Fiqurlu konkisürmə üzrə 2022-2023-cü il mövsümündə keçirilməsi nəzərdə tutulan Qran-Pri seriyasının Rusiya mərhələsi ləğv edilib.
Veteninfo.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Konkisürmə İttifaqı (ISU) qərar qəbul edib.
Qeyd edilib ki, qurum Rusiya və Belarus idmançılarını təşkilatın himayəsi altında keçirilən bütün yarışlardan kənarlaşdırmaq qərarına gəlib. ISU, həmçinin bu ölkələrin qurumun himayəsi altındakı digər yarışlara ev sahibliyi üçün namizədliyini verməyi qadağan edib. Qərar Ukraynaya hərbi müdaxilə ilə əlaqədar verilib. Yarış qadağası fiqurlu konkisürmə, şort-trek və sürətli konkisürmə idman növlərinə şamil edilir.
Xatırladaq ki, Qran-Prinin Rusiya mərhələsi noyabrın 25-dən 27-dək baş tutmalı idi.