image-aksiya-shusha3backend

İran mediasından ölkəmizə qarşı əxlaqsızlıq

image-reklam_sirab_01

Azərbaycanlı ətraf mühit fəallarının Şuşa-Xankəndi yolu üzərində etiraz aksiyası Güney azərbaycanlı milli fəallar tərəfindən alqışlanır. Güneyli fəallar sosial mediada azərbaycanlı etirazçıların xəbərlərini yayaraq, aktivistlərin fəaliyyətlərini və apardığı mübarizəni dəstəkləyir.

Güney azərbaycanlıların tutduğu mövqe təbii ki, İran dövlətinin mövqeyi ilə üst-üstə düşmür. Amma İran rəsmiləri hələlik bu haqda heç bir açıqlama verməyib. Buna baxmayaraq, İranda Rəisi hakimiyətinə müxalif qüvvə olan islahatçılar azərbaycanlı ətraf mühit fəallarının etiraz aksiyasına görə öz “narahatlığını” gizləmir. Başqa sözlə desək, daxildə mübarizə aparsalar da, Azərbaycana münasibətdə mollakratiya ilə müxalifəti birləşir.

Mollakratik İranda islahatçıların mətbu orqanlarından biri “Armane emruz” (Günün hədəfi) qəzeti “İran meydana girsin” başlıqlı yazı dərc edərək, ermənilərin mövqeyini dəstəkləyib. Məqalədə Azərbaycanın ermənilərə qarşı “təcridetmə” planı yeritdiyi iddia edilir. “Armane emruz” dərc etdiyi məqalənin ilk cümləsində Azərbaycan Respublikasının adını qəsdən təhrif edərək, “Bakı Respublikası” ifadəsindən istifadə edib.

Bu, son vaxtlar İran hakimiyyətinə bağlı medianın işlətdiyi ifadədir. Əksər məqalələrdə “Bakı Respublikası” deyə, ölkəmizi aşağılamağa çalışırlar.

Məqalədə daha sonra Azərbaycan Prezidentinin apardığı siyasi xəttə kölgə salmağa çalışılır:

“Unutmayın ki, İlham Əliyevin Türkiyə kimi digər region dövlətlərinin və təbii ki, İsrail kimi regiondankənar hökumətlərin planları ilə gündəmə gətirdiyi bu layihələr tədricən nəinki ciddi təhlükə ilə üz-üzə qalır, həm də regional nizamın fəaliyyətinin pozulmasına səbəb olur. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bu hərbi qarşıdurma İranın şimal sərhədlərini ciddi təhlükə ilə üz-üzə qoya bilər. Təbii ki, bundan əvvəl İran qəti şəkildə bəyan etmişdi ki, İran və Ermənistan sərhədində istənilən dəyişikliklə razılaşmayacaq”.

Bütün dünyaya bəllidir ki, Azərbaycanın öz torpaqlarını azad etmək uğrunda apardığı siyasət heç bir ölkənin ərazi bütövlüyünə qarşı yönəlməyib. Azərbaycan öz torpaqlarını azad etmək üçün 44 gün işğalçı qüvvələrlə müharibədə əldə etdiyi uğurun nəticəsi kimi Ermənistan kapitulyasiya aktına qol çəkdi, Azərbaycanın digər işğal altında olan ərazilərini boşaltmaq məcburiyyətində qaldı. Həmin bəyanata əsasən, Azərbaycanın Qarabağ bölgəsində ermənilər yaşayan ərazilərdə sülhməramlı rus qüvvələrinin yerləşdirilməsi də nəzərdə tutulmuşdu.

