image-1backend

“Kitabi- Dədə Qorqud”da bozqurd mifalogiyası…

image-reklam_sirab_01

“Arxetip” fransız sözü olub, hərfi tərcüməsi ilkin nümunə “(obraz), köhnə tip, dünyanın ən qədim obrazı” deməkdir. Bozqurd obrazının Türk dastanlarında xüsusi bir yeri vardır. Demək olar ki, hər dastanda fərqli xüsusiyyəti ilə tanınır. “Kitabi-Dədə Qorqud” dastanında “mübarək üzlü”, “əcdad” kimi qeyd edilir. “Kitabi-Dədə Qorqud” dastanı türk dünyasının ən şedevr əsərlərindəndir. Azərbaycan dilində belə bir deyim vardır: “Qurdun balası da qurd olar”. Buna ən uyğun nümunəni Beyrəyin həyatını misal göstərə bilərik. Demək olar ki, dastanda Beyrəyin doğulması, ona ad verilməsi, daha sonra əsir düşməsi, nişanlısının toyu günü geri dönməsi və ən sonda Oğuz elinin daxili düşmənləri tərəfindən öldürülməsindən geniş şəkildə bəhs edilir. Əvvəla, boyun adına diqqət edək. “Qam Börə oğlu Bamsı Beyrek boyu”. Bu ad qam şaman anlamına gəlir. Qədim türklər onu belə adlandırırdılar. Börə isə “Börü”, “Börə”, “Börteçine”, “Bozqurd” adları ilə tanınan qurda işarədir. Bildiyimiz kimi, dastanda qəhrəmanlara ad qoyan Dədə Qorquddur. Qəhrəman hər hansı bir şücaət göstərdikdən sonra ona ad verilərmiş. Beyrək ona ad verilənədək Boz oğlan adı ilə çağırılırdı. Boz ayğırlı Bamsı Beyrək dedikdə də atının da rənginin boz olmasına işarə edilir. Türk tədqiqatçı Selami Fedakar yazır: “Dədə Qorqudun qəhrəmana boz sözü ilə əlaqədar olaraq Boz atlı Bamsı Beyrək adını verməsini “Alpamış” dastanında olduğu kimi qəhrəmanın iki ad almasının nəticəsi olaraq dilə gətirir. İkinci adın (boz atlı) verilmə səbəbi də Oğuz Xaqan dastanında nümunəsini gördüyümüz qəhrəmanın güclü, qüvvətli, müqəddəs xüsusiyyətlərə malik heyvanlara bənzədilməsinə bağlayır [3, s. 134-141]. Boz qurd türk mifoloji düşüncəsində mediator rolunu oynayır. “Mediator” yerlə göy arasında vasitəçi anlamına gəlir. Bu barədə Seyfəddin Rzasoy yazır: “Kitabi-Dədə Qorqud”un ikinci boyunda Salur Qazanın yurd, su, qurd və köpəklə xəbərləşməsi onun qam(şaman)-mediator funksiyasını ortaya qoyur. Bu elementlər uyğun olaraq oğuz ritual-mifoloji dünya modelinin müxtəlif qatlarını bildirir: Yurd ( toposfera ) Su ( hidrosfera ) Qurd ( zoosferası ) Köpək ( zoosfera )” [10, s. 451]. Qurdun insanlarla danışması bizə “Uyğur Oğuznaməsi”ndən bəllidir. Orada Bozqurd Oğuz Xaqanla danışır. “Kitabi-Dədə Qorqud” dastanında da “Qazan xanın evinin yağmalanması boyu”nda Qazan xan bəzi elementlərdən yurdunun evini xəbər alır. Düzdü burada qurd ona cavab vermir. “Kitabi-Dədə Qorqud”da Salur Qazanın totem-əcdadla bağlılığı açıq şəkildə göstərilir: “Qazan bəg burada bir dəxi soylamış, aydır: Ağ qayanın qaplanının erkəgində bir köküm var. / Aq sazın aslanında bir köküm var. / Əzvay qurd ənügi erkəgində bir köküm var. / Ağ sunqur quşı erkəgində bir köküm var…” [7, s. 118-119]. Qurd, demək olar, türk əfsanələrinin hər birində fərqli xüsusiyyətlərə malik olsa da , onu ən çox xatırladan totem ( törəmə) mifologemi olmasıdır. İslam dininə keçid belə qurdu