Türkiyənin Sarıgerme qəsəbəsində çimərlik güləşi üzrə Dünya Seriyasının ilk mərhələsinə yekun vurulub.
Azərbaycan Güləş Federasiyasından bildirilib ki, iki gün davam edən yarışda kişilər arasında 4 çəkidə iştirak edən milli üzvləri 3 medal qazanıb.
Belə ki, qrup mərhələsini 4 güləşçimiz uğurla adlayıb. Onlardan İbrahim Yusubov (90 kq) yarımfinal və final görüşlərindən qalib ayrılaraq qızıl medala sahib çıxıb. Ramiz Həsənovla (70 kq) Omid Kamaliagdam (80 kq) bürünc medal əldə edib. Oyan Nəzəriani (+90 kq) yarışın ilk günündə qolundan ciddi zədə aldığı üçün medalın bir addımlığında dayanıb və bürünc medal görüşündə iştirak etməyib. Beləliklə, çimərlik güləşi üzrə milli yeni mövsümü 1 qızıl və 2 bürünc medalla açıb.
Azərbaycan 67 xal toplayaraq Gürcüstandan cəmi 1 xal geri qalıb və komanda hesabında 2-ci olub. Ev sahibi Türkiyə isə 58 xalla 3-cü olub.
Qeyd edək ki, Dünya Seriyasının ilk mərhələsində I-S kateqoriyalı hakim Sədi Quliyev ədaləti qoruyub.