Dünyanın ən böyük qlobal brendləri milyarder İlon Maskın satın aldığı şirkətin idarəçiliyinə xaotik yanaşması səbəbindən Twitter-də reklamı müvəqqəti olaraq dayandırıb. Vətəninfo.az xəbər verir ki, bu barədə şənbə günü aparıcı reklam agentliklərinin əməkdaşlarına istinadən “Financial Times” qəzeti öz saytında məlumat yayıb.
Qəzetin yazdığına görə, WPP indi Twitter-də reklamı çox riskli hesab edir. Maskın əmri ilə kütləvi ixtisarlar reklam alan şirkətlərin sosial media işçilərindən rəy almasını və reklam kampaniyalarının effektivliyini ölçməsini xeyli çətinləşdirib. Reklamların nümayişində texniki xətalarla bağlı şikayətlər də artır.
Twitter-in reklam satışı üzrə rəhbəri Robin Uiler Twitter-i tərk etdikdən sonra reklamçıların qorxuları artıb. Bloomberg-in məlumatına görə, Mask keçən həftə departamentində daha çox ixtisara razı olmadığı üçün onu işdən çıxarıb. Vəziyyəti ödənişli abunə xidməti olan Twitter Blue-nun inteqrasiyasından sonra yaranan hesabların yoxlanılması problemləri, həmçinin Maskın özünün Twitter səhifəsində tənqidlərə səbəb olan açıqlamaları daha da ağırlaşdırır.