image-7backend

BURA GÜVƏNLİ DEYİL, TƏCİLİ TƏK EDİN

image-reklam_sirab_01

ÖTƏRXAN ELTAC
(Şəhid Zaur İsmayılzadənin qəhrəmanlıq dastanı)
Qarabağ… bir zamanlar qan çanağını xatırladan və qanlı döyüşlərin ara vermədiyi ulu yurd… bir çox hallarda əliyalın da olsa düşmənin üzərinə şığıyan ölümsüz oğulların döyüş meydanı… O gün orada – o qanlı savaşlarda tanıdılar bir-birini. Biri tibb bacısı olaraq yaralıları ölümün pəncəsindən qurtarmaqda ikən, digəri torpaqlarımızın azadlığı üçün ölümün üzərinə yürüdü. Ölümsaçan güllələr qorxutmadı onları, bir-birinə könül verib əhd bağladılar, hətta könül sevgisi də qisasla qoşalaşıb düşmənin başına od ələdi.
“Atəşkəs müqaviləsi” bağlandıqdan sonra böyük bir mağar quruldu yaşıllıqlar üzərində. Qonaqların əksəriyyəti hərbçilər idi. İllərdən bəri topun, qradın mərmisini, güllələrin vıyıltısını, tankların nərəsini “Vağzalı” zənn edən cəsur oğulların şıdırığı düyün rəqsi və qara zurnanın könül ovsunlayan harayı ağrılı günləri qismən unutdurmaqda idi.
O gecə uzun-uzadı sağlıqlar deyildi, xoşbəxtlik, firavanlıq arzulandı. Qarabağın yağı düşmənlərdən azad olunması üçün bütün əllər Tanrıya uzandı, dualar oxundu. Səhərə qədər çal oynasın, vur çatlasın susmadı. Hətta ürəyi atlanan bir çox cavanlar nişan, elçi, yaxud da düyün vaxtını bir az qabağa çəkməyə tələsdilər.
Zaman sürətlə ötüb keçdi.
Hərbçi ailəsində – Lənkəranın İstisu qəsəbəsində göz açdı dünyaya Zaur. O zaman artıq Nizami Cəlilabadın Göytəpə qəsəbəsində xidmət edirdi. Odur ki, ailəsini də yanına gətirdi. Zaur qəsəbədəki milli qəhrəman Vüqar Mürsəlovun adını daşıyan təhsil ocağında birinci sinfə qədəm qoydu. Hər gün apardığı yeməyi sinif yoldaşları ilə bölür, bəzən bir loxma da olsa dilinə vurmurdu. Şən, mehriban, zarafatcıl, həlim, xeyirxah olduğu qədər də nadinc və ərköyün idi.
Müharibənin nə olduğunu yaxşı anlayırdı Zaur. Çünki 1-ci Qarabağ savaşını təfərrüatı ilə valideynlərindən öyrənə bilmişdi. İşğal altına keçən kənd və qəsəbələrin, şəhərlərin, dağ və dərələrin adını əzbərləyərək, sinif yoldaşlarına, məhəllə uşaqlarına öyrətməkdən yorulmurdu. Və inanırdı ki, bir gün o da silaha sarılıb düşmən üzərinə yeriyəcək. Bax o zaman namərd düşmənin kökü bu torpaqlardan birdəfəlik kəsiləcək.
Zaur həqiqi hərbi xidməti başa vurduqdan sonra yenidən ordu sıralarına yazılmış, müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlamışdı. Hətta 2016-cı ildə – “Aprel döyüşü” kimi tarixə düşən dörd günlük savaşda düşmənin başına od yağdırmış, diribaşlığı, cəsarəti ilə silahdaşlarına örnək olmağı bacarmışdı.
Zaur əməlisaleh, xeyirxah, təmənnasız, umacaqsız bir oğul olmaqla yanaşı, etibarlı, güvənli, vəfalı, tikəsini hər kəslə bölüşən, qorxmaz, cəsur bir döyüşçü, komandir idi. Heç bir əsgərin ondan qabağa keçməsinə imkan verməz, ölümün gözünə dik baxardı. “Ehtiyatlı davran, güllə dost-düşmən tanımaz. Və unutma ki, arxada səni gözləyən valideynlərlə yanaşı, əlinin xınası qurumayan nişanlın da var, Zaur. Onu da unutma ki, döyünən ürəyin tək sənə aid deyil, orada mən də varam”. Zaur nişanlısının son görüşünü – lal baxışlardakı harayı xatırlasa da, öncə Vətənin – tapdaq altda inləyən torpaqların fəryadına səs verməyə çalışdı.
Qorxmazlığı, cəsarəti ilə qəhrəmanlıq tarixi yazan oğullarımız həqiqətən də mənfur düşmənə elə bir zərbə vurdu ki, illər, əsrlər keçə də unudulmayacaq. O igidlərin arasında cəsarəti, təpəri, dəliqanlılığı il seçilən oğullardan biri də elə Zaur idi. Hərbçi ailəsində doğulan Zaur körpəlikdən öz yolunu seçmiş, mıəhz hərbçi olacağını qətiləşdirmişdi. Oyuncaqlarının əksəriyyəti hərbi maşınlar, tanklar, avtomat və pulemyotlardan ibarət idi. Nişangahında isə həmişə düşmən əsgəri olurdu. Xocalıda, Qaradağlıda, Ağdabanda baş verən soyqırımları xatırladıqca, düşmənə olan nifrəti birə-beş artır, terminator kimi düşmənin içərilərinə girərək, qırıb-çatmaq, darmadağın etmək istəyirdi. Döyüşə getmək üçün “niyə tez böyümürəm, ana” deyə elə tələsirdi ki. Düşünürdü ki, təkbaşına bütün Qarabağdan çıxara biləcək düşməni. Uşaq yaşlarından geyindiyi hərbi libasa o qədər öyrəşmişdi ki, özünü bir hərbçi sanır, yanından keçən komandirlərə hərbi salam verməkdən qürur duyurdu.
Hərbçilərin arasında böyüdüyü üçün elə hərbçi kimi formalaşmışdı. Qətiyyəti, ağzının kəsəri bir yana, həm də işgüzar, əməksevər bir oğul idi.
O, hərbçi olmaq arzusu ilə Naxçıvanski adına hərbi liseyə hazırlaşırdı. Amma zaman elə gətirdi ki, liseyə girə bilmədiyi kimi, ali təhsil ocağına girməyə də bəxti gətirmədi.
O, həm də pianoçu idi, ara-sıra əzbərlədiyi şeirləri dodaqaltı zümzümə edir, pianonun dilinə uyğunlaşdırmağa çalışırdı.
Sevil ana körpə balaları ilə tez-tez Şəhidlər Xiyabanına baş çəkir, şəhidlərin döyüş yolu haqqında bacardığı qədər məlumat verirdi onlara. Beş yaşlı naməlum qızın qəbri onun diqqətini çox çəkmişdi. Ona görə də hər dəfə paytaxta gələndə o qəbrin üzərinə daha çox çiçək düzərdi. Böyüdükdən sonra da Zaur beş yaşlı qızı unutmadı. Doğması, əzizi kimi xatırladı, ziyarət etdi.
Zaurun naməlum qəbirlə söhbəti də diqqətçəkən idi. Çünki özünü günhakar sanırdı Zaur. Sanki bütün baş verənlərin, 20 Yanvar dəhşətinin, Xocalı soyqırımının günahkarı da o idi. Niyə bu facilər baş verdi, qarşısını almaq mümkün deyildimi? – deyə özünü qınayır, hələ də qisas alınmadığı üçün yanıb-yaxılırdı. Beş yaşlı qızın baş daşı ilə qarşı-qarşıya durub: “Qisasın alınacaq, tək sənin, onun, o birinin deyil, hər birinizin. Başınıza gətirlən müsibətlərin əvəzini onlara yaşadacağıq. Yurdsevər, vətən canlı oğulların sayəsində qisas qiyamətə qalmayacaq. Rahat uyu, ruhun azadlığa qovuşanadək mübarizədən yorulmayacağıq” dedi.
Zaur inanırdı, inanırdı ki, dilindən havalanan hər kəlmədə bir işıq var. O işıq onları sabaha – Qələbəyə çatdıracaq. O gün bütün ruhlar şad olacaq, tapdaq altda inləyən torpaqlar çiçək açacaq, gülşənə dönəcək.