insanların zehnindən çıxarda bilmədi. Türk araşdırıcı M.Urazın qeydlərinə nəzər salaq: “Qüvvətin, igidliyin və cəsarətin simvolu olan bu heyvan islami inanışa görə isə Hz. Əlinin köpəyi olduğu üçün müqəddəsdir və onu öldürən zərər görər” [13, s. 144]. Özbək tədqiqatçısı Mamatqul Joreyevə görə isə: “Türk mifologiyasında qurddan törəmə ilə əfsanələr olduğu üçün bir çox dastan qəhrəmanlarının qurd ilə əlaqələndirilməsi normaldır. “Bamsı Beyrək” dastanında ve onun variantlarında Bamsı Beyrəyin atasının adı buna bir nümunədir. Alpamışın atasının adı Bayböri, Bamsı Beyrəyin atasının adı Kamböri, Altay varyantında Baybarak və qəhrəmanın adı Bamsı Bayrak adlarındakı bənzərlik qurd ətrafında formalaşan totemistik inancın ifadəsidir” [5, s. 151]. Görkəmli alim H.İsmayılov qurd obrazı ilə bağlı yazır: ““Qorqut” çox əski bir inamdır; hami ruhdur; qurdla bağlıdır, qurd totemdir. “Aşina” ilə bağlı əfsanələr kontekstində izah oluna bilər. Vatikan nüsxəsində “ Qorqurt ” yazılış şəkli [8, s. 311] orfoqrafik xəta olmayıb, katibin “Qorqud” adı ilə bağlı informasiyasının olduğundan xəbər verir; bu anlamda “Qorqut” “qoru qurt” ( qoruyucu qurd) kimi izah oluna bilər” [4, s. 3-82]. “Kitabi-Dədə Qorqud” dastanında Qorqud atanın simasında xilaskarlıq, şamanlıq, ata, peyğəmbər, ozan və s . kimi xüsusiyyətləri görürük. Bu xüsusiyyətlər daha çox özünü Oğuz xan və Dədə Qorqudun xarakterlərində göstərir. Mifoloq alim S.Rzasoy yazır: “Beyrək süjetüstündə “alp//igid” statusunda Oğuz xana, süjetaltında isə “qam//şaman//qurd” statusunda Qorquda yaxınlaşır. Oğuz xan ilk əcdad, mədəni qəhrəmandır. Qorqud obrazının invariant strukturunda mediativ funksiya əsasdır. Bu, Oğuz xan və Qorqud obrazlarını bir-birinə alternativ etməyərək, onları oğuz-türk kosmoloji dünya modelinin oğuz diferensial mətn tipində birbaşa öz funksional mövqelərində bərpa etməyə imkan verir. Bu kontekstdə Beyrək daha çox Qorqud invariantının paradiqmasıdır” [9, s. 238-239]. Qorqud obrazı ilə tanış olduqda görürük ki, ondakı xüsusiyyətlər Boz Qurd, Xızır, Domrul və s. vardır. Dastanın müqəddimə hissəsindən başlayaraq sona kimi Dədə Qorqud obrazına rast gəlinir. Möcüzəli şəkildə dünyaya gəlməsi, həyat yolu, ölümü təqdim edilir. Dastanın müqəddimə hissəsi belə başlayır: “Rəsul əleyhissəlam zamanına yaqın Bayat boyından, Qorqut ata deyərlər, bir ər qopdı. Oğuzun ol kişi tamam bilicisiydi. Nə dersə, olurdu. Qayibdən dürlü xəbər söylərdi. Haq Taala anın könlünə ilham edərdi” [7, s. 19]. Dastanda həmçinin Beyrəyin süjetaltında qam-qurd olması, Aruzun sonuncu boyda yönünü dəyişərək qalın oğuzun daxili düşməninə çevrilməsi, birlik olub Beyrəyi öldürmələri əks olunmuşdur. Beyrək dastanda İç Oğuzla Daş Oğuz arasında və Qazanla Aruz arasında mediativ funksiya daşıyır. S.Rzasoy yazır: “Beyrək KDQ-da sakral qurd statusundadır. O, Qam Börü oğlu Beyrəkdir, yəni Qam Qurd oğlu Qurddur. Beləliklə Beyrək: a) Mediatordur; b) Mediatorluğu sonuncu boy süjetində statusda dəyişdiricilikdir; c) Kosmogenetik