“2021-ci ilin yekununda Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) dəyəri 50 milyard ABŞ dollarını keçəcəyini proqnozlaşdırırıq”.
Vətəninfo.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Bu ilin 11 ayının nəticələrinə görə, ÜDM-in artım tempi 5,3 %, o cümlədən qeyri-neft sektorunun artım tempi 6,4 % olub. Qeyri-neft məhsullarının ixracının artımına gəldikdə, hesabat dövründə bu rəqəm 44 % səviyyəsindədir və ilin sonuna qədər biz müvafiq dinamikanın qalacağını gözləyirik”, – deyə o, qeyd edib.
İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, 2022-ci ildə Azərbaycanın real ümumi daxili məhsulu 3,9 % artaraq 86,6 milyard manata çatacaq.
Eyni zamanda gələn il qeyri-neft ÜDM-in 4,9 %, neft ÜDM-in 1,8 % artması gözlənilir.
Qeyd edək ki, neft qiymətlərinin 50 ABŞ dolları/barel səviyyəsi nəzərdə tutularaq hazırlanmış makroiqtisadi proqnozlara əsasən, bu ilin sonunda Azərbaycanın ÜDM-si 5,1 %, qeyri-neft ÜDM-si 6 %, neft ÜDM-si 3,2 % artacaq.