***
Yurd üçün, dost üçün canından keçməyə hazır olan Zaur vətənpərvərliyi ilə örnək oğullardan olub həmişə. Bütün bununla yanaşı, “Tərtər hadisələri” kimi tarixləşən o amansız böhtan onu da çulğadı. Qandallanmış vəziyyətdə qaranlıq zirzəmilərdə ac-susuz işğəncələrə məruz qalsa da, yenə də nəyisə sübut edə bilmədilər. Ədalətin boynuna şər zənciri keçirmək istəyənlər poladda taxta mıxla deşik açmağın mənasız olduğunu yaxşı anladılar. Amma yenə də işğəncə altında nəyə isə nail olmağa çalışdılar. O zaman valideynlərdən uzaq olan Zaur yaralı barmaqları ilə qəlbinin göynərtisini anasına ünvanladı.
“Ana, bu şeiri sənə yazıram.
Bu üç güllədən birisi nə vaxtsa mənim həyatıma son qoyacaq. O şanlı şəhidlik mərtəbəsinə yüksələcəm, anam, dərdli anam! Sənsizlik məhv edir məni, bunu bil. Uşaqlıqda etdiyim səhvlərin fərqindəyəm, düzələcəyəm. Nigaran qalma ana, mən nə biləydim ki, bu çirkin dünyada saf, təmiz insanlara yer olmayacaq. Qurban olum, mənim də xəyallarım – sevdiyim var. Amma sənsiz heç nəyim yoxdur. Yoxdur, ana, yoxdur. Mənə nəsə olsa, o, sənə əmanət olsun, ana. Sən də əmanətə xəyanət etməyəsən. Sağ ol, mavi gözlüm, sənə əmanəti unutma!
Bütün şəhidlərimin qisasını alacam.”
Sevincimə kədər qatdım
Yerli, yersiz ağlatdım.
Gül üzündən yaş axıtdım
Bağışla, bağışla məni, anam.

Üşüyürəm, qucaqlayan yox,
Ağlayıram göz yaşımı silən yox
Yuxusuz gecələrdə lay-lay deyən səsin yox
Pis günümdə halıma yanan anam yox
Bağışla, bağışla məni anam.

Qəm-qüssənin, kədərin mən
Göz yaşının səbəbi mən
Üzündəki o gülüşün məhəbbəti mən
Ana, ana haradasan deyib
Başın daşlara döyən mən
Bağışla, bağışla məni anam.

Sənsiz keçən illərim
Qış olub fəsillərim
Açmır həyat çiçəklərim.
Məhv olub xəyallarım
Dağları keçib dərdlərim
Bağışla, bağışla məni anam.

Zaur hərbi qulluqda ikən böyük bir haqsızlığa uğradı. Məkrli ilgəklər, hiyləgər məhəccərlər onu məngənədə sıxsa da, zülmün illətinə tablaşaraq işgəncələrə sinə gərdi. O, böhtanlardan xilas olsmağı bacardı, amma hərbi xidmətdən uzaqlaşdırıldı. Arzularını içində boğmağa çalışdı, amma mümkün olmadı.
O, anasına və özünə söz vermişdi ki, bütün şəhidlərin qisasını alacaq. Ümidlərinin sönəcəyi bir vaxtda Ali Baş Komandanın dəmir yumruğu havaya qalxdı. Zaur o gün sanki yenidən doğuldu. Fərəhində yerə-göyə sığmırdı. Axı qisas vaxtı idi…
Zaurun illər öncə söylədikləri oxa, gülləyə çevrilib düşmənin gözünə, köksünə saplandı. Zirehi dəmir yumruq olan cəngavər oğullar torpaqlarımızı düşmən caynağından azad edib azadlığına qovuşdurdu. Bu azadlıq illərdən bəri sızıldayan yaralara məlhəm oldu. Qələbənin sevinci yanaqlara təbəssüm, qəlbə fərəh çilədi.
Zaur döyüş bölgəsinə yola düşəndə arxasınca su atıb uğurlayan diləyən olmadı. O gün ana xeyir-duası eşitmədi Zaur. Çünki Sevil xanım birinci Qarabağ savaşında olduğu kimi, Vətən müharibəsi başlayan gün də tibbi ləvazimatla dolu çantasını çiyninə aşırıb döyüş bölgəsinə – hospitala yollanmışdı. Çünki döyüş bölgəsində adi sıravi bir tibb bacısının nə qədər əhəmiyyətli olduğunu yaxşı bilirdi. İllər öncə neçə-neçə yaralını ölümün pəncəsindən qurtarmış, neçəsinə yeni həyat bəxş etmişdi. Neçə ananın, bacının, neçə-neçə əlinin xınası qurumayan gəlinin gözünü yollardan yığmışdı. Ona görə də budəfəki müharibədə yenə də yaralıların dadına çatmağa çalışdı.