Lakin “Armane Emruz” qəzeti bütün gərçəklikləri gizlədərək radikal ermənilərin mövqelərini əks etdirərək yazır:

“Son günlər Azərbaycanın Laçın dəhlizini bağlamaq cəhdi ilə bağlı xəbərlər dərc olunsa da, Ermənistanın dövlət xəbər agentliyi “Armen Press” bildirib ki, Bakı ətraf mühit bəhanəsi ilə Qarabağ sakinləri üçün şəraiti təhlükəli hala salmağa çalışır… 30-a yaxın azərbaycanlı “ekoloji fəal” əllərində plakatlarla Laçın dəhlizində toplaşaraq, 2-3 çadır qurublar. Bu hərəkətlər dəhlizdə yerləşən Rusiya bölməsinə də yönəlib və bundan əvvəl də azərbaycanlı jurnalistlər belə təxribat törədiblər…“

Şuşa-Xankəndi yolunda “30-a yaxın fəal” deyil, 1000-dən artıqdır və ermənilərə istinad edən İranın bəzi media qurumları faktı təhrif etməklə, düşmən münasibətlərini sərgiləyirlər. Digər tərəfdən, aksiya ekoloji terrora qarşıdır, rus sülhməramlılarana deyil və bunu iddia etmək də əxlaqsızlığın son həddidir.

Qəzet daha sonra erməni mənbələrə istinadən yazır: “Azərbaycan Rusiya sülhməramlılarını gözdən salmağa və bu sülhməramlıların missiyasını 2025-ci ildən sonra uzatmamaq üçün zəmin yaratmağa çalışır. Eyni zamanda, ora toplaşan ekoloji fəalların zahiri görünüşü onların Bakı əsgərləri olduğunu göstərir…”

Erməni yalanlarını, Azərbaycanın tanınçış jurnalistlərini “XTQ kimi görən” erməni yalanlarını tirajlamağı bir yana, İranın bu media qurumu əsgərimiz haqda da “Bakı əsgəri” ifadəsindən istifadə edir.

“Armane emruz” qəzeti daha sonra “Azərbaycan Laçın dəhlizini ələ keçirməyə çalışır” kimi ifadələr işlədib: “Laçın dəhlizinin Bakı hökuməti tərəfindən ələ keçirilmə təhlükəsi var”.

Nədənsə sərhədlərin dəyişməsini özünün qırmızı xətti adlandıran İranın mediası Azərbaycanın ərazisi daxilində olan yolu öz nəzarətinə götürməsini “təhlükə” adlandırır.

Məqalədə İran Xarici İşlər Nazirliyinin tərkibində Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi və araşdırmaçı Ehsan Müvəhhidiana istinadən bildirilir:

“Dekabrın 12-dən bu yana baş verənlər ondan ibarətdir ki, Bakı Respublikasının bir sıra hərbi və kəşfiyyat qüvvələri, təbii ki, Ermənistan Respublikasının əsas ərazisini Qarabağ bölgəsi ilə birləşdirən Laçın dəhlizində Rusiya sülhməramlılarının mərkəzinə ətraf mühit fəalları qiyafəsində toplaşaraq Rusiya sülhməramlılarını təxribata çəkib, daha sonra sakinlərinin əksəriyyəti ermənilər olan və indi mühasirədə olan Qarabağ bölgəsinə daxil olmağa çalışırlar”.

Qeyd edək ki, Ehsan Müvəhhidian Azərbaycana qarşı nifrəti ilə tanınan birisidir. O, həmin məqalədə bildirir:

“Vəziyyət son dərəcə kritikdir. Ola bilsin ki, yaxın bir neçə gün ərzində Bakının Qarabağ bölgəsində hərbi hərəkətləri artsın. İran İslam Respublikasının diplomatik hərəkətlərini artırması zəruridir. Həmçinin, bizim hərbi rəhbərliyimiz Bakını bölgədəki avantüralarla bağlı xəbərdar etməlidir. Biz fəaliyyətimizi artırmalı, Azərbaycan Respublikasının əməllərinə lazımi cavab verməliyik”.

Göründüyü kimi, artıq çoxdan “Tehran Antiislam Respublikası” olduğunu sübut edən mollakratiya öz daxili vəziyyəti ilə məşğul olmaq yerinə, ölkədaxili gərginliyin səbəblərini aradan qaldırmaqdansa, Azərbaycan Respublikası ilə gərginliyi artırmağa meyillidir. Bu yöndə İran mediası erməni mediasını da vurub-keçib. Ən azı erməni mediası Azərbaycan dövlətinin adını doğru yazır – İran əxlaqsızlarından fərqli olaraq.axar.az

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki