Pul təklifinə təsir göstərmək üçün əməliyyat orientiri olaraq bankların Azərbaycan Mərkəzi Bankındakı (AMB) manatla müxbir hesabları qalığından istifadə ediləcək.
Vətəninfo.az xəbər verir ki, bu barədə AMB-nın “2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətini əsas istiqamətləri barədə” bəyanatında qeyd olunur.
“Pul siyasətini digər aralıq hədəfi olan pul kütləsi iqtisadiyyatın pula olan tələbi, iqtisadi artım proqnozu və inflyasiya nəzərə alınmaqla tənzimlənəcək. Rəqəmsallaşma proseslərinin təsiri ilə pul kütləsinin strukturunda baş verən dəyişikliklər də pul təklifinin tənzimlənməsi zamanı nəzərə alınacaq”, – bəyanatda deyilir.
AMB bildirir ki, gələn il proqnozlaşdırılan neft qiymətləri, qeyri-neft ixracının artım dinamikası, nəticə etibarı ilə profisitli tədiyyə balansı və təsdiq olunmuş dövlət büdcəsinə əsasən Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin artırılması valyuta bazarında tarazlığlı təmin etməklə qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə dayanıqlılığını dəstəkləyəcək.
Bəyanatda həmçinin bildirilir ki, valyuta bazarında tarazlığın qorunması növbəti il və orta müddətli dövrə də xarici valyuta gəliri mənbələrinin şaxələnməsi istiqamətində islahatların sürətləndirilməsini aktuallaşdırır.
“Əməliyyat hədəflərinə nail olmaq üçün 2022-ci ildə də AMB arsenalındakı bütün alətlər və mexanizimlərdən adekvat istifadə edəcəkdir. Alətlərin kəmiyyət parametrlərinə və dürasiyasına dair qərarlar bank sistemininlikvidlik mövqeyindən aslı olaraq operativ şəkildə veriləcək. Bank sisteminn struktur profisitinin (və ya kəsiri) müntəzəm qiymətləndirilməsi davam edəcək. Avtonom və qeyri-avtonom amillərin likvidliyə təsirlərini qiymətləndirmək üçün likvidliyin monitorinqini və proqnozlaşdırılması sistemindən istifadə ediləcək. Pul siyasəti alətlərindən makroiqtisadi proseslərin təbiətinə uyğun olaraq çevik istifadə tansmissiya mexanizminin effektiv işləməsinə, həmçinin makroiqtisadi və maliyyə sabitliyinə dəstək verəcək”, – bəyanatda deyilir.