27 sentyabr 2020-ci il. Ana oğluna zəng etdi.
-Haradasan, oğul?
-Tovuzdayam, ana! Zaur cavab verdi.
-Xeyir ola, orada neyləyirsən?
-Arzularımı həyata keçirmək üçün əsl məqam yetişib ana. Hələ Birinci Qarabağ savaşında sən özünü ön cəbhədə lazım bildiyin kimi, mən də ordumuzun önündə yer almaqdan qürur duyuram, dedi Zaur.
Bir anlıq da olsa, yarası sağalmadan yenidən döyüşə can atan bir cəsurun, göz yaşları içərisində şəhid balasını axtaran valideynin, təlaşla yaralılar arasında nişanlısını axtaran əli xınalı bir qızın həyəcanı göz önünə gəldi. Bir istilik sardı vücudunu. Bir anlıq sanki nitqi tutuldu. Amma kimsənin xəbəri olmadan döyüşün ağuşuna atıldığı günləri xatırlayanda vahimə cəsarətlə əvəzləndi. “Hər şey Vətən üçün” kəlməsi dilindən puçurlandı. Bax onda Zaura haqq qazandırdı.
Zaur həqiqi hərbi xidmətini Tovuzun düşmənlə sərhəd kəndlərində xidmət etdiyi üçün oraları yaxşı tanıyırdı. Hətta 2020-ci ilin iyulunda baş verən dördgünlük Tovuz döyüşündə də iştirak etmək üçün ora yollanmışdı. Həmin döyüşdə şəhadətə yüksələn general Polad Həşimovun ölümü ilə barışa bilmirdi. Döyüş zamanı generalın itkisi böyük bir zərbə olduğunu yaxşı anlayırdı. Odur ki, bir ay müddətində Tovuzda qalaraq qisas əməliyyatına qoşulmağa cəhd etsə də, arzusuna çata bilməmişdi. Sentyabr ayında hücum əməliyyatları başlayanda yenə də üz tutmuşdu Tovuza. Ona elə gəlirdi ki, döyüş məhz Tovuzdan başlayacaq.
Ertəsi gün Lənkəran hərbi komissarlığından edilən zəng Zaur üçün bir ümid oldu. Dərhal rayona dönüb səfərbər olunan gənclərə qoşuldu. Artıq sentyabrın 28-də Füzulidə – ön xətdə idi.
Zaur özündən razı, bir qədər də məmnun halda Vüqar Əmrayevlə birgə Füzuli istiqamətində döyüşlərə qatıldı. O gün yer-göy od tutub yanırdı. Havada uçuşan raketlərin, nərəsi bağır yaran tankların, pilotsuz aparatların, avtomat və pulemyotların ətrafa ölüm çiləyən qoxusu, mərmi və güllələrin saplandığı sinələrdən qopan ah, yaralıların fəryadı, haray-qışqırıq səsləri sanki dünyanın sonunu xatırladırdı. Bölük itki versə də, irəliləyir, düşmənin sonuna çıxmağa çalışırdı. Qarşıdakı yarğanda mövqelənməklə güllələrin qarşısına qismən də olsa sədd çəkmək mümkün idi.
Zaur irəliləmək, düşmənin hədəflərini darmadağın etmək üçün növbəti tapşırığı verdi. Hələ Tovuz istiqamətində xidmət keçərkən düşmənin nə qədər məkrli və hiyləgər olduğuna şahidlik etmişdi. Ona görə də “ehtiyatı əldən verməyin, düşmənə etibar etmək olmaz” deyə dönə-dönə vurğulayırdı.
Bölük Horadiz dairəsinə çatanda qızğın döyüşlər səngiməmişdi hələ. Tanklar öndə, piyada qoşun isə ardınca irəliləyirdi. Şükür Həmidovun tapşırığı ilə istiqaməti təyin edən bölük əsas hədəfləri müəyyən edəndən sonra hücuma keçdi.
Füzulinin ətrafında yerləşən kəndlərin düşməndən təmizlənməsi üçün atılan addımlar düşməni sarsıtsa da, güclü müqavimət sürətli irəliləyişə mane olurdu. İllərdən bəri möhkəmləndirilmiş postlar, mina sahələri, yeraltı tunellər sayəsində gizlənməyə, mövqelənməyə çalışsalar da, ordumuzun hava hücumuna cavab verməkdə aciz olduqları apaydın hiss olunurdu.
