Hakimlər məhkəmə iclaslarını elan olunmuş vaxtda başlamalı, işlərə əsassız gecikmələrə yol vermədən baxmalı, vətəndaşlarla ünsiyyətdə təhqiramiz və alçaldıcı ifadələr işlətməməlidirlər. Yeni etik tələblər hakimlərin iş intizamını, davranışını, məhkəmə geyimindən istifadə qaydalarını və xarici səfərlər zamanı məsuliyyətini də əhatə edir.
Hakimlərin Etik Davranış Kodeksinin yeni redaksiyasında hakimlərin peşə fəaliyyəti və xidməti davranışları ilə bağlı bir sıra tələblər müəyyənləşdirilib.
Müddəalara əsasən, hakim məhkəmə icraatı zamanı və ya xidməti fəaliyyəti ilə bağlı digər şəxslərlə ünsiyyətdə ironik, təhqiramiz və alçaldıcı ifadələr işlətməməli, qeyri-rəsmi hərəkət və davranışlara yol verməməlidir. O, həmçinin ictimai qaydaya və əxlaqa xələl gətirə biləcək, cəmiyyət tərəfindən hörmətsizlik kimi qəbul olunan və ya məhkəmə hakimiyyətinin nüfuzuna zərər vuran davranışlardan çəkinməlidir.
Ən əsası, hakimlər həmkarlarının aşkar etik pozuntusu, korrupsiya riski və ya peşə borcuna zidd davranışı barədə məlumat əldə etdikdə Məhkəmə-Hüquq Şurasına məlumat verməlidirlər.
Yeni tələblər məhkəmə sistemində müsbət dəyişikliklərə yol açacaqmı? Xüsusən də vətəndaşların işinə gec baxılması problemi həllini tapacaqmı?

Mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a danışıb. Çingiz Qənizadə bildirib ki, hakimlərin Etik Davranış Kodeksi ilk dəfə 2007-ci il iyunun 22-də qəbul edilib: “Məhkəmə-Hüquq Şurası tərəfindən dövlətin tələblərinə uyğun yeni redaksiyada Etik Davranış Kodeksi qəbul edildikdən sonra 2007-ci ildə qəbul olunmuş əvvəlki kodeks qüvvədən düşmüş hesab olunur. Yeni kodeks artıq Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Bu kodeksin əsas məqsədi hakimlərin yüksək peşə və etik davranış standartlarına riayət etmələrini təmin etməkdir. Eyni zamanda, hakimlər üçün spesifik əxlaq və ədəb tələblərini, peşəkar etika məsələlərini, onların həm iş fəaliyyəti zamanı, həm də işdənkənar davranışlarını tənzimləmək və peşə fəaliyyətinə münasibətlərini müəyyənləşdirməkdir. Kodeksin qəbul edilməsində əsas məqsəd məhkəmə hakimiyyətinin nüfuzunun möhkəmləndirilməsi və cəmiyyətdə məhkəmələrə ictimai etimadın qorunmasına xidmət etməkdir. Bildiyiniz kimi, hakimlər müstəqil, qərəzsiz və obyektiv olmalı, qanun və məhkəmə qarşısında bərabərliyi təmin etməlidirlər. Dürüstlük, vicdanlılıq, ictimai davranış və sosial məsuliyyət prinsipləri daim hakimlərin fəaliyyətində əsas götürülməlidir. Təəssüf ki, bəzən bu qaydaların pozulmasının şahidi oluruq. Belə ki, hakimlər məhkəmə prosesləri zamanı iştirakçılara, o cümlədən vəkillərə, məhkəməyə dəvət olunmuş şəxslərə və təqsirləndirilən şəxslərə münasibətdə bəzən ironik, etik normalardan kənar ifadələr işlədir, fikirlər bildirirlər. Təbii ki, hakimin bu cür davranışı təkcə onun özünə deyil, bütövlükdə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirən amillərdən biridir. Belə hallar az olsa da, mövcuddur və bu gün bunu inkar etmək olmaz. Məhz bu baxımdan hesab edirəm ki, hakimlərin Etik Davranış Kodeksinin qəbulu məhkəmə hakimiyyətinin nüfuzunun möhkəmləndirilməsinə xidmət edən amillərdən biridir. Yeni Etik Davranış Kodeksində diqqətçəkən məsələlərdən biri də etik davranış qaydaları ilə bağlı maarifləndirmə və mübahisələrin həlli məqsədilə Etika Komissiyasının yaradılmasının nəzərdə tutulmasıdır. Mən bunu da alqışlayıram. Çünki həqiqətən də müəyyən mübahisəli məsələlər var ki, onların Etika Komissiyasında müzakirə olunması vacibdir”.

Çingiz Qənizadə Məhkəmə-Hüquq Şurası tərəfindən yeni Etik Davranış Kodeksinin qəbul olunmasını alqışladığını və sənədin məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasına töhfə verəcəyinə inandığını bildirib: “Bəs məhkəmə işlərinə vaxtında baxılması, proseslərin uzadılması və digər məsələlərlə bağlı vəziyyət necədir? Mən sizə bir nümunə deyim. Vaxtilə Fransada Qənimət Zahidi məhkəməyə vermişdim. 2019-cu ilin noyabrında təqdim etdiyimiz şikayətə yalnız 2025-ci ilin oktyabrında, təxminən beş ildən sonra yekun qərar verildi. Halbuki, bu, o qədər də mürəkkəb olmayan, sadə bir proses idi. Azərbaycanda məhkəmə işlərinə baxılma müddətinin uzanması bizə bəzən qəribə gəlir. Halbuki, bu, dünyanın bir çox ölkəsində müşahidə olunan haldır. Nəzərə almalıyıq ki, bu gün hakimlərin iş yükü olduqca ağırdır. Bəzən onlara, xoş mənada, yazığım gəlir. Çünki iş yükünün çoxluğu səbəbindən hər hakimin icraatında onlarla, mülki və inzibati işlərə baxdıqları hallarda isə yüzlərlə iş ola bilir. Nəticədə, bütün işləri vaxtında çatdırmaq çətinləşir. İş yükü ağır olsa da, hakimlər bəzən iş vaxtından sonra da saatlarla, hətta daha uzun müddət iş yerində qalaraq iş materialları ilə tanış olur, növbəti iş gününə hazırlaşırlar. Onlar işləri ətraflı öyrənməli və proseslərə hazır vəziyyətdə gəlməlidirlər. Bu isə kifayət qədər çətin və məsuliyyətli işdir. Digər tərəfdən, ölkədə hüquq pozuntularının sayı da az deyil. İnzibati xətalarla bağlı halların, eləcə də narkotik vasitələrdən istifadə, oğurluq və dələduzluq kimi cinayətlərin çoxluğu məhkəmə hakimiyyətinin iş yükünün artmasına səbəb olur. Buna görə də müəyyən qədər səbirli olmaq, məhkəmələrin gec də olsa, ədalətli qərarlar qəbul etməsini arzulamaq lazımdır. Ümid edirəm ki, yeni Etik Davranış Kodeksi hakimlərin məsuliyyət hissini bir qədər də artıracaq. Yeri gəlmişkən, son dövrlərdə məhkəmə hakimiyyəti sistemində formalaşan müsbət irəliləyişləri də müşahidə edirik. Bir çox ədalətli qərarların qəbul edilməsinin şahidi oluruq. Bununla belə, neqativ hallar hələ də mövcuddur. Hesab edirəm ki, Məhkəmə-Hüquq Şurasının qarşıya qoyduğu məqsədlərdən biri yalnız bu kodeksin qəbul edilməsi deyil, həm də digər fəaliyyət istiqamətləri vasitəsilə həmin neqativ halların aradan qaldırılması və cəmiyyətdə məhkəmə hakimiyyətinə etimadın, onun nüfuzunun artırılmasıdır. Şuranın bu istiqamətdə fəaliyyətini görürük. Məhkəmə hakimiyyətinə uğurlar arzulayıram”.


