baxımdan və süjetaltlarda Qam-Şamandır; d) Qam Qurd, başqa sözlə, Şaman Qurddur; e) Sakral qurbandır; f) Qurd qurbanıdır; g) Qurd totemidir” [9. s. 246]. “Kitabi-Dədə Qorqud” dastanı ilə tanış olduğumuz zaman qurdun türk xalqlarının həyatındakı mühüm yerini görmüş oluruq. Salur Qazan ovdan qayıdıb evini talanmış görəndə xəbər aldığı varlıqlardan biri də qurddur. “Qurd üzü mübarək olar, qurdla bir xəbərləşəyim” deyir [7, s. 35]. Qurdun totem-əcdad funksiyasını daşımasını Salur Qazanın “Əzvay bir qurd əniyində köküm var” ifadəsi təsdiqləyir. Buradakı qurd “erkək qurddur”. Bu haqda görkəmli alim Mirəli Seyidov yazır: “Qazan xanın qurdla bağlı söylədiklərindən belə məlum olur ki, oğuzlarda tarixin müəyyən mərhələsində qurd totemi həqiqətən son dərəcə güclü olmuşdur. Əgər belə olmasaydı Qazan xan öz soyunu qurdla bağlamazdı” [11, s. 30-31]. İnsanlar sadəcə çox hörmət bəslədikləri bir heyvanı özlərinə kult olaraq seçmişlər. Soyköklərini onun adıyla bağlar və ona hörmət göstərirdilər. Mövzu ilə bağlı apardığımız araşdırmalarda bir çox mənbələrdə qurdla günəş adına yan-yana çox təsadüf edirik. Bəs qurd və günəş arasında nə kimi bağlılıq vardır? Azərbaycan mifoloji mətnlərinə əsasən bunu deyə bilərik ki, qurd günəşin rəmzi hesab edilir. Tədqiqatçı Mirəli Seyidov bu barədə yazır: “Azərbaycanda günəşli gündə yağış yağanda deyərlər ki, qurd balalayır. Nə üçün elə günəşli havada bu deyim işlənir? Çünki , qurd günəşin bəlirtisi olduğundan günəş doğur, əvəzinə qurd doğur deyilir. Axı günəşli havada yağışın yağması adi hal deyil. Bu, təbiətin az təsadüf olunan hadisələrindəndir. Bu hadisəni onun doğması ilə bağlamağın belə bir səbəbi ola bilər. Günəş-qurd yağışı doğur, yağdırır, onun vasitəsilə yerə bərəkət yollayır” [12, s. 50]. “Kitabi-Dədə Qorqud” dastanında Bozqurdla bağlı bir sıra deyimlər işlədilmişdir: “Sudan keçdi, bu dəfə bir qurda rast gəldi. “Qurd üzü uğurludur, qurdla bir xəbərləşim”, – dedi. Görək, xanım, necə xəbərləşdi: Qaranlıq axşam olanda günü doğulan!

Qarla yağış yağanda ər kimi duran! Qaracıq atları kişnəşdirən! Qızıl dəvə gördükdə inləşdirən! Ağca qoyun görəndə quyruğuyla qamçı çəkən! Arxasıyla vurub, bərk ağılın ardını sökən! Burma-axta kök qoçları alıb-tutan! Qanlı quyruq üzüb şap-şap udan Ulaşması köpəkləri təşvişə salan! Əldə məşəl çobanları gecə vaxt yüyürdən! Yurdumdan bir xəbər bilirsənsə, de mənə! Dərdli başım qurban olsun, qurdum, sənə! – dedi. Qurd necə xəbər versin?! Qurddan da ötüb keçdi” [7, s. 192]. Qaranlıq, axşam düşdüyündə qara qurdlar ağ qurdlar üzərində üstün sayılırlar. Qar və yağış yağanda ər kimi durmaq ifadəsinə əsasən bir xalq inancı vardır. Günəşli havada xəfifcə yağış yağdığı zaman “dağda bir qurd balaladı” deyirdilər. Sanki bu yağış dişi qurdu təmizləmiş olur. Ordunun gələcəyindən, gedəcəyindən xəbər verdiyini Uyğur “Oğuznamə”sində Oğuz xaqana etdiyi köməkdən görürük. Bu, “Dədə Qorqud” dastanında da vardır. Qaraçıq atları kişnəşdirir; qızıl dəvələr onu gördükdə inləşir; Ağca qoyunu gördükdə