Zaur Elgizlə qarşılaşanda heyrətini gizlədə bilmədi. 2016-cı ildən bəri ilk dəfə idi görüşürdülər. Döyüşlərdə ölümsüzlük qazanan, bir-birinə arxa-dayaq olan iki dost bir-birinə sarıldı. Tale onları yenə səngərdə qarşılaşdırdı.
Etibar etdiyi, güvəndiyi, silahdaşı (MAXE) Elgiz Salahlı ilə birgə “Aprel döyüşləri”ndə düşmənin başına od yağdıran Zaur, bu dəfə də onun döyüş təcrübəsinə, peşəkarlığına, cəsarətinə güvənərək, daha az itki ilə uğura addımlayacağına inanırdı.
Bölük digər hərbi birləşmələrin də qatıldığı döyüşdə xeyli irəliləyə bildi. Düşmən bir çox hallarda silah-sursatını, ağır texnikasını ataraq, hətta yaralı silahdaşının yalvarışına əhəmiyyət vermədən qaçır, canını qurtara bilməynlər isə hədəfə tuş gələrək ölümlə qucaqlaşırdı. Sürətli irəliləyiş ətraf kəndlərin azadlığını sürətləndirdikcə, düşmən vahimə içərisində geri çəkilirdi.
Bölük Qarğabazara çatanda artıq toran çalırdı. Bir yandan da güclü yağış yağır, torpaq saqqız kimi çəkmələrdən yapışırdı. Güllə səsləri qismən kəsilsə də, leysan sədd çəkmişdi irəliləyişə. Payız küləyi də bir yandan qəsdə durmuşdu sanki. Təpədən-dırnağacan islanan canavar oğulların qurulanmağa ehtiyacı olsa da, nə bir daldalanacaq vardı, nə də irəliləmək üçün fürsət. Yağış daha da şiddətlənməkdə idi. “Bu da Allahın lütfüdür bəlkə” – Zaur dilləndi. “Haqqın qələbəsi üçün Tanrı düşmənə fürsət verməz, bu yağışın göndərilməsində bir hikmət olduğunu yəqin edin”, Elgiz dostunun fikri ilə razı olduğunu təsdiqlədi.
Artıq gecə yarıdan keçmişdi. Külək əsməsə də, gecənin soyuqluğunda qurumayan, sıxılaraq geyinilən libaslar bədənin hərarətinə qarşı müqavimətdən buxarlanırdı. Düşmənə olan nifrət, qazanılan uğurlar və düşüncələrdəki qələbə sevinci zamanın ixtiyarını əlindən almışdı.
Ertəsi gün bölük növbəti hədəfi darmadağın edib səngərə girdi. Xeyli itki verən düşmən geri çəkilsə də, postun arxa üzündəki yarğanda mövqeləndiyindən kiminsə xəbəri yox idi. Zaur dərhal özünü yetirdi. “Bura güvənli deyil, təcili tərk edin.” Hətta “digərləri fərqinə varmaya bilər, sən ki, təcrübəlisən, ay Vüqar, düşmən səngərində mövqelənmək ölümə gözüyumulu getmək kimidir” deyə səsini qaldırdı. “Dərhal tərk edin, tərk edin!” Hər kəs silahını götürüb uzaqlaşmağa çalışdı. Səngər yenicə boşalmışdı ki, minaatanlar işə düşdü. Bəlkə 5-10 saniyəlik bir zaman idi döyüşçüləri ölümdən xilas edən. Aramsız atəş səngərin külünü göyə sovurdu.
Yenə də təcrübə hər kəsin dadına çatdı. Zaur olmasaydı, o gün kimsə salamat qurtula bilməyəcəkdi ölüm tələsindən. Bütünlüklə bölük məhv olacaqdı. Amma komandirin qətiyyəti nəticəsində kiminsə burnu qanamdı.
Hücum dayanmadan davam etdirildi. Bölük sürətlə irəliləyir, qaçan düşmənin mövqelənməsinə imkan vermirdi.
Zaurun “eyni anadan doğulana qardaş, eyni ana üçün ölümə gedənlərə isə qəhrəman deyirlər” fikri silahdaşları arasında sloqana çevrilmişdi. Çünki tək sözdə deyil, hətta əməldə də özünü sübut eləmiş, silahdaşlarına örnək olmağı bacarmışdı. Hətta onu da demişdi ki, 95 faiz şəhid, 5 faiz qazi kimi qayıdacam bu döyüşdən. Deməli, Zaur şəhidlik mərtəbəsinə ucalacağını öncədən qətiləşdirmişdi.
Növbəti hücum dan yeri ağaranda baş tutacaqdı. Hər kəs hazır vəziyyətdə idi, bəlli məsafəni qət etdikdən sonra hədəflər susdurulmalı, mövqelər ələ keçirilməli idi. Bölük təyin olunan vaxtda yola düşdü. Seyrək meşəliyin kandarına çatar-çatmaz düşmənin qara maskalıları – Xüsusi Təyinatlılar ilə rastlaşdılar. Başlanan döyüş düşmən qüvvələrinə göz açdırmadı. O gün düşmən ağır itki verdi, bir neçə ağır texnika yerindəcə məhv edildi, sağ qalanlar isə qaçmağı üstün tutdu. Bir neçə minaatan, zirehli transportyor işlək vəziyyətdə ələ keçirildi.
Bir gün Zaur anasına zəng elədi, tapşırdı ki, yaralılara yaxşı baxsın.
-Ana qurban, bu mənim borcumdur, əlimdən gələni edirəm ki, yaralılara məlhəm ola bilim, daha tez sağalıb ayağa dursunlar.
-Yox, ay ana, daha yaxşı bax, bir də Mehdinin (bacısı oğlu) əmanəti.
Sanki o gün Zaur anası ilə vidalaşırdı… Bəlkə də ürəyinə dammışdı…
Müharibənin dəhşətini, onun ağrılarını analar da yaxşı dərk edir. Çünki dönüşü olmaya da bilər bu gedişin. Sevil ana oğlunun dönməyəcəyini hiss eləmişdi, amma içində yalançı bir ümid yaradıb “Zaur, ehtiyatlı ol, yolunu gözləyənlərin xətrinə” deyir, özünə təsəlli verməyə çalışırdı. Zaur da: “Ana, düşmən gülləsi mənə heç nə eləyə bilməz” deyib ümid verirdi anasına.
Şəhidlik bir qürur versə də, ananın qəlbini yandırır.
Bir xəstənin sağalması həkim üçün nə qədər qürurludursa, bir yaralı əsgəri sağaltmaq daha qürurvericidir. Fikirləşəndə ki, sağalan əsgər yenidən döyüşlərə qoşulub Vətən torpaqlarını azad edəcək, qisas alacaq, onda sevincin həddi-hüdud olmur.
Qızğın döyüş getsə də özündən qabağa kimisə buraxmazdı Zaur. Hər zaman “ardımca” deyib döyüşlərə qoşular, sanki əsgərləri öz balası kimi qoruyardı.
Obaşdan düşmənin bir neçə ağır texnikasını məhv etmək mümkün olsa da, irəliləyən texnikanın ardı-arası kəsilmirdi. Canlı qüvvə qarışqa kimi yerin altından qaynayırdı elə bil. Belə bir vaxtda Zaur özünü şumluğa verdi. Mərmi dolu kimi yağırdı, sanki göydən od tökülürdü. Füzuli istiqamətində şiddətlənən döyüşlərdə düşmən ağır itki verərək geri çəkilir, ərazilər ard-arda azad olunurdu. Əhval-ruhiyyə artdıqca, ələ keçirilən hərbi qənimətlərin də sayı artırdı.
O gün düşmən ordumuzun gözlənilməz zərbəsindən sarsılsa da, hiyləgərlikdən əl çəkmədi. Erməni əsgərinin ağ bayraq qaldıraraq bölüyə tərəf irəliləməsi, sonra da yoldan dönüb şumluğa girməsi qurulmuş bir plan – ölüm tələsi idi. Tələyə doğru addımlayan bölük qaçmaqda olan ağ bayraqlı yaraqlını yerindəcə gəbərtdikdən sonra, daha da irəli atıldı. Baş verənlərin nə demək olduğunu anlamağa çalışan Zaur qəti qərar verdi. “Hər kəs dərhal şumluğu tərk etsin! Bu bir hiylədir, hər birimiz ölümə doğru gedirik!” Bölük vaxt itirmədən geri döndü. Eyni zamanda düşmən artilleriyası həmin nöqtəni elə dəqiqliklə vurdu ki, Zaurun təcrübəsi, ayıq-sayıqlığı dada çatmasaydı, heç kim o tələdən salamat qurtula bilməyəcəkdi.
