image-1backend

Fransada hökumət  istefa verdi

image-reklam_sirab_01

Fransada Milli Məclisdə etimad səsi ala bilməyən baş nazir Mişel Barniyerin azlıqda olan mərkəz sağçı hökuməti 3 aylıq fəaliyyətinin ardından istefa verdi. Sol ittifaq Yeni Xalq Cəbhəsi (NFP) ilə radikal sağçı Milli Birlik (RN) partiyası və onların tərəfdarlarının hökumətə qarşı təqdim etdiyi iki etimadsızlıq təklifi Milli Məclisin ümumi yığıncağında müzakirə edildi. Ardından keçirilən səsvermədə sol ittifaq tərəfindən təqdim edilən etimadsızlıq təklifinə 331 millət vəkili dəstək verdi. Təklifin qəbul edilməsi üçün tələb olunan 288 səs əldə edildi. Beləliklə, beşinci respublika dövrünün ən qısa müddətli Barniyer hökumətinin ömrü bitdi.

Etimadsızlıq təklifinə verilən dəstək səsləri ilə yanaşı, hökumətin 2025-ci il sağlamlıq sığortası büdcəsi də Fransa Milli Məclisi tərəfindən rədd edildi.

Milli mətbuatda yayınlanan xəbərlərə görə, Səudiyyə Ərəbistanında üç günlük rəsmi səfərini başa vuraraq qayıdan prezident Emmanuel Makron 24 saat ərzində Barniyerin yerinə yeni baş nazir təyin etmək istədiyini bildirib.

Təxminən iki ay əvvəl keçirilmiş növbədənkənar ümumi seçkilərdən sonra sentyabr ayında qurulan Barniyer hökumətinin ölkədəki siyasi gərginliyi azaldacağına ümidlər yaranmışdı. Lakin bu hökumətin ilk ciddi sınağının 2025-ci il büdcə layihəsi olacağı məlum idi. İlin ikinci rübündə dövlət borcu ümumi daxili məhsulun (ÜDM) 112 faizinə çatan Fransa üçün hökumət yeni büdcə çərçivəsində 40 milyard avro qənaət və 20 milyard avro vergi artımı nəzərdə tuturdu. 2 dekabr tarixində 2025-ci il sağlamlıq sığortası büdcəsini parlamentdə səsvermə aparmadan keçirməsinə icazə verən konstitusiya maddəsini işə salması səbəbindən beşinci respublika dövrünün ən qısa müddətli hökuməti olmaq təhlükəsi ilə üzləşmişdi.

73 yaşlı Mişel Barniyer və hökumətinin istefası yalnız dövlət borcları ilə mübarizə aparan Fransaya deyil, bütün Avrozonaya mənfi təsir göstərə bilər.

Fransada sonuncu dəfə 1962-ci ildə parlamentdə hökumətə qarşı təqdim edilən etimadsızlıq təklifi qəbul edilərək həmin dövrün baş naziri Jorj Pompidu və hökumətinin istefasına səbəb olmuşdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image