image-91backend

Məlumat Hesablama Mərkəzi “AzInTelecom”a birləşdirilib

image-reklam_sirab_01

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Məlumat Hesablama Mərkəzi (MHM) nazirliyə məxsus “AzInTelecom” MMC-yə birləşdirilib.

Vətəninfo.az  xəbər verir ki, bu barədə RİNN məlumat yayıb.

Məlumatda deyilir ki, bununla əlaqədar “AzInTelecom” yenidən təşkil ediləcək və burada qabaqcıl təcrübəyə əsaslanaraq idarəetmədə korporativ standartlar tətbiq olunacaq.

Xatırladaq ki, ölkə prezidentinin 27 aprel 2021-ci il tarixli fərmanına əsasən ölkəmizdə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi və həyata keçirilməsi RİNN-ə həvalə edilib. Fərmanın icrası məqsədilə nazirliyin tabeliyində olan qurumlarda korporativ idarəetmənin və dövlət əmlakından istifadə mexanizmlərinin təkmilləşdirilməsi, sözügedən qurumların fəaliyyətinin səmərəliləşdirilməsi istiqamətində işlərə başlanılıb.

“Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanla yanaşı, “Hökumət buludunun (G-cloud) yaradılması, bulud xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” fərman da iki qurumun birləşdirilməsini, “AzInTelecom”un yenidən təşkil edilməsiini aktual edib. Bu birləşmə Data mərkəzində infrastruktur işlərinin optimallaşdırılmasına, bulud texnologiyası əsaslı bulud xidmət modellərində dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılmasına, elektron xidmətlərin təşkili üçün texniki heyətin bir mərkəzdə cəmləşdirilməsinə, bu sahədə xərclərin optimallaşdırılmasına və gəlirlərə vahid nəzarət mexanizminin təmin edilməsinə imkan yaradacaq. “AzInTelecom”un yenidən təşkili ilə Data mərkəzində həyata keçiriləcək yeniliklər sayəsində Böyük həcmli məlumatlar (Big data) kimi təşəbbüslərin tətbiqində uğurlar qazanılması, habelə “Ağıllı şəhər (Smart City)” və “Ağıllı kənd (Smart Village)” konsepsiyasının sürətli icrası mümkün olacaq.

Yeni yanaşma rəqəmsal imza sertifikatının da inkişaf etdirilməsinə şərait yaradır. Biometrik autentifikasiya və bulud texnologiyalarını özündə birləşdirən elektron imza konsepsiyası ilə vətəndaşlara operativ və daha əlçatan rəqəmsal imza xidməti göstəriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki