Vətən müharibəsində erməni silahlı dəstələri döyüş meydanından qaçaraq Azərbaycanın cəbhə zonasına yaxın şəhər və rayonlarının dinc sakinlərinə qarşı terror həyata keçirdi. Bu qeyri-insani və heç bir müharibə qanunlarına sığmayan vəhişiliklər zamanı içərisində körpələr və qadınlar da olmaqla onlarla dinc sakin dünyasını dəyişdi, yüzlərlə sosial, iaşə, xidmət obyektlərinə və fərdi yaşayış evləri ya tamamilə dağıldı ya da ciddi ziyan dəydi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Dövlət Komissiyası yaradılaraq 11 şəhər və rayon ərazisində yerləşən zərər dəymiş tikilələrə baxış keçirilib, qiymətləndirmə aparılaraq təmir-tikintinin ilkin planlaşdırılması işlərinə başlanılıb.
Erməni terrorçularının atdığı raketlərdən dağılan Goranboy rayon Zeyvə kənd sakini Hikmət Qədimovun da evi yenidən tikilərək təhvil verilib.
Hikmət Qədimov “Report”a açıqlamasında yeni tikilən evdə bütün şəraitin yaradıldığını vurğulayıb:
“44 günlük müharibə vaxtı ermənilərin atdığı mərmilərdən biri bizim evə düşdü. Nəticədə evimiz dağıldı. Şükürlər olsun, həmin gün xəsarət alanımız olmadı, amma evimizə ciddi ziyan dəydi. Sağ olsun Prezidentimiz tez bir zamanda sərəncam verdi, müharibə dövründə dağılmış, zərər görmüş evlərin təmir və tikintisinə başlanıldı. Mənim də evimi belə gözəl şəkildə yenidən tikib verdilər. Evimiz 170 kvadratmetr və 5 otaqlıdır, tam şəraitli evdir. Çox sağ, olsunlar kombi sistemi də quraşdırılıb. Öz və ailəm adından Prezidentimizə təşəkkür edirəm”.
Qeyd edək ki, Nazirlər Kabinetinin 14.01.2021-ci il tarixli Sərəncamı ilə 11 şəhər və rayon ərazisində yerləşən yaşayış evləri, sahibkarlıq obyektləri və digər təyinatlı tikililərin inşası, təmir və bərpası üzrə sifarişçi funksiyaları, habelə tikinti prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib.
Bu istiqamətdə fəaliyyətə başlamaq üçün Komitə tərəfindən ilkin mərhələdə zəruri hazırlıq işləri aparılıb, iş həcmləri dəqiqləşdirilərək ərazilər üzrə qruplaşdırılıb və yanvar ayının 27-dən etibarən ziyan dəymiş 11 şəhər və rayon ərazisində təmir-tikinti işlərinə parallel olaraq start verilib.