Növbəti gün 84 nəfərdən ibarət olan bölük qarşıdakı hədəfi darmadağın etmək üçün hərəkətə keçdi. Ağır texnikanın və canlı qüvvənin irəlilədiyini görən düşmən keçilməz pusqu quraraq yenə də hiyləyə əl atdı. Bölük qısa zaman ərzində demək olar ki, tamamilə mühasirəyə düşdü. Qızğın döyüşdə hər iki tərəf ağır itki versə də, sağ qalan 7 nəfərlik dəstə düşmənin hədəflərini susdurmağı bacardı. Amma Zaurun səsi eşidilmirdi ta. Güllə səsləri də səngimiş, toz dumanı ənginliklərə yol almışdı. Hər tərəf cəsəd və yaralılarla dolu idi. İnilti ürək dağlayırdı. Zaur sanki qeybə çəkilmişdi. Nəhayət, şəhid və yaralıları təhlükəsiz yerə çəkmək üçün fürsət yarandı.
Yaralarından qan axdıqca, rəngi qürub günəşitək saralırdı. Taqətdən düşən Zaur çətinliklə nəfəs alır, bir yandan da tir-tir əsirdi. Silahdaşı Ramin (Hacıqabullu idi) əynindəki qalın gödəkçəni çıxarıb onun üzərinə saldı. Soyuqdan qorumağa çalışdı. Təəssüf ki, Zaur hospitala çatmamış ölümə qucaq açdı və bir gün sonra Ramin adı ilə Hacıqabulda dəfn edildi. Zaurdan xəbər tuta bilməyən ana təlaş içində var-gəl edir, keçmiş silahdaşlarının vasitəsi ilə əlaqə yaratmağa çalışırdı. Amma çifayda. Torpaqlarımızın azadlığı üçün ölümə hazır olduğunu əməli ilə də sübut etmiş, arzusunda olduğu ali məqama yetişmişdi Zaur.
Raminin valideynləri dərin hüzn içində ikən evə zəng gəldi. Tərəddüd, təəccüb, heyrət və həyəcan içində hər kəs dəstəyin o başından gələn səsi dinləyirdi. Bəli, o idi, Ramin. Bəs dəfn etdikləri kim idi? …hər kəs heyrətdən donmuş, nitqlər tutulmuşdu. Handan-hana övladının sağ olduğuna inanan atanın gözləri yas mərasimi üçün qurulan çadıra sataşdı. Göz yaşlarını saxlaya bilmədi. Hönkürtüdən üşənən Ramin qətiyyətlə sağ-salamat olduğunu bildirəndən sonra hər kəsin dodağından ürkək bir təbəssüm boylandı. Elə bir təbəssüm ki, əvvəlcə bənizə yayılacaq, sonra isə bütün vücudu – ruhu saracaqdı.
Zaurun nəşi Hacıqabuldan Lənkəranın İstisu qəsəbəsinə köçürülənədək kimsə onun öldü-qaldısından xəbər tuta bilmədi.
***
O, bir cəsur döyüşçü olmaqla yanaşı, həm də xeyirxah qəlbə malik humanist bir insan idi. Əl tutmağı, kiminsə dadına çatmağı adət eləmişdi. Hətta bir gün sosial şəbəkələrdə rast gəldiyi bir elanın izi ilə Ağcabədiyə getmiş talassemiya xəstəsi olan körpəyə qan vermişdi. Bu xeyirxah əməl sahibi o vaxtdan sonra hər ay körpəyə baş çəkərək qan verir, bir dəfə də olsun, onu unutmurdu. Bir gün Sevil xanım: “ay oğul, özünü lap donora çevirmisən, səhhətinə təsiri olar haaaa” demişdi. O da, cavabında: “ay ana, əlimdən başqa kömək gəlmədiyi üçün belə yardım etmək istədim”. “Hə, neynək, oğul, Allah şəfasını versin” deyib oğlunun boynunu qucaqlamışdı.
