Ermənistanda ABŞ-da keçirilən aralıq seçkilərin nəticələrinin TRIPP layihəsinin gələcəyinə mümkün təsiri müzakirə olunur. “Hraparak” qəzetinin yazdığına görə, ABŞ-da Demokratlar Partiyasının mövqelərinin güclənməsi və Prezident Donald Trampın siyasi mövqelərinin zəifləməsi Ermənistan hakimiyyətində sazişin taleyi ilə bağlı suallar yaradıb.
Nəşrin məlumatına görə, ötən gün ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen parlamentə dəvət olunub. O, hakim partiyanın bir qrup deputatı ilə görüş keçirib.
“Hraparak”ın iddiasına əsasən, görüş zamanı erməni deputatlar TRIPP sazişinin gələcəyi ilə bağlı narahatlıqlarını ABŞ nümayəndəsinə çatdırıb və mövcud şübhələrin aradan qaldırılmasına aydınlıq gətirilməsini istəyiblər.
Görüşdən sonra Ermənistan parlamentinin rəsmi saytında yayılan məlumatda da TRIPP layihəsinə toxunulub.
Bəyanatda bir neçə gün əvvəl Ermənistan parlamentində “Beynəlxalq Sülh və Rifah naminə Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) üzrə Strateji Tərəfdaşlıq Çərçivə Sazişinin ratifikasiyası müsbət qiymətləndirilib.
Həmçinin layihənin regional sülhün möhkəmləndirilməsi, nəqliyyat və infrastruktur əlaqələrinin genişləndirilməsi baxımından iqtisadi və geosiyasi əhəmiyyəti vurğulanıb. Görüşdə TRIPP-in həyata keçirilməsi ilə bağlı məsələlərin də müzakirə olunduğu bildirilib.
Qeyd edək ki, “Hraparak”ın irəli sürdüyü iddialar Ermənistan hakimiyyətinin rəsmi mövqeyi kimi təqdim edilə bilməz. ABŞ-dakı siyasi dəyişikliklərin TRIPP sazişinin icrasına necə təsir göstərəcəyi isə hələlik məlum deyil.


























