2013-cü il mayın 2-də Bakının Nərimanov rayonunda Vüsal Şilder qətlə yetirilib. Cinayətin törədilməsində əsas fiqurlardan biri hesab olunan Xəyal Əli-zadə bundan sonra ölkədən qaçıb. Ötən illər ərzində onun Birləşmiş Ərəb Əmirliklərində gizləndiyi bildirilsə də, nəhayət, saxlanılaraq Azərbaycana ekstradisiya edilib. Hazırda o, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılır.
Sözügedən cinayət işi ilə bağlı Prezident Administrasiyasının məsul şəxsi Tariyel Ağayevin adı da hallanırdı. Mərhum Vüsal Şilderin anası Mətanət Şilderin məhkəmədəki ifadələrinə görə, qətl hadisəsi Tariyel Ağayevin qızı Lalə Ağayeva ilə Vüsal Şilder arasında olan münasibətlər zəminində baş verib. İddialara görə, ailə bu münasibətlərə qarşı çıxıb. Mərhumun ailəsinin səsləndirdiyi iddialara əsasən, əvvəlcə Vüsal Şilderin avtomobilinə narkotik vasitə yerləşdirilib, daha sonra isə onun qətli sifariş edilərək həyata keçirilib.
Mətanət Şilder məhkəmədə verdiyi ifadələrdə bildirib: “Vüsal Şilderlə Tariyel Ağayevin qızı Lalə Ağayeva arasında münasibətləri olub. Cinayətin təşkilatçılarından biri kimi adı hallanan, hazırda Dubayda biznes fəaliyyəti ilə məşğul olduğu bildirilən Xəyal Əli-zadənin Tariyel Ağayevin kürəkəni olduğu deyilir. Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada Xəyal Əli-zadənin İnterpol xətti ilə axtarışa verildiyi və Birləşmiş Ərəb Əmirliklərində saxlanıldığı təsdiqlənib. Lakin görünən odur ki, Xəyal Əli-zadə nəinki Azərbaycana təhvil verilməyib, o, sərbəst şəkildə biznes fəaliyyəti ilə məşğul olub. Bunu təsdiqləyən faktın olduğu da bildirilir. Belə ki, jurnalistlər 2014-cü il avqustun 20-də Xəyal Əli-zadənin mobil telefonuna zəng edib. +971 50 949 59 49 nömrəli telefona cavab verən Xəyal Əli-zadənin həmin vaxt Avstraliyada olduğu məlum olub”.
Musavat.com vaxtilə bu ağır cinayət barədə yazırdı:
“Paytaxtın mərkəzində, Nərimanov rayonu ərazisində gənc Vüsal Şilderin amansızlıqla öldürülməsi faktı hüquq-mühafizə orqanlarını hərəkətə gətirib. İbtidai istintaq materiallarına və tərəflərin iddialarına əsasən, qətlin sifarişli və şəxsi münasibətlər zəminində törədildiyi ehtimal olunur”.
Cinayətin bilavasitə icraçıları Elman İsgəndərov və Seymur Talıbov sonrakı illərdə saxlanılaraq mühakimə olunublar. Məhkəmənin yekun hökmü ilə Elman İsgəndərov 15 il, Seymur Talıbov isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Lakin cinayətin təşkilində şübhəli bilinən Xəyal Əli-zadə ölkədən qaçdığı üçün barəsində beynəlxalq axtarış elan olunmuşdu. Baş Prokurorluğun İstintaq İdarəsində aparılan əlavə araşdırmalar nəticəsində Xəyal Əli-zadənin Birləşmiş Ərəb Əmirliklərində gizləndiyi müəyyən edilib:
“Azərbaycan Respublikasının Baş Prokurorluğunun vəsatəti və Ədliyyə Nazirliyinin göndərdiyi sorğu əsasında Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2026-cı il yanvarın 11-də Xəyal Əli-zadə tutularaq Azərbaycana ekstradisiya edilib”.
Bakıya gətirilən Xəyal Əli-zadəyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3 və 120.2.5-ci maddələri ilə — tamah məqsədilə qəsdən adam öldürmə cinayətini təşkil etmə ittihamı elan olunub və barəsində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaq tamamlanaraq prokuror tərəfindən təsdiqlənmiş ittiham aktı baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Beləliklə, 13 il əvvəl törədilən qətl işi üzrə istintaqın əsas təşkilatçılardan biri hesab etdiyi şəxs hakim qarşısına çıxarılır. Bu işin məhkəməyə göndərilməsi 13 il əvvəl törədilən ağır cinayətlə bağlı istintaqın yeni mərhələyə keçməsi deməkdir. İndi məhkəmə araşdırması zamanı Xəyal Əli-zadəyə qarşı irəli sürülmüş ittihamların hüquqi qiymətləndirilməsi həyata keçiriləcək.Musavat.com


