Uca məqamda özünə yer seçən Zaur anasının yuxularına girməyə çalışdı:
Sübh çağıdır. Günəşin al şəfəqi Xəzərin göy sularında bərq vurur. Mənzərənin ecazkarlığını sözlə vəsf etmək heç bir qələm sahibinin qüdrəti deyil. Əks tərfdə isə əsarəngizliyi ilə könül ovsunlayan çəmənliklər. Sayı-hesabı bilinməyən ərgən oğullar toplum halında dənizin o başından yenicə doğan Günəşə doğru addımlayır. Hamısı da eyni boyda, eyni biçimdə, eyni geyimdə, sanki bəylik taxtına oturacaqlar. Mənim dayandığım yer quru torpaqdan ibarət olduğu halda, onların ayaq basdığı çəmənlik laləzarlıqdan ibarətdir. Zaur da onların arasında idi.
-Ay Zaur, ay Zaur deyə səsləndim. Arxaya çevrilib gülümsündü. Sonra yenə də onlara qoşulub üzü Günəşə tərəf getdi.
***
…Novruzqabağı idi. İri bir bənövşə dəstəsi alıb məzarlığa getdim. Hər qəbrin üstünə bir, şəhid məzarlarına iki, əlimdə qalanların hamısını isə Zaurun məzarı üstünə qoydum. Baş daşını qucaqlayıb göz yaşı axıtdım… dərdlərimi bölüşdükdən sonra evə döndüm. Qızım bir stəkan çay süzdü, elə halsız idim ki, bir qurtum belə içməyə taqətim yox idi. Oturduğum yerdə huş məni apardı. Zaur mənə tərəf gəlirdi, o qədər sevincli, fərəhli idi ki, yerə-göyə sığmırdı. Mən də fərəhimdən, “Zaur, Zaur qurban olum, harada idin, nə yaxşı döndün” deyə qışqırır, dilim ağzıma sığmırdı. Ay camaat, Zaur gəlib, deyə bir haray salmışdım ki… Amma Zaur maddım-maddım üzümə baxıb, arabir gülümsəyirdi….
***
…bir dəfə xəstələnmişdim, iynə vurdurmaq üçün qonşuya getdim. Orada halım pisləşdiyi üçün təcili yardım çağırıblar. İlk tibbi yardımdan sonra öz evimə gətirsələr də, heç nədən xəbərim olmayıb. …Gördüm ki, yerin altında – tuneldəyəm, hər tərəfədən rəngbərəng sarmaşıq güllər sallanır, ətri adamı bihuş eləyir. Birdən Zaur o güllərin arasından çıxıb mənə tərəf yaxınlaşdı. Həmişəki kimi yenə də gülümsəyirdi. Əlini alnıma qoyub “ana, narahat olma, sağalıb duracaqcan ayağa” deyib bir daha sığal çəkdi başıma. Sonra o gülləri aralayıb tunelə girdi. Qışqırdım ki, Zaur, getmə, getmə! Təəssüf ki, öz səsimə ayıldım.
***
…Döyüşçü Reyhan xanım Sevil xanıma söz vermişdi bir gün gələcək, birlikdə Zaurun məzarını ziyarət edəcəklər. Amma vaxt bir xeyli uzanmışdı. Bir gecə Zaur Reyhan xanımın yuxusuna girdi.
-Ay Reyhan xala, anam sənin yolunu gözləyir, niyə getmirsən ki?! Bəlkə pulun yoxdur? Buyur, bu sənin yol haqqın, buna da anam üçün bir şərf alarsan, deyib əlindəki bir dəstə pulu ona uzatdı.
Reyhan xanım obaşdan bir şərf alıb Sevil xanımın görüşünə tələsdi.
Zaurun xatirələrini vərəqlədikdən sonra yuxunu bircə-bircə anlatdı. Sevil xanım özünü toxtaq tutmağa çalısa da, şərfin ləçəkləri barmaqlarına dolananda özünü saxlaya bilmədi. Çünki tək bircə gün öncə ürəyindən keçirmişdi: “şərfim köhnəlib deyəsən, bir başqasını alsam daha yaxşı olar”. O da Zaura əyan olub…
Zaur cəsarəti ilə düşmənin səfini dağıtdı, ölümün gözünə dik baxaraq kabusa çevrildi, yenilməzliyi ilə qəhrəmanlıq dastanı yazdı, örnək, ibrət oğullardan oldu. Döyüşlərdə göstərdiyi rəşadətə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olundu.

image-7 image-8 image-9


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki