Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev sanki, XX və XXI əsrlərdə Azərbaycan xalqının ağır, mürəkkəb və taleyüklü məsələlərinin həlli üçün dünyaya gəlmişdir. Heydər Əlirza oğlu Əliyevin anadan olduğu 10 may 1923-cü il dövrü də Azərbaycan Demokratik Respublikasının ilhaqından sonrakı vaxta təsadüf etmiş, xalqın həmin zamanlardakı ağır həyat və güzəranı, təhsildən, inkişaf və tərəqqidən kənar əziyyəti onu gənc yaşlarından doğma Azərbaycan üçün daha əzm və qətiyyətlə çalımağa sövq etmişdir. Ulu öndərin keçdiyi həyat yolu, aldığı təhsil, işlədiyi əmək kollektivləri və dövlət quruculuğu sahəsində topladığı təcrübə onu Azərbyacan xalqının Ümummilli lideri səviyyəsinə uucaltmışdır.
Ulu öndər 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməmişdir. O, 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləmiş, 1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Verilmiş tapşırıqlara və işinə məsuliyyəti onun gələcək illərdə daha da yüksək vəzifələrdə çalışmasına, təhsilini davam etdirməsinə geniş imkanlar yaratmışdır. Belə ki, o, 1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilmiş, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini bitirmiş, 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilmiş, 1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirmişdir.
Təsadüfi deyil ki, Ümummilli liderin yuxarıda qeyd etdiyim əmək fəaliyyətləri və aldığı təhsil, topladığı iş təcrübəsi onun Sovet quruculuğunda daha mühüm və məsuliyyətləi vəzifələrə irəli çəkilməsini şərtləndirdi. 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilməklə, həmin ildə ona general-mayor rütbəsi verildi. 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçirilmiş plenumunda o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı oldu, 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutdu, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə və bu kimi əməlləri qabaqcadan görürmüş kimi, Ulu öndər Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa vermiş, Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
Azərbaycanın gələcək sosial-iqtisadi inkişaf və tərəqqisinə, doğma xalqının firavan və rahat yaşayışına daha çox önəm verən və 1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşmüş, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilmişdir. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilmiş və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışmış, 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilmişdir.
1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdur. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyevin siyasi portreti də Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini öyrənir. Bu mənada, Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə müstəqil Azərbaycan istisnasız olaraq daim irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə kimi görünür. Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində müstəqil Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi kimi çıxış edən, iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, “dövlət-vətəndaş” birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrilmişdir.
Anadan olmasının 99-cu ildönümünü qeyd etdiyimiz, idarəçilik fəlsəfəsi fərqli və özünəməxsus cəhətlərlə zəngin olan Ümummilli Lider Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik mərhələsi ölkəni sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, milli müstəqilliyə etibarlı zəmin formalaşdıran amillərlə də zəngin olmuşdur. Müstəqillik dönəmində Heydər Əliyevin idarəçiliyinin ən mühüm xüsusiyyəti Azərbaycanın bütün sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoyması, sözün əsl mənasında, öz intibah dövrünü yaşaması olmuşdur. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan Heydər Əliyev hər zaman bu məsələni diqqət mərkəzində saxlayırdı. O, dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Əminliklə deyə bilərik ki, Ulu Öndərin bu münasibəti hər birimiz üçün böyük məktəbdir.
Tarixin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri kimi Ulu Öndər Azərbaycanın inkişafında qazandığı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün böyük fədakarlıq göstərmişdir. Bunun ən bariz nümunələrindən biri də Ulu Öndərin özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək qazanılan uğurların davamlılığı təmin edəcək və xalqın alternativsiz liderinə çevriləcək davamçısını yetişdirməsidir.
Bu gün Ümummilli Liderin ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və uğurla inkişaf edir. Əminliklə demək olar ki, dövlət başçısı, möhtərəm İlahm Əliyevin apardığı həm xarici, həm də daxili siyasət Heydər Əliyev kursunun davamıdır. Bu siyasətin təməlində isə Azərbaycan dövlətinin güclənməsi, onun müstəqilliyinin qorunması, iqtisadiyyatının inkişafı və əhalisinin maddi rifah halının yaxşılaşması durur.
Ümummilli liderin keçdiyi siyasi yolun öyrənilməsi xalqımız üçün bir örnəkdir. 44 günlük Vətən müharibəsində müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qələbənin də təməlində Ulu öndərin həmişəyaşar ideyaları dayanır. Azərbaycan xalqının birlik və xoş rifahının qarantı Prezident İlham Əliyev də Ulu öndərin tutuduğu siyasi xətdə sadiq qalaraq “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!” deyərək Vətən müharibəsində qazanılmış Qələbə ilə bağlı xalqımızı təbrik etdi.
Yaşasın Müstəqil Azərbaycan!
ATIAHI Nəsimi rayon komitəsinin sədri: Reyhan Ocaqova