Ötən gün ölkənin bir sıra bölgələrində yağan güclü dolu kənd təsərrüfatına ciddi ziyan vurub. Təbii fəlakətin əkin sahələrinə və məhsuldarlığa təsiri ilə bağlı narahatlıqlar fonunda sual yaranır: bu hadisə bazarda məhsul qıtlığı yaradaraq qiymət artımına səbəb ola bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, ümumilikdə iqlim dəyişiklikləri Azərbaycanda aqrar sektorun inkişafına mənfi təsir göstərir.
Onun sözlərinə görə, son illərdə məhz iqlim faktorları səbəbindən aqrar sektorda tədarük göstəriciləri təxminən 15 faiz azalıb.
“Düzgün strateji planlaşdırmanın aparılmaması, hava şəraitinin qeyri-sabitliyi və iqlim dəyişikliklərinin təsirlərinin əvvəlcədən tam nəzərə alınmaması sektorun inkişafını ləngidir. Bu baxımdan, xüsusilə əkinçilik sahəsində süni intellekt əsaslı planlaşdırma alətlərindən istifadə vacib hesab olunur”.
R.Abbasbəylinin fikrincə, son dolu hadisəsi ciddi ziyan vursa da, qısa müddətdə bazarda bahalaşmaya səbəb olmayacaq:
“Hazırda yaz mövsümü olduğuna görə tədarük göstəriciləri yüksəkdir. Bu isə bazarda təklifin artmasına gətirib çıxarır. Digər tərəfdən, xarici bazarlara çıxış imkanları da müxtəlif geosiyasi səbəblərdən məhdudlaşıb. Bu da daxili bazarda yerli məhsulların daha çox satışına şərait yaradır və qiymətlərə təzyiqi azaldır. Qiymət artımı gözlənilməsə də, baş verən təbii hadisələr fermerlər üçün ciddi maliyyə itkilərinə səbəb olur. Bu cür zərərlər uzunmüddətli perspektivdə aqrar sektorda fəaliyyət göstərən subyektlərin sayının azalmasına, bəzi fermerlərin isə bazardan çıxmasına səbəb olur.
Razi Abbasbəyli hesab edir ki, bu risklərin qarşısını almaq üçün aqrar sığorta sistemi daha geniş şəkildə tətbiq olunmalıdır:
“İlk növbədə güzəştli şərtlərlə aqrar sığorta mexanizmləri kütləviləşdirilməlidir. Kənd təsərrüfatı subyektlərinin sığortalanması təşviq olunmalı, sığorta şirkətləri isə iqlim risklərini daha ciddi nəzərə almalıdır. Qarşılıqlı nəzarət mexanizmi formalaşmalıdır – sığortaçılar ödəniş risklərini azaltmaq üçün fermerlərlə sıx işləməli, fermerlər isə iqlim dəyişikliklərini nəzərə alaraq fəaliyyətlərini planlaşdırmalıdır”.
Ekspertin qənaətinə görə, dolu kimi gözlənilməz təbiət hadisələri qısa müddətdə qiymətlərə ciddi təsir göstərməsə də, uzunmüddətli dövrdə aqrar sektorun zəifləməsinə və istehsalın azalmasına səbəb ola bilər.


























