image-56backend

Hüquqşünas Aeroport yolundakı qəza ilə bağlı haqlı SUALLAR VERDİ

image-reklam_sirab_01

Bu gün səhər Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır qəza ilə bağlı müxtəlif müzakirələr açılıb.
21 nəfərin yaralandığı, 5 nəfərin öldüyü hadisənin səbəbləri barədə cürbəcür iddialar səsələndirilir.

Tanınmış hüquqşünas, nəqliyyat və yol məsələləri üzrə ekspert Ərşad Hüseynov Modern.az-a bildirib ki, rəsmi qurumlar və media hazırda əsas diqqəti hadisədə iştirak edən yük avtomobili sürücüsünün 19 yaşda olmasına və qanunsuz (“Fərqlənmə nişanı” olmadan) fəaliyyət göstərməsinə yönəldirlər.

“Belə yanaşma birtərəflidir və düşünürəm ki, bəzi qurumların məsuliyyətdən yayınma cəhdidir.

Əvvəla, yol hərəkəti qaydalarından məlumatı olan hər kəs bilir ki, belə yük avtomobilini idarə etmə hüququ (“C” kateqoriyası) 18 yaşdan əldə oluna bilər. Qanun buna yol verir. Amma cavablandırılmlı olan başqa suallar var:

Niyə bu sürücü “Fərqlənmə nişanı” olmadan fəaliyyət göstərib?

Belə yük avtomobillərinin nə qədəri “Fərqlənmə nişanı” alır?

Ala bilməyənlərin nə problemi var və onlar niyə bu nişanı almadan rahat fəaliyyət göstərirlər?

Belə avtomobil sürücülərinin reysqabağı tibbi yoxlanması keçirilirmi, keçirilmirsə, bunun səbəbi nədir?

Niyə avtobus hava limanı yolu kimi yüksək sürət olan yolda dayanacağa yan ala bilmir? Niyə həmin dayanacağı taksilər az qala sutkaboyu necə zəbt edə bilirlər? Axı hansısa başqa küçədə 1-2 dəqiqə dayanan sürücü dərhal cərimələnir.

Niyə belə avtomobillər hər yerdə necə gəldi hərəkət edə bilirlər? Axı onlarla bağlı problem təkcə arxalarındakı liftin texpasporta yazılmaması deyil (belə qeydin tələb olunması özü ayrıca bir absurddur).

Sualları uzatmaq olar. Amma elə bunlar da yetərlidir. Hər kəs işlə məşğul olmalıdır. Özü də təhlükəsizliyi təmin etməyə yönələn işlə. Həm də heç kəs öz məsuliyyətini başqasının üstünə atmamlıdır”.

Ə.Hüseynov deyib ki, 5 nəfərin həlak olması və 21 nəfərin yaralanmsı ilə nəticələnən faciəli qəzanın detallı səbəbləri hələ açıqlanmasa da, bütün bunlar insanların məsuliyyətsiz davranışının nəticəsidir:

“Nəqliyyatın təhlükəsiz hərəkətini təşkil edən və bu prosesə nəzarət edən məmurların da, sükan arxasında olan sürücünün də bu faciədə günah payı var.

Təxminən 3 il əvvəl Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət proqramı qəbul edildi. Ümid edirdik ki, nəhayət dönüş başlayar. Amma deyəsən heç kimin vecinə də deyil.

Belə məsələləri yola vermək olmaz. Yola verəndə, bu kimi faciələrə çox şahidlik edəcəyik…”.

A.Qorxmaz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki