image-315889803_432164752455186_3996090687855300198_nbackend

İran hökuməti niyə Qaşqay türklərini incidir?

image-reklam_sirab_01
İranın cənub-qərbində, əsasən Fars, Çaharmahal, Kohgiluye, Xuzistan, Buşehr vilayətlərində yaşayan, ölkədə ən çoxsaylı azərbaycanlı elat tayfası olan qaşqaylar türk irqinə mənsubdur və Azərbaycan dilinin qaşqay ləhcəsində danışırlar.
Cəsur və döyüşkən Qaşqay türkləri 1925 ci ildə Pəhləvilərin hakimiyyətə gəlməsi ilə böyük repressiyalara məruz qalıblar. Qaşqaylar köçəri həyat yaşayan, əsas peşələri heyvandarlıq olan və min illərdir qədim Türk adətlərini olduğu kimi qoruyan və bu gün də onu yaşadan insanlardır. Onların dilləri və etnik kökləri uzun illərdir aparılan assimilyasiya siyasətinə müqavimət göstərməklə qorunub saxlanıb. Qaşqay türklərindən bir çox şairlər, yazıçılar, sənətçilər və alimlər çıxıb:
Mirəli Qaşqay – akademik
Məzun Qaşqayi -şair
Əfsanə Cahangiri – xanəndə və bir çoxları.
İran hökuməti Qaşqay türklərini məcburi şəkildə oturaq həyata keçirmək və onları assimilyasiya etmək üçün bir çox qeyri-insani yolları əl atıb. Onların köç trayektoriyaları üzərində böyük magistrallar salınmış otlaqlar bilərəkdən məhv edilmiş və qaşqaylar kütləvi edamlara məruz qalıblar.
1979-cu ildə rejim dəyişikliyi ilə isə onlara qarşı aparılan siyasətdə heç bir dəyişiklik edilməyib, əksinə onlar daha böyük zülmlərlə qarşılaşıblar. Belə ki, inqilabdan dərhal sonra başlayan İran-İraq müharibəsində (1980-1988) bilərəkdən cəbhənin ən qızğın nöqtələrinə Qaşqay türkləri göndərilib. Səkkiz il davam edən bu qanlı savaşda minlərlə Qaşqay türkü həyatını itirib və onların genofonduna böyük zərbə vurulub. Bu soyqırımlara, qeyri-insani münasibətə, zülm və ədalətsizliyə məruz qalan Qaşqaylar birliklərini qoruyub saxlamağı bacarıb.
İran ərazisinə üç milyona yaxın Qaşqay türklərinin yaşağı təxmin edilir. Onların bir hissəsi oturaq həyata keçirsə də, əksəriyyəti hələ də əcdadlarının yolundan gedərək köç edirlər. İlin 5 ayını yaylaqda, digər 5 ayını qışlaqda, qalan 2 ayını isə yollarda keçirməklə ümumilikdə 480-1.000 kilometr məsafə qət edirlər. Gecələr alaçıq kənarına toplaşan Qaşqaylar atalar sözləri, tapmacalar və qədim türk ozan yaradıcılığından misralar səsləndirirlər. Bu isə Qaşqay dilinin öz bütövlüyünü qoruyaraq tam işlək dil olduğunu sübut etməkdədir.
2006-cı ildə Yaponiyada istehsal olunan *Nissan Qashqai* avtomobili də adını Qaşqay türklərindən götürüb.
Son 100 ildir böyük bədəllər ödəmək bahasına öz milli kimliyini qorumağı bacaran Qaşqay türkləri İranda baş verən son hadisələrdə də şovinist fars rejimi tərəfindən hədəf alınıb və qaşqayların öndə gedən bir çox ziyalıları və elm, incəsənət xadimləri həbs edilib. Buna baxmayaraq, onlar bu ölüm-qalım savaşında rəşadətlə öz mübarizələrini davam etdirirlər.
İran rejiminin ölkədə yaşayan müxtəlif etnik xalqlarla yanaşı, Qaşqay türklərinə qarşı da yürütdüyü assimilyasiya və ayrı-seçkilik siyasəti şübhəsiz ki, Tehran hökumətinin türklərə bəslədiyi kin və ədavətdən, onların birliyindən vahiməyə düşməsindən və hakimiyyətə qarşı təhlükəyə çevrilə biləcəkləri qorxusundan qaynaqlanır.
Habelə əsrlərdir başqa xalqlarla dinc yanaşı yaşamağı və tolerantlığı hələ də öyrənməyən və molla rejiminin şovinist siyasətini canla başla icra edən farslar Qaşqay türklərini sıxışdırmaqda, onların yaşadıqları və əkib-becərdiyi ərazilərin zorla əllərindən alınmasında xüsusi canfəşanlıq göstərir. Belə ki, bu yaxınlarda əldə edilən məlumatlara görə, Fars əyalətində yaşayan farslar hökumət qurumlarının əli ilə qaşqayların bir qisminin evlərini buldozerlə dağıdaraq onları daha pis yerlərə köç etməyə məcbur ediblər.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki