müayinəyə elektron növbə təyin edilir.
Növbəlilik əsasında çağırışçılar Agentliyin həkimləri tərəfindən əyani şəkildə tibbi müayinələrdən keçirilir.
Müayinəyə dair qəbul edilmiş qərar elektron sistemə daxil edilir və qərar barədə çağırışçıya elektron qaydada məlumat verilir.
Onu da bildirək ki, çağırışçı yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarla razılaşmadığı halda, o, aidiyyəti qurumların təmsil olunduğu Apellyasiya Şurasına müraciət edə bilər.