Bildiyimiz kimi, hazırda Bakıda parklanma ilə bağlı yeni tariflər müəyyən olunub. Vətəndaşların əksəriyyəti isə qiymətlərin yuxarı olmasından şikayətlənir. Onlar bildirirlər ki, tariflər minimum əməkhaqqı ilə uyğun deyil.
Maraqlıdır, parkinq qiymətlərinin hər hansı iqtisadi əsası varmı?
Mövzu ilə bağlı danışan iqtisadçı deputat Vahid Əhmədov söylədi ki, əvvəllər bu məsələlərə Tarif Şurası baxırdı.
“İndi verilib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə. Qiymətləri belə yüksək səviyyədə qaldırmaq, əlbəttə ki, məqsədəuyğun deyil. Çünki bu parkinqlərin əksəriyyəti dövlət vəsaiti hesabına tikilir və birdən-birə qiyməti bu səviyyədə qaldırmaq, bir neçə dəfə qaldırmaq düzgün deyil. Bu məsələyə baxılmalıdır, insanların indiki vəziyyəti nəzərə alınmalıdır. Maşınların dayanacağı məsələsi Bakıda böyük problem yardıb. Hər hansı bir mağaza və ya aptekə girmək istəyirsənsə, orada kamera quraşdırılıb və maşını saxlamaq mümkün deyil. Saxlayırsan, cərimə olunursan. İş üçün hər hansısa bir müəssisəyə, idarəyə girirsən, orda da dayanacaq qiymətləri yüksəkdir. Problemlərə kompleks şəkildə baxmaq lazımdır, bütün məsələlər insanların həyat şəraitini yaxşılaşdırmağa yönəlməlidir. Cənab Prezidentin dediyi kimi, məmurlar daha çox elə işlər görməlidirlər ki, sosial sahədə insanlara xidmət etsinlər. Amma bu xidməti niyə çətinləşdirirlər? Bu, əlbəttə, çoxlu suallar doğurur. Dərd də odur ki, qiymətlərin iqtisadi əsası yoxdur. İqtisadi əsaslandırmağa da ehtiyac yoxdur. Nə orada tikinti işləri gedib, nə hər hansı xərc çəkilib. Bu parkinqlər tikilir, istifadəyə verilir, sonra ildə, ayda bir dəfə ya təmir olunur, ya olunmur, başqa məsələdir. Özləri qiyməti istədiyi vaxt qaldırırlar, insanlar da bunu narazılıqla qarşılayır”, – deyə millət vəkili bildirdi. Redaktor.az