quyruğuyla qamçı çəkir. Həmçinin dastanın bu hissəsində qurdun işıq içərisində yerə enməsinə də işarə edilir. Çünki qaranlıq, axşam olduğu zaman qurd parlaq işığın içərisində gözə görünür. Qədim türklər qəhrəmanların atlarının da qurdlar kimi günəşdən gəldiyinə inanırdılar. Buna görə “qaracıq atları kişnəşdirən” ifadəsi burada işlədilmişdir. Qurdla bağlı digər bir nümunə: “Çoban sapandı hər atanda on iki batman daş atardı. Atdığı daş yer düşməzdi. Yerə düşsə toz kimi sovrular, kül kimi ovulardı. Üç ilədək daşının düşdüyü yerdə ot bitməzdi. Bayırda kök qoyun da, arıq toğlu da qalsaydı, sapandın qorxusundan qurd gəlib yeməzdi” [7, s. 197]. Başqa bir nümunədə qurd igidlik modeli kimi təqdim olunur: “Qazılıq qoca oğlu Yeynək boyu”nda Yeynək atasını tapmaq üçün Düzmürd qalasına gedir. Orada soylamış: Yetdiyim yerə yel yetməzdi. Yeddi dəstə igidlərim Yeni Bayırın qurduna bənzərdi. Yeddi kişlə qurulurdu mənim yayım! Qayın budağından yonuldu oxum, Lələkli, qızılı möhürlü oxum! [ 7, s 263 ]. Burada digər Türk dastanlarında olduğu kimi igidlər qurda bənzədilirdi. Dastanda qurdun müqəddəs sayılması indiki dövrdə də bir sıra deyimlərdə özünü göstərməkdədir: “Qurd görəndə salavat çevir”, “qurdu söymək olmaz”, “qurd üzü mübarək olar” və s. “Mübarək” ərəb mənşəli sözdür və “bərəkət” sözü ilə eyni köklüdür. Burada qurdun üzünün mübarək sayılması onun bərəkət yaydığına işarədir. Rövşən Əlizadə yazır: “Dədə Qorqud” eposunda Salur Qazanın qurda müraciət etməsi kimi hadisə, əslində qədim bir ritualın – Oğuz türklərinin savaşdan öncə ulu əcdada, Boz Qurda tapınmalarının izi olaraq diqqəti cəlb edir. Bu isə onu göstərir ki, Bozqurd savaş ruhunun daşıyıcısı rolunda əcdad kultuna daxil olan güc, hərbi və sosial nizamı qoruyan hamidir. Eposda əcdad kimi funksiyalar yerinə yetirən Boz qurd, bilavasitə kosmoqonik aktın iştirakçısı qismində təqdim edilir” [2, s. 61-68]. Dastanda obrazlar içərisində ən çox Dədə Qorqud obrazı diqqəti cəlb edir. Özündə ata, ozan, bilici, totem və s. xüsusiyyətləri cəmləşdirən Dədə Qorqudu özəl edən onun qurdla bağlılığıdır. Qurdun türk dastanlarında xüsusi bir yeri vardır. Bu onunla bağlı olan şəxsləri də özü ilə bərabər maraq dairəsinə çəkmiş olur.

Füzuli Bayat mifoloji qəhrəmanları üç tip ayırır: 1. İlk ata; 2.Demiurq/Türetici ata; 3. Mədəni qəhrəman. Mədəni qəhrəmanlar alovun, bitkilərin, alətlərin və s.təmin edilmələrini təşkil edir [1, s. 5]. Bu cəhətdən, qurd kultu ilə bağlı Dədə Qorqud, Koroğlu obrazları mədəni qəhrəman sayılır. Türk tədqiqatçı Yaşar Kalafat yazır: “Türk mədəniyyətli xalqların inanclarındakı qurd, böyük ölçüdə Dədəm Qorqudun qurdudur. “Üzü mübarək” olan qurddan savayı Dədə Qorqudun zamanında “Ağzı qanlı” canavar olan qurd da vardı. Ancaq izi bugünə qədər gəlib çatmış Boz Qurdun , Göy Yələkli qurdun ayrı bir yerinin olması bu gerçəyi dəyişdirməz” .

Nərmin SADƏDDİNLİ Bakı Avrasiya Universitetinin Folklorşünaslıq ixtisası üzrə doktorantı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki