Azərbaycanda qadınlarla kişilərin orta aylıq əməkhaqqı arasında ciddi fərq qalmaqdadır.
Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əməkhaqqı 1264 manat, qadınların isə 874,6 manat olub. Beləliklə, qadınlar kişilərdən orta hesabla 389,4 manat və ya 30,8 faiz az əməkhaqqı alıblar.
Maaş fərqinin ən yüksək olduğu sahələrdən biri maliyyə və sığorta fəaliyyəti olub. Bu sektorda kişilərin orta aylıq əməkhaqqı 3437,8 manat, qadınların maaşı isə 2016,8 manat təşkil edib. Fərq 1421 manata çatıb. Peşə, elmi və texniki fəaliyyət sahəsində kişilər orta hesabla 2349 manat, qadınlar isə 1224,3 manat qazanıblar. Bu sahədə gender üzrə maaş fərqi 1124,7 manat olub.
Mədənçıxarma sənayesində kişilərin orta maaşı 3857 manat, qadınların isə 2884,1 manat təşkil edib. İnformasiya və rabitə sahəsində kişilər 2008,6 manat, qadınlar isə 1580,3 manat əməkhaqqı alıblar. Maaş fərqinin nisbətən az olduğu sahələrdən biri isə təhsildir. Burada kişilərin orta aylıq nominal əməkhaqqı 875 manat, qadınların maaşı isə 788,2 manat olub. Fərq 86,8 manat təşkil edib.
Qeyd edək ki, 2025-ci ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqı 1103,2 manat olub.
Məsələ ilə bağlı danışan iqtisadçı Xalid Kərimli hesab edir ki, Azərbaycanda qadın və kişilərin eyni işi gördüklərinə görə fərqli əməkhaqqı alması ilə bağlı sistemli diskriminasiya mövcud deyil.
Onun sözlərinə görə, eyni vəzifədə çalışan, eyni işi görən həkimə və ya müəllimə cinsinə görə fərqli əməkhaqqı ödənilməsi praktikası yoxdur. İqtisadçı hesab edir ki, qadınlarla kişilərin orta gəlirləri arasındakı fərq daha çox onların çalışdıqları sahələr, iş şəraiti və sosial amillərlə əlaqədardır: “Kişilər daha çox mədənçıxarma, ticarət və yüksək riskli, ağır əmək tələb edən sahələrdə çalışdıqları üçün onların gəlirləri də bəzi hallarda daha yüksək olur. Qadınlar isə əsasən daha az riskli, standart iş saatlarına malik və “ağ yaxalıqlı” işlərə üstünlük verirlər. Bu seçimlər əməkhaqqı göstəricilərində də öz əksini tapır. Daha ağır, gərgin və riskli işlərdə çalışan şəxslərin daha yüksək gəlir əldə etməsi təbiidir”.
Bununla belə, Xalid Kərimli qadınların əmək bazarındakı mövqeyinə təsir edən başqa amillərin də olduğunu vurğulayır. Onun sözlərinə görə, Azərbaycanda ailə modeli və cəmiyyətdə formalaşmış yanaşmalar qadınların karyera inkişafına müəyyən məhdudiyyətlər yaradır: “Qadınların təhsillərini davam etdirməsinə, ardıcıl şəkildə karyera qurmasına cəmiyyət tərəfindən hər zaman eyni səviyyədə dəstək göstərilmir. Bundan başqa, uşaq dünyaya gətirmək və ailə öhdəlikləri də qadınların kişilərlə eyni sürətlə karyera qurmasına mane ola bilir. Qadın uşaq dünyaya gətirdiyinə görə təbii olaraq kişi kimi ardıcıl şəkildə karyerasını davam etdirə bilmir. Nəticədə ailə, sosial və mədəni amillər, qadının ailədə tutduğu rol, eləcə də daha ağır işlərdən uzaq durması qadınlarla kişilərin gəlirləri arasında fərqin yaranmasına təsir edir”.
Xalid Kərimli əmək münasibətlərində bərabərliyin təmin olunmasına yönəlmiş qanunvericilik dəyişikliklərinə də toxunub. O bildirib ki, burada əsas məsələ eyni bacarıqlara malik şəxslərin eyni işi gördükləri halda bərabər əməkhaqqı almalarının təmin edilməsidir.
İqtisadçının sözlərinə görə, əməkhaqqı fərqləri yalnız qadınlarla kişilər arasında deyil, eyni cinsdən olan şəxslər arasında da mövcuddur: “Təhsil, peşəkarlıq, təcrübə və məhsuldarlıq kimi amillər insanların qazancına təsir göstərir. Məsələn, eyni sahədə çalışan iki şəxsin təhsil səviyyəsi və peşə bacarıqları fərqlidirsə, onların gəlirlərinin də eyni olması mütləq deyil. Qanunvericiliyin məqsədi cinsindən asılı olmayaraq, eyni bacarıq və eyni əmək göstəricilərinə malik şəxslər arasında əsassız maaş fərqlərinin qarşısını almaq olmalıdır”.”AzPolitika.info”


























