image-firengiz-melikbeylibackend

“İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramının tətbiqi Qarabağın yeni simasını müəyyən edir”

image-reklam_sirab_01

Artıq Azərbaycan yeni dövr yaşayır, ümidli gələcəyə bütün sürəti ilə yönəlib. Viran qalmış Qarabağın yenidən möhtəşəmliyinə qovuşması üçün hər bir iş görülür. Birbaşa cənab Prezident İlham Əliyevin nəzarətində olan quruculuq və bərpaetmə işləri Qarabağ torpaqlarını yeni və müasir simaya bürüyür, texnologiyanın və inkişafın, tərəqqinin və milliliyin ahəngini yaşadır.

Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir.

Əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlərin əks olunduğu Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Qlobal trendlərin nəzərə alındığı proqramda qarşıya qoyulan prioritetlər “universallıq”, “inteqrasiyalı yanaşma” və “heç kimin geridə qalmaması” kimi prinsiplərə əsaslanan dayanıqlı inkişaf məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılmışdır.

Azərbaycan əhalisinin təhlükəsizliyinin təmin edilməsini hər zaman ön planda tutan cənab Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri kimi bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsini Proqram çərçivəsində əsas şərtlərdən biri kimi qəbul etmişdir.

Nəzərdə tutulan tədbirlər strateji hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcək. Dövlət Proqramında infrastruktur, iqtisadiyyatın yenidən qurulması, sosial inkişaf, ətraf mühitin tarazlı inkişafı, “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyalarının tətbiqinin təşviqi hərtərəfli əhatə olunmuşdur.

Ərazilərdə meşə fondunun, flora və faunanın bərpası, enerji səmərəliliyi və ekoloji təmiz texnologiyaların tətbiqi, su ehtiyatlarından səmərəli istifadə, bərk məişət tullantılarının idarə edilməsi üçün müasir infrastrukturla təmini kimi məsələlər işğaldan azad olunmuş ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi əsas prioritetlərdən birini təşkil edir.

Biz hamımız inanırıq ki, dövlət proqramı çərçivəsində “Böyük Qayıdış”la bağlı müəyyən olunmuş prioritet vəzifələr müəyyən olunmuş vaxta kimi ən ideal formada həyata keçiriləcək və Qarabağ bu sayədə gülüstana çevriləcək.

 

Məlikbəyli Firəngiz

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki