Cari ilin iyul ayı ərzində azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində 1184 hektardan çox ərazi minalardan tam təmizlənib.
Müdafiə Nazirliyindən Vətəninfo.az-a verilən xəbərə görə, azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 39 min 721 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.
Məlumata görə, ümumilikdə 13 min 45 ədəd partlamamış hərbi sursat, 3 min 318 ədəd tank əleyhinə mina və 10 min 463 piyada əleyhinə mina aşkarlanaraq məhv edilib.
“İşğaldan azad edilmiş tarixi ərazilərimizdə sosial rifahın yenidən bərpa olunması, təhlükəsizliyin təmin edilməsi, o cümlədən, yol və infrastruktur işlərinin təşkilinin sürətləndirilməsinə yönəldilmiş mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq davam etdirilir”, – nazirlikdən bildirilib.