image-thumbbackend

Dövləti və xalqı xaosun girdabından çıxaran xilaskar lider

image-reklam_sirab_01

Kamaləddin QAFAROV
Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya gəldiyi zaman, Azərbaycanda dövlətçilik faktiki olaraq itirilmişdi. Heydər Əliyev bu gəlişlə , ilk növbədə, Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etdi, ölkəni xaos vəziyyətindən çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, milli barışığa nail oldu, bütün sahələrdə dinamik inkişaf tendensiyalarının əsasını qoydu. Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün hər iki mərhələsi həm 1969-1982-ci, həm də 1993-2003-cü illər, qazanılan böyük uğurlar baxımından olduqca oxşardır. Xüsusilə dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik olan ikinci mərhələnin ən başlıca nailiyyəti odur ki, ölkəmizin dövlət müstəqilliyi qorunub saxlanılmış, daha da möhkəmləndirilmiş və inkişaf etdirilmişdir. Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması, işlək bazar iqtisadiyyatına keçid istiqamətində mühüm uğurların əldə edilməsi bu çox mürəkkəb və son dərəcə məsuliyyətli dövrün xarakterik cəhətlərindəndir.
Bütün bu uğurların əsasında ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə tarixi qayıdışı və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri funksiyasını öz üzərinə götürməsi dayanır. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

Bu dövr Ulu öndərin təbirincə desək, “müstəqilliyin əldə edilməsindən daha çətin olan onun qorunması və möhkəmləndirilməsi” ilə xarakterizə olunurdu. Müstəqilliyimizin ilk illərində Rusiyanın siyasi-hərbi elitasında formalaşmış mövqeyə görə, ərazisindən hərbi bazaları çıxarılan və birmənalı olaraq Qərbə inteqrasiya xəttini seçən Azərbaycan regionda Kremlin uzağagedən planları üçün birbaşa təhlükə mənbəyi rolunu oynayırdı. Ulu öndərin Azərbaycanda hakimiyyətə qayıdışına qədərki dövrü əhatə edən mərhələdə ölkə rəhbərliyinin həyata keçirdiyi səbatsız, səriştəsiz və əslində, antimilli mahiyyət kəsb edən daxili və xarici siyasət kursu Rusiyanın Azərbaycana münasibətdə məlum sərt mövqeyinin formalaşmasında az rol oynamadı. Nəticədə, məhz həmin illərdə Rusiyanın himayəsi ilə torpaqlarımızın Ermənistan tərəfindən işğalı həyata keçirildi. Digər tərəfdən isə, Azərbaycan rəhbərliyinin mövcud şəraitə adekvat olmayan məqamda “Cənubi Azərbaycan” problemini qaldırması nəticəsində İranla da münasibətlər son dərəcə kəskinləşdi. Bu yarıtmaz siyasətin nəticəsində faktiki olaraq Azərbaycan həm şimaldan, həm də cənubdan ağır təzyiq altına düşdü. Bu da azmış kimi, ABŞ Konqresi də Azərbaycanı dövlət səviyyəsində hər cür yardımdan məhrum edən “907-ci əlavə”ni qəbul etdi.

Belə bir şəraitdə dövlətçiliyimiz üçün ən təhlükəli perspektiv separatizm və onun nəticəsində ərazi bütövlüyümüzün növbəti dəfə pozulması təhlükəsi ilə bağlı idi. Erməni işğalçılarının aramsız hücumları, cənubda qondarma “Talış Muğan Respublikası”nın elan edilməsi, şimalda “Sadval” təşkilatının ərazi iddiaları və Gəncədə Surət Hüseynova məxsus hərbi hissənin dövlətə itaətsizlik etməsi həmin dövrdə ölkəmizin dəhşətli siyasi kataklizmlər mərhələsində olduğunu bir daha təsdiqləyirdi. Əslində, respublikamız real vətəndaş müharibəsi girdabına sürüklənmişdi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü. Yuxarıda qeyd etdiyimiz kimi, yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra hədəfinə çevrildiyimiz bu ağır problemlər öz həllini tapmağa başladı. Lakin bu prosesin özü də hamar yol ilə getmədi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin himayəsi ilə respublikamızda dövlət çevrilişlərinə cəhdlər edildi. Prezident Heydər Əliyevlə xalqın sarsılmaz birliyi ölkənin bu sınaqlardan da uğurlu çıxışını təmin etdi. Zəmanəmizin dühası olan Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində, əgər bir sözlə ifadə etmək mümkünsə, məhz xilaskar missiyasını yerinə yetirdi.

Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində 1995-ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya iqtisadi sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlərə imza atıldı. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli – Azərbaycan modeli yaradıldı.

Daxili siyasi sabitlik və iqtisadi inkişafa nail olan Heydər Əliyev təkcə düzgün daxili siyasət kursunu deyil, həm də onun davamı olan uğurlu xarici siyasət strategiyasını müəyyənləşdirdi. Balanslı və çoxvektorlu xarici siyasət kursu kimi xarakterizə olunan bu siyasətin prioritet istiqamətlərindən birini Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi təşkil etmişdir.

Bu məqsədlə ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə tarixi qayıdışından sonra münaqişənin həllinə nail olmaq üçün ikitərəfli formatda keçirdiyi çoxsaylı görüşlərdə, beynəlxalq forumlarda, ATƏT-in zirvə tədbirlərində, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, həmçinin Ermənistan prezidenti ilə təkbətək danışıqlarda Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və mahiyyəti, onun törətdiyi nəticələr haqqında təkzibedilməz faktları və arqumentləri ortaya qoymuş, münaqişənin əzəli və tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağı ilhaq edib özünə birləşdirməyə çalışan Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində yarandığını bəyan etmişdi. Heydər Əliyev ölkədə baş qaldırmış separatçı qüvvələri, Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar qrupları zərərsizləşdirdi, ölkədaxili ictimai-siyasi sabitliyi, dövlət ilə xalqın birliyini, yekdilliyini təmin etdi. Nizami ordu quruculuğu prosesi dönməz xarakter aldı. Nəticələr özünü çox da gözlətmədi. Nizami Azərbaycan Ordusunun cəbhə boyu həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar münaqişənin tənzimlənməsi prosesində Ermənistanın tutduğu ənənəvi güzəştsiz mövqeni sarsıtdı. Ermənistan cəbhədə atəşkəsin elan edilməsinə razılıq verməyə məcbur oldu. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il mayın 12-də atəşkəs haqqında tarixi razılaşma əldə olundu. Nəticədə, 1992-ci ilin mart ayında 11 dövlətin iştirakı ilə yaradılmış və missiyası Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik olan ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışıqları intensiv xarakter aldı.

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu uğurlu “neft diplomatiyası” təkcə mühüm iqtisadi məzmun kəsb etmirdi, eyni zamanda, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün münbit şəraitin təmin edilməsi məqsədini də özündə ehtiva edirdi. Azərbaycanın yeni enerji strategiyasının memarı olan Ulu öndər Heydər Əliyevin otən əsrin 90-cı illərində müəllifi olduğu iki siyasi qərar ölkəmizin neft-qaz siyasətinin formalaşmasında həlledici əhəmiyətə malik oldu və respublikamızın Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu nümayiş etdirdi. Daha dəqiq desək, 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 12 şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin yeni neft strategiyasının başlanğıcı oldu. Artıq Azərbaycan neftinin istismarı ilə bağlı imzalanan müqavilələrin sayı 35-ə çatmışdır. 1996-cı il iyunun 6-da ilk növbədə regionun və nəticə etibarı ilə Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan “Şahdəniz” qaz yatağının işlənməsinə dair müqavilənin imzalanması ilə bu proses dönməz xarakter aldı.

Ötən illər ərzində Azərbaycan demokratik inkişaf yolunda da ciddi uğurlara imza atmışdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsinin nəticəsi olaraq qəbul edilmiş 1995-ci il Konstitusiyası və ona edilmiş əlavə və düzəlişlər ölkəmizdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması prosesində müstəsna rol oynamışdır. Ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması və xüsusilə də siyasi-hüquqi sistemin liberallaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Məhz bu möhkəm təməl əsasında ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi qorunmuş, çoxpartiyalı sistem üçün əsaslar yaradılmış, siyasi plüralizm, vicdan və etiqad azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edilmişdir.

Bu gün Azərbaycan xalqı qəlbində əbədi heykəlini qoyduğu ulu öndərin xalqın təkidli tələbi və xahişi ilə hakimiyyətə gəlməsinin və bununla da dövlətçiliyimizin xilasının 28-ci ildönümünü – Milli Qurtuluş Gününü onun öz dahi oğlunun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək qeyd edir. Eyni zamanda, xalqımız Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan dövlətinin sükanı möhtərəm Prezidentimiz İlham Əliyevin timsalında etibarlı əllərdədir və ölkəmiz davamlı və dinamik inkişaf tempinə malikdir.  Bu gün məhz Ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edərək, milli dövlət quruculuğu və idarəçiliyinin ən şərəfli mərhələsini yaşayır.

Artıq neçə müddətdir ki, Azərbaycan bütün əhəmiyyətli regional-transmilli layihələrin ən arzuolunan iştirakçılarından birinə çevrilib. Vətən müharibəsində əldə olunmuş parlaq tarixi Qələbədən sonra isə ölkəmizin bu mövqeyləri daha da güclənib. Dövlət başçısının da öz çıxışlarında qeyd etdiyi kimi, bu gün Azərbaycan Avrasiyada enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaş ölkədir. Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verildi. Yeddi ölkəni birləşdirən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji infrastrukturu layihələrindən biridir. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

Təbii ki, özünün ərazi bütövlüyünü təmin etdikdən sonra Azərbaycanın həm iqtisadi, həm də siyasi imkanları daha da genişlənib. Məlumdur ki, heç bir beynəlxalq konsorsium riskli, xüsusən də terror təhlükəsi olan ərazilərə investisiya yatırmaz. Heç bir dövlət münaqişə zonalarında strateji layihələrin reallaşmasına şərik olmaq istəməz. Məhz bu baxımdan Azərbaycan torpaqlarında 30 ilə yaxın davam edən erməni işğalı səbəb olduğu bütün digər faciələrlə yanaşı bu bölgədə reallaşdırılan beynəlxalq enerji layihələrinə də əsil təhdid idi. Lakin Azərbaycan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu problemi də kökündən həll etdi. Ölkəmiz öz ərazilərini işğaldan azad etməklə enerji və logistik dəhlizlərin fiziki təhlükəsizliyini təmin etdi və bu layihəyə hərbi hədələri aradan qaldırdı.

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa  işləri böyük vüsətlə davam etdirilir və qəti şəkildə əminik ki, ən qısa zamanda dünya həmin ərazilərdə bərpa olunan şəhərlərimizin timsalında  növbəti Azərbaycan möcüzəsini seyr etmək imkanı əldə edəcəkdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki