image-476741_srcbackend

Əhməd Əhmədzadə Yekəxana gölünü xilas etməyə niyə imkan vermirdi…

image-reklam_sirab_01

Bu günlərdə Prezident İlham Əliyev “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbəri, düz 27 ildir bu vəzifəni tutan Əhməd Əhmədzadəni işdən azad etdi. Və onun yerinə indiyədək özəl sektorda işləmiş gənc menecer Zaur Mikayılov təyin olundu.

Xəbər verildiyi kimi Prezident İlham Əliyev Z.Mikayılovu videoformatda qəbul edərkən ölkənin meliorasiya və su təsərrüfatında uzun illərdir hökm sürmüş təsərrüfatsızlıq, su ehtiyatlarından səmərəli istifadə edilməməsi və az qala 50 faizə çatan su itkiləri, digər problemlər barədə geniş danışıb. Yeni sədr qarşısında sahənin problemlərini hərtərəfli şəkildə təhlil edib problemlərin aradan qaldırılması yollarını işləyib hazırlamağı tapşırıb.

Özünün də dediyi kimi 1967-ci ildən bəri dövlət vəzifələrində işləyən və bu səbəbdən “heç vaxt rahat yatmayan, daim səksəkə içərisində olan” Əhməd Əhmədzadə ən çox tənqid olunan məmurlardan idi. Və bu aralarda onun fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi ilə bağlı redaksiyamıza daha bir müraciət daxil olub.Bəlli olub ki, Əhmədzadənin rəhbərliyi dövründə “Meliorasiya və Su Təsərrüfatı” ASC Azərbaycan əsilli rusiyalı milyarder, “AzNar” QSC-nin sahibi Fərhad Əhmədovun İsmayıllı rayonunda yaratdığı kənd təsərrüfatı kompleksinə daxil olan Yekəxana gölünün (biznesmen gölün də ərazisi daxil olmaqla bu rayonda bir neçə min hektar torpağı uzunmüddətli icarəyə götürərək orada çoxşaxəli təsərrüfat kompleksi, o cümlədən balıqçılıq təsərrüfatı yaradıb,-red.) lildən təmizlənməsinə icazə verməyib.Özəl biznes öz vəsaiti hesabına qurğu alıb gətirib, gölü lildən, palçıqdan təmizləmək istəyib, amma yoldaş Əhmədzadə icazə verməyib. Əcaba, nədən?

Xatırladaq ki, “AzNar” şirkətinin İsmayıllı rayonunda yaratdığı həmin kompleksə seçilmiş sortlardan olan üzüm bağları, balıqçılıq və arıçılıq təsərrüfatı, o cümlədən məşhur “Qızıləhmədi” sortundan olan alma bağları, zəfəran plantasiyası daxildir.  Biznesmen kompleksin yaradılmasına on milyonlarla dollar investisiya yatırıb. Bu, Azərbaycanda özəl sərmayə hesabına yaradılan ən iri kənd təsərrüfatı kompleksi hesab oluna bilər. /Virtualaz.org

Bölgəyə yatırımları davam etdirən Şirkət habelə İsmayıllının ucqar Qubaxəlilli kəndində 3 min ton tutumlu soyuducu anbarın da tikintisini həyata keçirir, anbar 2021-ci ilin payızında hazır olacaq.

“AzNar” QSC 2020-ci il avqustun 25-də Əhməd Əhməzadəyə məktubla müraciət edərək İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində yerləşən Yekəxana gölündə balıqçılığın inkişafı, su təsərrüfatının yaxşılaşdırılması və anbarda su tutumunun artırılması üçün illərdir orada yığılıb qalmış palçıq və lilin şirkətin öz vəsaiti hesabına təmizlənməsinə icazə verməyi xahiş edib. Lakin bu məktub o vaxtdan bəri cavabsız qalır.

Məlum olub ki, şirkət gölün palçıq və lildən təmizlənməsi üçün Ukraynadan xüsusi təmizləmə qurğusu alıb gətirib. (Həmin təmizləmə qurğusunun fotolarını təqdim edirik,-red.) Qurğunun alınması və çatdırılması şirkətə təxminən 200 min dollara başa gəlib. Amma “Meliorasiya və Su Təsərrüfatı” ASC gölün təmizlənməsinə icazə vermədiyindən həmin qurğu istifadəsiz qalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki